Məhkəmə qərarları › İş №e-2(075)-885/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-885/2023

25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-885/2023 25.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(075)-3684/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilən 110 manat alimentin məbləğinin artırılması, Cavabdeh 09 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan 09 oktyabr 2009-cu il tarixdə Aydan adlı övladları olmuşdur. Şəki Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(075)-3684/2018 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Həmçinin cavabdehdən hər ay sabit pul məbləğində 110 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən artıq xeyli müddət keçmiş və yaşayış minimumu aliment məbləğinə nisbətdə kifayət qədər artmışdır. Onun maddi vəziyyəti isə uşağın ehtiyaclarını qarşılamağa imkan vermir. Alimentin alınması ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və xx.xx.2023-cü il tarixdə MŞŞ/1/00341 saylı arayış əldə edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün X2 iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdehdən tutulacaq alimentin miqdarının artırılması qərarına gəlmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər. Lakin İddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 fevral 2010-cu il tarixli, AZ-İİ 418100 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 oktyabr 2009-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası X4r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(075)-3684/2018 saylı qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında 18 dekabr 2008-ci il tarixdə bağlanmış 566 nömrəli nikah pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 09 oktyabr 2009-cu il təvəllüdlü X1 anası X3 himayəsində saxlanılması, 09 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 110 manat məbləğində aliment tutularaq X5 verilməsi, aliment tutulmasının əvvəlinin 02 avqust 2018ci il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 fevral 2023-cü il tarixli, MŞŞ/1/00341 nömrəli X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 21 fevral 2023-cü il tarixində 09:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan X2 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh X2 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(075)-3684/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 09 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 09 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(075)-3684/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 09 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(075)-3684/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar