Məhkəmə qərarları › İş №e-2(075)-985/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-985/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-985/2024 13.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeht Ağası qızına qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeht Ağası qızına qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeht Ağası qızı xx.xx.1955-ci il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə isə vəfat etmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia ərizəsi verilərkən cavabdeh kimi göstərilmiş Cavabdeht Ağası qızı artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Halbuki Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı işdə prosessual hüquq varisliyinin həyata keçirilməsi mümkün deyildir. Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş Sədaqət Abdullayeva isə tərəf kimi qəbul edilə bilməz. Çünki o, iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırkı işdə tərəf statusunu əldə etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində göstərilən əsaslara görə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeht Ağası qızına qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar