Məhkəmə qərarları › İş №e-2(075)-989/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-989/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-989/2024 03.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şirinova Hicran Abdulla qızı və X3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 Qurban oğlunun vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 09 yanvar 2017-ci il tarixli, 3894-xx.xx.2017-SM62-PTS1 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 1246,92 manat əsas kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Mustafayev Abdulla Qurban oğlu arasında bağlanmış 09 yanvar 2017-ci il tarixli, 3894xx.xx.2017-SM62-PTS1 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 1400 manat məbləğində kredit verilmişdir. X7 Qurban oğlu 10 mart 2017-ci il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 13 noyabr 2023-cü il tarixli, 4441 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X8 Qurban oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh1 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 07 yanvar 2024-cü il tarixli maliyyə arayışa əsasən, Mustafayev Abdulla Qurban oğlunun vəfat etdiyi tarixə Banka ödənilməmiş 1246.92 manat əsas, 0 manat faiz olmaqla, cəmi 1246.92 (bir min iki yüz qırx altı manat 92 qəpik) manat kredit borcu qalmışdır. Cavabdeh X8 Qurban oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir Cavabdeh1 iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında göründüyü kimi, Mustafayev Abdulla Qurban oğluna kredit 09 yanvar 2017-ci il tarixli, 3894-xx.xx.2017-SM62-PTS1 №-li kredit müqaviləsi üzrə verilmiş və hazırda tələb olunan borc 1246.92 manat təşkil edir. Həmin kredit müqaviləsi 36 aylıq bağlanmış və müddəti 09 yanvar 2020-ci il tarixdə bitmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə əsasən xx.xx.2020-ci il tarixdən üç illik iddia müddətinin axımı başlamış və xx.xx.2023-cü ildə isə başa çatmışdır. İddiaçı tərəf isə xx.xx.2024-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Nəticədə iddiaçı tərəf iddia müddətinin axımının bitdiyi xx.xx.2023-ci il tarixdən iki ay iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən "xxxx" ASC-nin xeyrinə 09 yanvar 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Mustafayev Abdulla Qurban oğluna kredit vermiş və Mustafayev Abdulla Qurban oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Artıq xx.xx.2017-ci il tarixdən iddiaçı tərəfə şəxs öldüyündən borcun ödənilməyəcəyi aşkar idi və ölüm haqqında şəhadətnaməni də məhz bank məhkəməyə təqdim etmişdir. Beləliklə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci maddəsinin tələbinə görə iddiaçının vərəsələrdən ölmüş şəxsin borcunu tələb etmə hüququ onun öldüyü xx.xx.2017-ci il tarixdən başlamış və xx.xx.2022-ci il tarixədək davam etmişdir. Lakin iddiaçı tərəf hazırkı tələblə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Nəticə də iddiaçı tərəf tələbetmə hüququnun bitdiyi xx.xx.2022-ci il tarixdən tələb etmə hüququnun itdiyi müddəti iki il ötürməklə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı tərəfin ona qarşı iddianı irəli sürməsi üçün mirası qəbul etmə faktının təsdiq edilməsi lazım idi, lakin belə bir faktı sübut edəcək dəlil mövcud deyildir. Ona görə də belə bir iddia əsaslı hesab edilə bilməz. Odur ki, hazırlıq iclasının iştirakı olmadan keçirilməsini, iddiaçı "xxxx" ASC-nin ona qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə tələb etmə hüquqi ilə bağlı iddia müddətlərini tətbiq etməklə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, X8 Qurban oğlu ilə Bank arasında 09 yanvar 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti 09 yanvar 2020-ci il tarixdə başa çatmışdır. X8 Qurban oğlu 10 mart 2017-ci il tarixdə vəfat etmiş, 10 iyul 2023-cü il tarixədək ondan qalmış miras əmlak vərəsə tərəfindən rəsmi olaraq qəbul edilməmişdir. Cavabdeh1 10 iyul 2023-cü il tarixdə Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinə rəsmi ərizə təqdim edərək miras əmlakı vərəsə olaraq qəbul etmiş, bu barədə iddiaçı tərəfin 13 noyabr 2023-cü il tarixdə rəsmi məlumatı olmuş, daha sonra iddiaçı tərəf hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflərdən asılı olmayan səbəblərdən borcun qaytarılması və ya tələb olunması mümkün olmamış, iddia müddətinin axımı dayanmışdır. Cavabdeh 10 iyul 2023-cü il tarixdə mirası rəsmi qəbul etdikdən sonra iddia müddətinin axımı başlamışdır ki, iddiaçı tərəf iddia müddətini ötürməmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şirinova Hicran Abdulla qızı və X2 cavabdeh qismində işə cəlb edilməsi, həmçinin X8 Qurban oğlunun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şirinova Hicran Abdulla qızı və X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 09 yanvar 2017-ci il tarixli, 3894-xx.xx.2017-SM62-PTS1 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 1246,92 manat əsas kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şirinova Hicran Abdulla qızı və X6 məhkəmə tərəfindən iş üzrə əlavə cavabdeh qismində cəlb edilmişlər. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - İddiaçı "xxxx" ASC ilə Mustafayev Abdulla Qurban oğlu arasında bağlanmış 09 yanvar 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Mustafayev Abdulla Qurban oğluna 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 1400 manat məbləğində kredit verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, X5 09 yanvar 2017-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 1400 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. - Maliyyə arayışından görünür ki, Mustafayev Abdulla Qurban oğlunun 09 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1246,92 manat əsas borcu qalmışdır. - Miras passivin qaytarılmasına dair bank tərəfindən Cavabdeh1 banka ödənilməmiş 1246,92 manat əsas borcu və hesablanmış faiz, cərimə borcunun qaldığı, borc məbləğini 3 gün müddətə banka ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2017-ci il tarixli ölüm hqqında şəhadətnamədən görünür ki, Mustafayev Abdulla Qurban oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Mustafayev Abdulla Qurban oğlunun vərəsələri Cavabdeh4, Şirinova Hicran Abdulla qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X4r və hər biri şəki rayonu, Aşağı Göynük kəndi ünvanında yerləşən 1.1903 ha, 0.369 ha, 0.1775 ha və 1.549 ha torpaq sahəsinə hər biri 1/6 hissədə irs almalıdır. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 32,47 manat dövlət rüsumu və 0.40 manat bank xidmət ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinəəsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC ilə X8 Qurban oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən X8 Qurban oğluna 36 ay müddətinə illik 29% ödəmək şərtilə 1400 manat məbləğində kredit verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 Qurban oğlunun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şirinova Hicran Abdulla qızı və X6 hesab edilmiş və hər biri mirasdan 1/6 hissədə pay almışlar. Qanunvericiliyin tələbləri baxımından kredit müqaviləsi üzrə borclu vəfat etdiyindən onun kreditor qarşısındakı öhdəlikləri vərəsəsinə keçmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də borclu öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 1246.92 manat əsas borcu yaranmışdır. Göründüyü kimi Mülki Məcəllədə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqları nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. İddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2024-cü il tarixdə verildiyindən iddia müddətinin axımı da məhz həmin tarixdən hesablanmalıdır. Bu səbəbdən də iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilməməlidir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şirinova Hicran Abdulla qızı və X6 ndan 1246,92 (bir min iki yüz qırx altı manat, doxsan iki qəpik) manat əsas kredit borcu, ödənilmiş 32,47 (otuz iki manat qırx yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar