Məhkəmə qərarları › İş №e-2(076)-1026/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1026/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1026/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində borc məbləğinin və dövlət rüsumu olaraq ödənilmiş 55 (əlli beş) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmidşir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh onun həm qohumu, həm də yaxın qonşusudur. 2023-cü ilin noyabr-dekabr aylarında onunla şərik “Meyvəli” bazarına topdan xiyar vuracağı adı ilə ondan ümumilikdə 4500 manat almışdır. Məbləğin 2500 manatını nəğd almış, 2000 manatı isə qohumu Əlihüseyn adlı şəxsin bank kartına vurdurmuşdur. Bir müddət sonra göndərdiyi malın pulunu istədikdə pulun “Meyvəli” bazarındakı satıcılarda olduğunu, qısa müddətdə verəcəklərini bildirmişdir. Sonralar dəfələrlə Cavabdeh pulu geri tələb etsə də, müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. Cavabdeh onun etibarından sui-istifadə etmiş və onu yalan vədlərlə aldadaraq pulunu mənimsədiyindən, əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibi olmasının araşdırılması üçün Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Şəmkir RPŞ-nin təhqiqatçısı Nicat Əvəzlinin apardığı təhqiqat dövründə Cavabdeh göstərilən məbləği ondan aldığını etiraf etmiş, lakin pulu şərik mal vurub qazanc əldə etmək üçün yox, borc götürdüyünü bildirmişdir. Təhqiqatın aparıldığı müddətdə məbləğin 1000 (bir min) manatını ona qaytarmış, izahatında hər ay 1000 manat ödəyərək 3 aya borcu tam qaytaracağını bildirmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində borc məbləğinin və dövlət rüsumu olaraq ödənilmiş 55 (əlli beş) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmidşir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh 3500 manat məbləğində pulun və 55 manat rüsumunun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddianı etiraf edərək İddiaçı borc olaraq 3500 manat pul borcu olduğunu və tez bir zamanda qaytaracağını qeyd edərək iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. (ərizə mülki işə əlavə edilir) Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh izahatında müxtəlif vaxtlarda ümumilikdə qonşusu İddiaçı 4500 manat borc pul almış, borcundan 300 manat qaytarmasını və 4200 manat borcu olduğu bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, 510307*********1603 nömrəli kartdan 2000 manat məbləğində pul xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı ümumilikdə 4500 manat pulu borc kimi cavabdehə vermiş, tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmiş pul geri qaytarılmalı idi. Cavabdeh borc kimi aldığı puldan ödənişlər etmiş və onun 3500 manat borcu qalmaqdadır. Cavabdeh məhkəmə iclasında da iddia tələbində göstərilən məbləğdə iddiaçıya borcunun olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü ilin noyabr-dekabr aylarında tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 4500 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, cavabdeh etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2023-cü il tarixdə bağlanmış 4500 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə cavabdehin etiraf etməsi ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 4500 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin etiraf etməsi həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3500 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar