Məhkəmə qərarları › İş №e-2(076)-1066/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1066/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1066/2024 07.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 21 avqust 2023-cü il tarixli, 800805-776572/4 saylı kredit müqaviləsi üzrə cəmi 155.28 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh ilə aralarında bağlanmış 21 avqust 2023-cü il tarixli, 800805-776572/4 nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 25% dərəcəsi ilə 2100.00 (iki min yüz ) manat məbləğində kredit verilmişdir. 21 avqust 2023-cü il tarixli, 800805-776572/4 nömrəli qızıl girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində Cavabdeh məxsus 500 əyyarlı, 30.3 qram çəkidə 1 ədəd boyunbağı və 720 əyyarlı, 7.8 qram çəkidə 1 ədəd qolbağı bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozaraq, ümumiyyətlə ödəniş etməmişdir. Cvabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka borcunu ödəməmişdir, maddi imkanı olmadığı və qızılları sataraq əldə olunmuş vəsaiti ilə borcun ödənilməsini xahiş etmişdir. Borcalana xx.xx.2023-cü il tarixində girovda olan qızıl-zinət əşyalarının satılacağı barədə bildiriş ünvanlanmışdır. xx.xx.2023-cü il tarixdə girovda olan qızıl-zinət əşyaları 2153 manat (720 əyyar 1 qram 74 manat, 500 əyyar 1 qram= 52 manat) məbləğ dəyərində satılmışdır. Satışdan sonra xx.xx.2023-cü il tarixində borcalana satış barədə və qalıq borcun ödənilməsi barədə bildiriş ünvanlanıb və həmin tarixdə borcalanın kart hesabından 4.84 manat məbləğində vəsait kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən akseptsiz qaydada köçürülərək kredit borcuna ödənilmişdir. xx.xx.2023-cü il tarixdə qalıq 155.28 manat məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. 22 yanvar 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 155.28 manat faiz borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəməmiş və gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 26 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş 21 avqust 2023-cü il tarixli, 800805-776572/4 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 2100.00 (iki min yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcalan girovda olan qızıl-zinət əşyalarının satılacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcalan girovda olan qızıl-zinət əşyalarının satışı və qalıq borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 22 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 avqust 2023-cü il tarixli, 800805-776572/4 nömrəli kredit müqaviləsi üzrə cəmi 155.28 manat məbləğində faiz borcu vardır. İş materiallarından olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünürkü ki, banka olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə 21 avqust 2023-cü il tarixli, 800805-776572/4 saylı kredit müqaviləsi üzrə cəmi 155.28 manat borcun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış, 21 avqust 2023-cü il tarixli, 800805- 776572/4 saylı kredit müqaviləsi üzrə cəmi 155.28 manat borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar