Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-121/2025 01.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X12 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Cavabdeh: Cavabdeh və onun nümayədəsi (vəkil) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 77.656 manat maddi ziyan, 2.000 manat vəkil xidmət haqqı və 345 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80.000 manat məbləğində puuln alınması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun yaxın tanışıdır. Belə ki, o, uzun müddət həyat yoldaşının işçisi, eyni zamanda dostu olmuşdur. Onlar cavabdehin məsləhəti ilə Şəmkir rayonu, Xuluf kəndində kənd təsərrüfat təyinatlı torpaq sahəsi əldə etmişlər. Həmin torpaq sahəsi ilə bağlı paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan bir neçə ay sonra onlar ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin ½ hissəsini 107.000 manata satmış, əldə edilmiş pulu cavabdehlə paylı mülkiyyətlərində olan, Şəmkir rayonu, Xuluf kəndində yerləşən torpaq sahəsinə xərcləmişlər. Belə ki, torpaq sahəsinin 0.60 ha hissəsində istilikxana qurmuş, bir hissəsində meyvə ağacları, bir hissəsində isə yonca məhsulu əkmişlər. Eyni zamanda torpaq sahəsinin üzərində naves qurmuş, anbar binası, qazanxana, su anbarı və ofis binası tikmişlər. Bunun üçün bütün maliyyə xərclərini onlar ödəmişlər. 2019–cu il tarixdən istilikxana məhsul verməyə başlamışdır. Cavabdehin deməsinə görə onlar hər mövsüm istilikxanadan, yonca sahəsindən və meyvə bağından orta hesabla 25–30.000 manat qazanc əldə edəcəkdilər. Mütəxəssislərin və cavabdehin deməsinə görə istilikxana hər il 130.00 ton məhsul vermişdir. İstilikxanada 3 il pomidor, 3 il xiyar məhsulu əkilmişdir. Lakin bugünədək cavabdeh istilikxanadan onlara heç bir mənfəət verməmişdir. Əksinə, iş qurmaq adı ilə dəfələrlə onlardan pul almışdır. Sonradan cavabdehin onu aldatmasını, məhsuldarlığı ondan gizlətməsini görmüş, bu səbəbdən əraziyə nəzarət etmək üçün kameralar quraşdırmışdır. Bir müddət sonra cavabdeh həmin kameraları sökmüş və onun əraziyə daxil olmasına maneçilik yaratmışdır. Hazırda istilikxanada pomidor məhsulu əkilmiş, yüksək səviyyədə məhsuldarlıq var, lakin cavabdeh onun əraziyə girişinə və nəzarətinə icazə verməmiş, bununla da ona maddi ziyan vurmuşdur. Hesab edir ki, cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurduğu ziyanı tam şəkildə qaytarmalıdır. Cavabdehin ona vurduğu ziyanı 80.000 manat qiymətləndirmişdir. Belə ki, həmin ziyana istilikxanada becərilmiş pomidor və xiyar məhsulundan əldə edilmiş məhsulun qazancı, yonca sahəsindən və meyvə bağından əldə edilmiş qazanc olmaqla, cəmi 77.656 manat gəlir, eyni zamanda 2.000 manat vəkil xidmət haqqı və 345 manat dövlət rüsumu daxildir. Ona dəymiş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, cavabdeh ona qarşı qanunsuz hərəkət etməsəydi o, maddi ziyana məruz qalmazdı. Odur ki, cavabdehdən 77.656 manat maddi ziyan, 2.000 manat vəkil xidmət haqqı və 345 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80.000 manat məbləğində pulun alınması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Lakin onun əri Şahin Sultanovla yaxın münasibətləri olmuşdur. Belə ki, Şahin onun keçmiş komandanı olmuş, hazırda ehtiyatda olan zabitdir. Hərbidən əlavə Şahinlə 20 illik yoldaşlığı olmuşdur. Təxminən 2019–cu il tarixdə Şahin ona iş qurmaq, şərikli əkin əkmək təklif etmişdir. O, isə həmin vaxt Şahinə yaxşılıq etmək üçün paylı mülkiyyətində olan və Şəmkir rayonu, Xuluf kəndində yerləşən 2.4424 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1.0 ha hissəsini ona vermişdir. Belə ki, torpaq sahəsini Şahinin özü əkməsi üçün vermişdir. Şahin də həmin vaxt torpaq sahəsini yoldaşının adına keçirməyi təklif etmiş, o da razılaşmışdır. Bundan sonra həmin torpaq sahəsinin 1.0 ha hissəsini pulsuz Şahin Sultanovun həyat yoldaşının adına keçirmiş və adlarına Çıxarış verilmişdir. Lakin sonradan pandemiya və müharibə dövrü olmuş, bu səbəbdən Şahin torpaq sahəsindən istifadə etməmişdir. Həmçinin, qeyd edir ki, torpaq sahəsində 2018–ci il tarixdən özünün 56 sot hissədə quraşdırdığı istilikxanası vardır və ondan təyinatına uyğun istifadə etmişdir. Həmin istilikxana qurulan zaman o, torpaq sahəsini hələ iddiaçının adına keçirməmişdir. 2022–ci il tarixdə Şahin yenidən ona müraciət edərək evini satacağını və pul əldə edəcəyini bildirərək şərikli iş qurmağı təklif etmişdir. Həmin vaxt ona məxsus istilikxanada iş qurmaq barədə Şahinlə razılaşmışlar. Bundan sonra Şahinin vəsaiti hesabına 2022–ci ilin iyun ayında parnikdə qazanxana qurulmuşdur. Həmin qazanxana 70 kv.m hissədə qurulmuş, Şahin isə onun qurulmasına təxminən 6–7 min manat pul xərcləmiş, həmçinin generator almışdır. Eləcə də, Şahin su motorlarını, şiti, 1 ədəd 60 tonluq və 1 ədəd 28 tonluq yağ çənlərini almışdır. Həmçinin, ərazidə quraşdırılmış kamera sistemini də Şahin Sultanov almışdır. Zəruri olan digər materiallar isə onun tərəfindən alınmışdır. 2022–ci il tarixdə istilikxana tam şəkildə quraşdırılmış və xx.xx.2023–cü il tarixdən fəaliyyətə başlamışdır. İstilikxanada həmin vaxt pomidor məhsulu əkilmiş və məhsuldarlıq yaxşı olmuşdur. Ümumiyyətlə istilikxanadan il ərzində 30.000–35.000 manat gəlir əldə etmişlər. Əldə etdikləri gəlirin tən yarısını Şahinə göndərmişdir. Bəzən Şahinin şəxsən özünə, bəzən kartına, bəzən də oğlu Əşrəf Sultanovun kartına göndərmişdir ki, bununla bağlı ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. 2024–cü il tarixdə istilikxanada xiyar məhsulu əkmişlər, lakin qiymət ucuz olduğu üçün gəlir əldə edə bilməmişlər. 2024–cü il tarixdə yenidən pomidor məhsulu əkmişlər, lakin məhsulun yetişmə zamanı Şahinlə aralarında narazılıq olmuşdur. Belə ki, Şahin məhsulun becərilməsinə müdaxilə etmiş, lazımi dərmanların istifadəsinə razılıq verməmişdir. Bundan sonra Şahinin təkidi ilə məhsula süd vurulmuş, lakin məhsulda xəstəlik yaranmışdır. Bu səbəbdən də narazılıqları olmuş, Şahinə vermiş olduğu 1.0 ha torpaq sahəsini geri qaytarmağı, aldığı avadanlıqları isə aparmağı təklif etmişdir. Şahin birinci avadanlığı aparacağını, sonra torpaq sahəsini qaytaracağını bildirmişdir. Bundan sonra Şahin aldığı bütün avadanlığı sökərək kənd camaatına satmışdır. Avadanlıq satıldıqdan sonra Şahinə yenidən müraciət edərək, 1.0 ha torpaq sahəsini tələb etmiş, sonuncu isə bir həftə ərzində qaytaracağına söz vermişdir. Həmin vaxtdan bir müddət sonra isə onun ünvanına məhkəmə bildirişi gəlmiş və məlum olmuşdur ki, onu məhkəməyə vermişlər. Hazırda ona qarşı qaldırılmış iddianı qəbul etmir. Belə ki, onun tərəfindən iddiaçıya heç bir maddi ziyan vurulmamışdır. Əksinə o, iddiaçının əri ilə yaxşı münasibətdə olduğu üçün mülkiyyətində olan torpaq sahəsinin 1.0 hissəsini təmənnasız şəkildə iddiaçının adına keçirmiş, eləcə də, Şahin Sultanovla iş qurduqları müddətdə, yəni istilikxanada qazanxana qurulandan sonrakı müddətdə əldə edilmiş qazancını yarısını Şahinə göndərmişdir. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Əlavə olaraq qeyd edir ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən kənd təsərrüfat təyinatlı torpaq sahəsi 2.4424 ha–dır, onun yalnız 1.0 ha hissəsi iddiaçının adınadır. Digər hissələrdə isə o, meyvə bağı salmış, yonca məhsulu əkmişdir. Həmin meyvə ağaclarının və yonca məhsulunun iddiaçıya heç bir aidiyyəti olmamış, həmin məhsul onun tərəfindən əkilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Həmçinin, cavabdeh məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, isitilikxanada qazanxana qurulmamışdan əvvəl açıq (soyuq) parnikdən istifadə etmiş, 2022–ci ilin iyun ayında Şahin tərəfindən qazanxana qurulandan sonra isti parnikdən istifadə etmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayədəsi (vəkil) Nümayəndə2 Cavabdehlə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə1 və üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Cavabdeh tanıyır, belə ki, əvvəllər ona pomidor şitili satmışdır. Seymurun özünə məxsus istilikxanası vardır, orada lap əvvəldən qazanxana olmamışdır. Təxminən 2023–cü il tarixdə istilikxanada qazanxana qurulmuşdur ki, həmin qazanxananın Seymur tərəfindən qurulmasını bilmişdir. Həmçinin, ərazidə kamera sistemi də mövcud olmuşdur. Ümumiyyətlə 2023–2024–cü illər ərzində istilikxananın bütün zəruri avadanlıqları mövcud olmuşdur. Hazırda həmin avadanlıqların qalıb– qalmaması barədə məlumatı yoxdur. Həmin istilikxanadan Seymur soyuq parnik kimi istifadə etmiş və 2022–ci ildə ondan pomidor şitili almışdır. 2023– cü ilin yanvar ayında isə Seymura 1 ədəd şitilin dəyəri 40–50 qəpik olmaqla, cəmi 16.000 şitil satmışdır. Məhsul yetişəndən sonra isə Seymur onun pulunu vermişdir. Lakin məhsuldarlığın nə qədər olmasını bilməmişdir. Eləcə də, 2024–cü il tarixdə də Seymura şitil və istilik üçün yağ satmışdır. Onların pulun da Seymur ödəmişdir. O, istilikxanada yalnız Seymuru görmüş, başqa adam tanımamışdır. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Seymur onun həmkəndlisi olmaqla, həm də qonşusudur, onu uzun müddətdir ki, tanıyır. 5–6 il olar ki, Seymur öz istilikxanasında əkin işləri ilə məşğuldur. Seymur əvvəllər istilikxananın istiliyi üçün mazutdan istifadə etsə də, 2022–ci ildə qazanxana quraşdırılmışdır. Əvvəllər məhsulu yay mövsümündə çıxarsa da, qazanxana quraşdırılandan sonra qış mövsümündə də məhsul yetişdirməyə başlamışdır. Seymurun şərikinin olması barədə məlumatı olmamışdır. O, özü də həmin istilikxanada 2022–ci ildən fəhlə işləmiş, məhsullara dərman vurmuşdur. İstilikxana quraşdırılmış sahənin bir hissəsində yonca sahəsi, bir hissəsində meyvə bağı salınmışdır. Onun gördüyü bütün işlərini pulunu Seymur vermişdir, lakin son bir ildir ki, Seymurun istilikxanasında işləmir. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, təxminən 5–6 ildir ki, Cavabdeh məxsus istilikxanada fəhlə kimi işləyir. Həmin istilikxana 56 sot ərazini əhatə edir. O, istilikxanada işə başladığı müddətdən orada qazanxana olmuş, 2019–cu ildən məhsul əkilir. Belə ki, 2019–cu ilin yanvar ayında məhsul əkilmiş, mart ayında isə yığılmışdır. İradənin və Şahinin adını eşitsə də, onların Seymurun şəriki olmasından məlumatı olmamışdır. Onun zəhmət haqqını Seymur vermişdir. Həmçinin, pandemiya dövründə də istilikxananın fəaliyyəti normal qaydada davam etmişdir. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 2013–cü il tarixdən Cavabdeh tanıyır, belə ki, 6–7 ildir onun istilikxanasında fəhlə kimi işləyir. O, işlədiyi ilk gündən istilikxanada istilik mövcud olmuş, əkin əkilmiş və məhsuldarlıq olmuşdur. Belə ki, dekabr–yanvar aylarında məhsul əkilmiş, mart–aprel aylarında isə məhsul yığılmışdır. O, işlədiyi müddətdə istilikxananın içərisi isti olmuş, lakin istilikxananın nə ilə isindiyini bilməmişdir. Onun pulunu hər zaman Seymur vermiş, o, İradəni və Şahini tanımamışdır. Həmçinin, pandemiya dövründə istilikxanada rahat işləmişlər. Məhkəmə cavabdeh tərəfin izahatını, şahid ifadələrini, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019–cu il tarixli daşınmaz əmlakın alqı–satqı müqaviləsindən görünür ki, satıcı Alıyev X5 rayonu, Xuluf kəndində yerləşən 1 ha torpaq sahəsini 4.000 (dörd min) manata alıcı İddiaçı satmışdır. İşdə olan xx.xx.2019–cu il tarixli, **********46 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Xuluf kəndində 2.4424 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1.0 ha hissəsi İddiaçı, 0.628267 ha hissəsi Cavabdeh, 0.407067 ha hissəsi X4, 0.407067 ha hissəsi X2 paylı mülkiyyətindədir. İşdə olan hüquqi yardımın göstərilməsi haqqında 317 nömrəli xx.xx.2024–cü il tarixli müqavilədən və ona əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı müqavilə üzrə vəkil Nümayəndə1 2.000 (iki min) manat ödəniş etmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023–cü il tarixdə Şahin Sultanovun hesabına 7.725 manat, xx.xx.2023–cü il tarixdə Şahin Sultanovun hesabına 2.500 manat, xx.xx.2023–cü il tarixdə Şahin Sultanovun hesabına 1.350 manat, xx.xx.2023–cü il tarixdə Əşrəf Sultanovun hesabına 20 manat, 4.750 ABŞ dolları, 50 ABŞ dolları, xx.xx.2023–cü il tarixdə Əşrəf Sultanovun hesabına 2.767 manat pul ödənilmişdir. İşdə olan və Cavabdeha məxsus plastik kart hesabından çıxarışdan görünür ki, müxtəlif tarixlərdə Şahin Sultanovun hesabına 7.725 manat, 2.500 manat, 1.350 manat, 4.541 manat, Əşrəf Sultanovun hesabına 20 manat, 4.750 ABŞ dolları, 50 ABŞ dolları və 2.767 manat pul ödənilmişdir. İşdə olan Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2024–cü il tarixli 44 nömrəli arayışından görünür ki, Şəmkir rayonu, Xuluf kəndi ərazisində 2.44 hektar torpaq sahəsində 2018–ci il tarixdə Cavabdeh 0,56 ha istilikxana qurmuşdur. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025–ci il tarixli 2(009)–180/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı iddia qaldıraraq, ondan 24.600 manat pulun alınıb ona verilməsini, eləcə də X7 qarşılqılı iddia ərizəsi verərək Cavabdeh 19.941 manat pulun alınıb ona verilməsini xahiş etmiş, ilkin və qarşılıqlı iddia təmin edilməmişdir. İşdə olan X18 İnkişaf Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024–cü il tarixli məktubunda qeyd olunmuşdur ki, məhkəmə qərardadının icrası ilə bağlı Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən Cavabdeh paylı mülkiyyətində ümumi sahəsi 2.4424 hektar olan ərazidə yerində müşahidə zəruriyyəti yaranmış və qeyd olunan sahəyə baxış keçirilən zaman Cavabdeh yoxlama aparılmasına etiraz etmişdir. Vətəndaşın razılığı olmadığı üçün X18 İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən həmin sahəyə baxış keçirilməsi mümkün olmamışdır. İşdə olan məhkəmə–bioloji və məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2024–cü il tarixli 3–16–16/2–7/1482–9/7339 nömrəli rəyə əsasən; “tədqiqata təqdim edilmiş Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilməklə – Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən 0,60 ha istilikxanada bir təsərrüfat ilində (bir mövsümdə) ildə bir dəfə cərgəarası məsafə 0,7 metr, cərgədaxili məsafə 0,3 metr sxemində əkilməklə (70 sm x 30 sm) həmin sahədə 28571 bitki şitili (pomidor və ya xiyar) yetişdirməklə bir təsərrüfat ilinin bir mövsümünün birinci dərimində 1 ədəd pomidor bitkisindən 2 kq, 1 ədəd xiyar bitkisindən 1 kq məhsul əldə etmək mümkündür. – Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0,50 ha torpaq sahəsində şaftalı ağacından olan meyvə bağı salınardısa cərgəarası məsafə 5 metr, cərgədaxili məsafə 4 metr sxemində (5m x 4m), 1 ədəd şaftalı ağacının orta məhsuldarlığı iəa 22 kq təşkil etməklə 250 ədəd şaftalı ağacı yerləşə bilər. – Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 50 ha torpaq sahəsində ərik ağacından meyvə bağı salınardısa, cərgəarası məsafə 5 metr, cərgədaxili məsafə 3 metr sxemində (5m x 3m), 1 ədəd ərik ağacının orta məhsuldarlığı 20–30 kq təşkil etməklə 333 ədəd ərik ağacı yerləşə bilər. – Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0,50 ha torpaq sahəsində alça ağacından olan meyvə bağı salınardısa, cərgəarası məsafə 4 metr, cərgədaxili məsafə 4 metr sxemində (4m x 4m), 1 ədəd alça ağacının orta məhsuldarlığı 15–20 kq təşkil etməklə 312 ədəd alça ağacı yerləşə bilər. – Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0,50 ha torpaq sahəsində düzgün aqrotexniki qulluq edildikdə yonca əkilmiş sahədən 95–100 kip alınması mümkündür (hər kipin orta kütləsi 16–20 kq təşkil etməklə). İş materialında olan məlumatlardan və rəyin məhkəmə–bioloji tədqiqat hissəsində göstərilənlərdən istifadə edilməklə Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan meyvə, tərəvəz və yonca bağlamalarının (kip) 2024–cü ilin oktyabr–noyabr aylarına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: – 0,60 ha istilikxanada 28571 ədəd bitkinin (pomidor bitkisi olduğu halda) bir təsərrüfat ilinin bir mövsümünün birinci dərimində 1 ədəd bitkidən məhsuldarlığı 2 kq olan pomidor bitkisinin – 142855,00 manat (57142 kq x 2,50 manat (28571 ədəd x 2 kq)); – 0,60 ha istilikxanada 28571 ədəd bitkinin (xiyar bitkisi olduğu halda) bir təsərrüfat ilinin bir mövsümünün birinci dərimində 1 ədəd bitkidən məhsuldarlığı 1 kq olan xiyar bitkisinin–85427,29 manat (28571 kq x 2,99 manat (28571 ədəd x 1 kq)); – 0,50 ha torpaq sahəsində yetişdirilən 250 ədəd şaftalı ağacının hər birinin bir illik məhsuldarlığı 22,00 kq olan şaftalı – 8250,00 manat (5500,00 kq x 1,50 manat (250 ədəd x 22,00 kq)); – 0,50 ha torpaq sahəsində yetişdirilən 333 ədəd ərik ağacının hər birinin bir illik məhsuldarlığı 25,0 kq (20–30 kq) olan ərik – 20812,5 manat (8325,00 kq x 2,50 manat (333 ədəd x 25,0 kq)); – 0,50 ha torpaq sahəsində yetişdirilən 312 ədəd alça ağacının hər birinin bir illik məhsuldarlığı 18,0 kq (16–20 kq) olan alçanın –8424,00 manat (5616,00 kq x 1,50 manat (312 ədəd x 18,00 kq)); – 0,50 ha torpaq sahəsində yetişdirilən bir illik məhsuldarlığı 97,50 bağlama (kip) (95– 100 kip) olan yoncanın – 614,25 manat (97,50 bağlama (kip) x 6,30 manat). Mövsümdən və bazarlarda olan tələb və təklifdən asılı olaraq qiymətlərdə dəyişiklər ola bilər. İş materialında və rəyin məhkəmə–bioloji tədqiqat hissəsində göstərilən Şəmkir rayonu, Xuluf kəndi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan meyvə, tərəvəz və yonca bağlamaları barədə (kip) 2019–2023–cü illər üzrə yerli internet saytlarında satış elanları olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı ilə cavabdeh əvvəllər eyni dövlət qurumunda çalışmış və dostluq münasibətləri yaranmışdır. Sonradan ailəliklə birgə biznes qurmaq qərarına gəlmişlər. 2019–2024–cü illərdə Şəmkir rayonu, Xuluf kəndində yerləşən və iş materialında olan xx.xx.2019–cu il tarixli, **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan torpaq sahəsində əkin əkmişlər. 2019– 2024–cü illərdə əkin sahəsindən məhsul toplamışlar. İddia tələbinin əsası ondan ibarət olmuşdur ki, 2019–2024–cü illərdə istilikxana məhsul vermiş, lakin məhsulun qazancından cavabdeh iddiaçıya heç nə verməmiş, odur ki, payına düşən 77.656 manat gəliri tələb edir. Cavabdeh istilikxananın xx.xx.2023–cü il tarixdən fəaliyyətə başladığını, istilikxanadan il ərzində 30.000–35.000 manat gəlir əldə etdiklərini və əldə etdikləri gəlirin tən yarısını bəzən Şahinin şəxsən özünə, bəzən kartına, bəzən də oğlu Əşrəf Sultanovun kartına göndərdiyini bildirmişdir. Lakin iddiaçı tərəf cavabdehin iş qurmaq adı ilə dəfələrlə onlardan pul almasını, sonradan cavabdehin onu aldatmasını, məhsuldarlığı ondan gizlətməsini, nəticədə onun əraziyə daxil olmasına maneçilik yaratmasını, bununla da cavabdeh tərəfindən ona maddi ziyan vurmasını iddia etmiş, cavabdeh tərəf isə həmin halı qəbul etməmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə, ilk öncə məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, mübahisə barədə dəqiq ifadələr vermişlər. Şahidlərdən məhz mübahisə predmeti olan istilikxanada 2019–cu ildən hazırki vaxtadək fəhlə kimi işləyən Rasimə Abdullayeva və Günəş Babayeva işlədikləri ilk gündən istilikxanada qazanxana olmasını, istilikxananın istilik sistemi ilə təchiz edilməsini, həm isti, həm soyuq məhsul becərilməsini konkret olaraq göstərmişlər. Eləcə də, hər iki şahid qeyd edilən halın sübutu kimi hər il dekabr–yanvar aylarında məhsulun əkilməsini, mart–aprel aylarında isə məhsulun yığılmasını bildirmişlər. Həmçinin, cavabdeh məhkəmə iclası zamanı sualları cavablandırarkən isitilikxanada qazanxana qurulmamışdan əvvəl açıq (soyuq) parnikdən istifadə etməsini, 2022–ci ilin iyun ayında Şahin tərəfindən qazanxana qurulandan sonra isti parnikdən istifadə etməsini bildirsə də, şahidlər öz ifadələri ilə həmin halı təkzib etmiş, ilk gündən istilikxananın istilik sistemi ilə təchiz edilməsini bildirmişlər. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, cavabdeh tərəf iddiaçının əri Şahinin vəsaiti hesabına 2022–ci ilin iyun ayında parnikdə qazanxana qurulmasını bildirsə də, məhz özünün təqdim etdiyi şahidlər həmin qazanxananın 2019–cu il tarixdən fəaliyyət göstərməsini bildirmiş, bununla da cavabdehin həmin izahatı öz təsdiqini tapmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının əri ilə cavabdeh 2019–cu il tarixdən şərikli iş qurmuşlar. Mübahisəli torpaq sahəsinin 1.0 ha–nın da xx.xx.2019–cu il tarixdə iddiaçının adına qeydiyyata alınması həmin halı öz–özlüyündə bir daha sübut edir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin 2019– cu ildən etibarən iş birliyi yaranmış, 2024–cü ilin əvvəlinə kimi davam etmişdir. Həmin tarixdən sonra isə tərəflər arasına narazılıq yaranmış və iş birliyi sona çatmışdır. Göründüyü kimi, cavabdehin şahidləri öz ifadələri ilə istixananın 2023–cü ildən fəaliyyətə başladığını təkzib etmiş, istilikxananın ilk gündən istilik sistemi ilə təchiz edildiyini, 2019–cu ildən məhsul əkilib–yığıldığını bildirmişlər. Məhkəmə, həmin şahid ifadələrini sübut növü kimi qəbul edilməsini əsaslı hesab edir və mübahisənin düzgün həlli zamanı nəzərə alır. Belə ki, qeyd olunan şahidlərin ifadələri ilə 2019–2024–cü illərdə əkin sahəsindən məhsul toplandığı sübuta yetirilmişdir. Eləcə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsində cavabdeh iddiaçının əri Şahin Sultanova qarşı başqa tələb üzrə iddia qaldırarkən iddiaçının əri də cavabdehə qarşı qarşılıqlı iddia ərizəsi təqdim etmiş və həmin ərizəsində də cavabdehlə birlikdə iş qurmalarını və 2019–cu ildən istilikxananın məhsul verməsini, lakin cavabdehin əldə edilmiş qazancdan ona pul verməməsini, bu səbəbdən İddiaçı Şəmkir Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldırmasını qeyd etmişdir. Cavabdeh isə verdiyi izahatında Şahin Sultanov və İradə Sultanovla birlikdə istilikxana becərmələrini, lakin 2024–cü ilin əvvəllərində aralarında narazılıq olmasını, bununla belə 2023–2024–cü illər ərzində Şahin Sultanovun və onun oğlu Əşrəf Sultanovun kartına istilikxanadan əldə edilmiş gəlirin pulunu göndərməsini bildirmişdir. İddiaçı hazırkı iş üzrə iddia ərizəsində, eləcə də, Şahin Sultanov Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılan 2(009)–180/2025 nömrəli iş üzrə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində çəkilmiş xərclər çıxıldıqdan sonra istixanadan il ərzində 25–30 min manat gəlir olduğuna əsaslanmış, cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində və izahatında istilikxanadan 2023–2024– cü illərdə il ərzində 30.000–35.000 manat gəlir əldə etdiklərini göstərmişdir. Bu baxımdan, məhkəmə, illik gəlirin orta hesabla 25.000 manat olduğunu daha məqsədə müvafiq hesab edir və mübahisənin həlli zamanı nəzərə alır. Bu minvalla 6 il ərzində 125.000 (25000x5=125000) manat gəlir əldə edilməsi diqqətdə saxlanılarsa, tərəflərin payına ayrı–ayrılıqda 62.500 (125.000:2=62.500) manat gəlir düşməsi müəyyən edilir. Tərəflərin iş birliyi davam etdiyi müddətdə cavabdeh əldə edilmiş gəlirdən müxtəlif vaxtlarda 7.725 manat, 2.500 manat, 1.350 manat, 4.541 manat, 20 manat, 4.750 ABŞ dolları (8.063,12 AZN), 50 ABŞ dolları (84,88 AZN) və 2.767 manat məbləğində olmaqla, cəmi 27.051 manat pulu cavabdehin hesabına ödəmişdir. Həmin hal iş materiallarında olan ödəniş qəbzləri və hesabdan çıxarışla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ümumi gəlirdən cavabdehin payına düşən 62.500 manat məbləğində pulun 27.051 manatı cavabdeh tərəfindən iddiaçıya (ərinin və oğlunun bank kartlarına) ödənilmişdir. Qalan 35.449 (62.500–27.051=35.449) manat isə iddiaçı tərəfə ödənilməmişdir. Bununla da iddiaçı tərəf maddi ziyana məruz qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində, yəni istilikxanadan əldə edilmiş gəlirin iddiaçının payına düşən hissəsinin tam ödənilməməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği 35.449 manat olmuşdur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. İddiaçı cavabdeh tərəfindən 77.656 manat məbləğində maddi ziyana məruz qalmasını iddia etsə də, həmin halı təsdiq edəcək mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1–ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən dəymiş ziyana görə 35.449 (otuz beş min dörd yüz qırx doqquz) manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddianın “2.000 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 hesabına 2.000 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 500 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun 150 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0–115.0.1 və 115.0.6–cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə– əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 130 manat məhkəmə xərci bərabər qaydada hər iki tərəfdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 35.449 (otuz beş min dörd yüz qırx doqquz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu və 500 (beş yüz) manat vəkil xidmət haqqı olmaqla, cəmi 650 (altı yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat məhkəmə xərcinin 65 (altmış beş) manatı İddiaçı, 65 (altmış beş) manatı Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №e-2(076)-121/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-121/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver