Məhkəmə qərarları › İş №e-2(076)-1477/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1477/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1477/2024 29.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı MM QBKT–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 19 oktyabr 2022–ci il tarixli **********3262 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 4.519,48 manat əsas kredit borcu, 597,67 manat faiz borcu olmaqla, cəmi 5.117,15 manat məbləğində pulun və ödənilmiş 71,18 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı təşkilata verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2022–ci il tarixli **********3262 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 26 % ödəmək şərtilə ailə–kəndli təsərrüfatının yaradılması və (ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 6.300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 zamin durmuş, əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəyi haqda zəmanət vermişdir. Zaminlə ayrıca müqavilə bağlanmış və o, yazılı şəkildə öhdəlik götürmüşdür. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin 4.519,48 manat əsas kredit borcu, 597,67 manat faiz borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, 19 oktyabr 2022–ci il tarixli **********3262 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 4.519,48 manat əsas kredit borcu, 597,67 manat faiz borcu olmaqla, cəmi 5.117,15 manat məbləğində pulun və ödənilmiş 71,18 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı MM QBKT–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, həqiqətən 19 oktyabr 2022–ci il tarixli **********3262 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 26 % ödəmək şərtilə 6.300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi o, zamin durmuşdur. Lakin maddi imkanı olmadığından cavabdeh borcunu ödəyə bilməmişdir. Hazırda iddiaçı təşkilata olan borcu ödəməkdən boyun qaçırmırlar və borcu ödəməli olmalarını bilir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir . İddiaçı MM QBKT–yə və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2022–ci il tarixli **********3262 nömrəli kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən cavabdehə ailə–kəndli təsərrüfatının yaradılması və (ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 24 ay müddətinə illik 26 % ödəmək şərtilə 6.300 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh kreditin əsas məbləğini və faizləri xx.xx.2022–xx.xx.2024–cü illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 19 oktyabr 2022–ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2022–ci il tarixli **********3262 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 19 oktyabr 2022–ci il tarixli **********3262 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024–cü il tarixə təşkilata olan əsas kredit borcu 4.519,48 manat, faiz borcu 597,67 manat olmaqla, cəmi borcu 5.117,15 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 19 oktyabr 2022–ci il tarixli **********3262 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə ailə– kəndli təsərrüfatının yaradılması və (ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 24 ay müddətinə illik 26 % ödəmək şərtilə 6.300 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 4.519,48 manat əsas borcu və 597,67 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmşidir ki, borclu zaminliklə təmin edilmşi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, 19 oktyabr 2022–ci il tarixli **********3262 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas kredit borcu üzrə 4.519,48 manat, faiz borcu üzrə 597,67 manat olmaqla, cəmi 5.117,15 manat məbləğində pul və 71,18 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı MM QBKT–yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2022–ci il tarixli **********3262 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas kredit borcu üzrə 4.519,48 manat, faiz borcu üzrə 597,67 manat olmaqla, cəmi 5.117,15 (beş min yüz on yeddi manat on beş qəpik) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı MM QBKT–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 71,18 (yetmiş bir manat on səkkiz qəpik) manat pul müştərək qaydada alınıb İddiaçı MM QBKT–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar