Məhkəmə qərarları › İş №e-2(076)-1510/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1510/2025

30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1510/2025 30.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia qaldıraraq, Cavabdeh hesabından onun nəfinə 15.700 (on beş min yeddi yüz) manat pulun, 50.000 (əlli min) ABŞ dolları pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına uyğun məzənnəsinin və 2.700.000 (iki milyon yeddi yüz min) rus rubulu pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına uyğun məzənnəsinin, 437 (dörd yüz otuz yeddi) manat dövlət rüsumunun, 1000 manat vəkil xidmət haqqının, 17 manat etibarnamayə görə ödəmiş olduğu dövlət rüsumunun ümumilikdə 147.720 (yüz qırx yeddi min yeddi yüz iyirmi) manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yaşayır. Cavabdeh və onun ailə üzvüləri onun yaxın tanışı olmuşdur. Bu səbəbdən də onların yaxın münasibətləri yaranmışdır. Cavabdehin atası ilə dostluq münasibətləri vardır. Cavabdeh Şəmkir şəhərində 20 yanvar küçəsində pul dəyişmə ilə məşğul olurdu. Ondan tez-tez pul götürürdü və tez bir zamanda da qaytarırdı. 2018-ci ildə cavabdeh ondan 15.700 (on beş min yeddi yüz) manat, 50.000 (əlli min) ABŞ dolları, 2.700.000 (iki milyon yeddi yüz min) Rus rubulu borca pul götürmüşdür. Danışığa görə, qısa bir zamanda borcunu qaytaracaqdı. Aradan bir neçə ay keçəndən sonra o bir neçə dəfə cavabdehdən xahiş etdi ki, ona olan pul borcunu qaytarsın. Hər dəfə cavabdeh borcunu qaytaracağına dair ona vədlər versə də, bu günə kimi o, ona olan borcunu qaytarmayıb. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh ondan borc alanda biznes qurmaq istədiyini, lakin kifayət qədər vəsaiti olmadığını bildirmişdir. Cavabdehlə yaxın olduqları üçün ona köməklik etmək məqsədi ilə cavabdehə borca pul vermişdir, həmin pulu 4-5 ay ərzində qaytaracağını bildirmişdir, lakin iki üç ay sonradan bilmişdir ki, Turalın çox adama borcu vardır, həmin vaxtı dəfələrlə Turalın evinə getmiş, oğlunu göndərmiş, lakin Tural indiyə qədər borcundan heç bir məbləğdə pul qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahat verərək göstərdi ki, cavabdeh və onun ailə üzvləri iddiaçının yaxın tanışı olmuşdur. Bu səbəbdən də onların yaxın münasibətləri yaranmışdır. İddiaçının cavabdehin atası ilə dostluq münasibətləri vardır. Cavabdeh 2018 ci ildə iddiaçıdan 15.700 (on beş min yeddi yüz) manat, 50.000 (əlli min) ABŞ dolları, 2.700.000 (iki milyon yeddi yüz min) Rus rublu borca pul götürmüşdür. Danışığa görə, cavabdeh borcunu 4-5 ilə qaytaracaqdı. Aradan bir neçə ay keçəndən sonra iddiaçı bir neçə dəfə cavabdehdən xahiş etdi ki, ona olan pul borcunu qaytarsın. Hər dəfə cavabdeh borcunu qaytaracağına dair ona vədlər versə də, bu günə kimi o, iddiaçıya olan borcunu qaytarmamışdır. Hazırda cavabdeh Bakı şəhərinə köçmüşdür. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, iddiaçı onun atasıdır. 2018-ci ildə onun atası cavabdehə borc vermişdir. Onun əmisinin il mərasimində atası cavabdeh, Tural adlı şəxsə borca pul vermişdir. Tural isə həmin pulu 4-5 aya qaytarmağı vəd etmişdir. Təxmini 10 gündən sonra onlar eşitmişlər ki, cavabdehin həmin kənddə bir neçə adama borcu vardır. Onlar cavabdehin evinə getmiş və pulun qaytarılmasını tələb etmişlər. Lakin cavabdeh onların pullarını qaytarmamışdır.Cavabdeh bir neçə gündən sonra borclarını qaytarmamaq üçün Bakı şəhərinə qaçmışdır. Cavabdehin atası və anası onlara həmin pulun qaytaracaqlarını bildirmişlər. Sonradan atasının səhhətində problemlər yaranmış və əməliyyat olunduğundan başları qarışmışdır. O cavabdehə 2018-ci ildə instagram tətbiqi vasitəsilə yazmış və pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh ilə ailəvi dost olduqlarından atası ona borca pul vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, iddiaçı onun iş yoldaşı olmuşdur. Onlar ABB ASC-nin Şəmkir filialında birlikdə işləmişlərdir. İddiaçı cavabdehə 2018-ci ildə borca pul verirmiş, pulu hər səhər iddiaçı cavabdehə verirmiş, axşamlar isə cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarırmış.Sonradan iddiaçının cavabdehə 50.000 manat borca pul verdiyini eşitmiş, lakin cavabde bu dəfə almış olduğu pulu qaytarmamışdır. O, şəxsən iddiaçının cavabdehə sellofanda pul verdiyini görmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iddiaçı onun dayısıdır. Digər dayısının il mərasimində cavabdehin gəldiyini və iddiaçı ilə danışdığını görmüşdür. Sonra dayısından həmin şəxsin kim olduğunu soruşmuş, dayısı isə ailəvi tanış olduqlarını və ondan iş qurması üçün borc pul istədiyini bildirmişdir. Dayısı ona yas mərasimində borca pul vermişdir. Sonra o eşitmişdir ki, həmin adam pulu götürüb qaçmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı onun yoldaşının dayısıdır. Yoldaşının digər dayısı rəhmətə getmiş və onun il mərasimində iddiaçı cavabdehə borca pul vermişdir. O bildiyinə görə cavabdeh iddiaçının iş yoldaşının oğludur. O bu məsələni sonradan bilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X22 Əliyevlə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 Həsənovla eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Cavabdeh tərəfindən EMİS vasitəsilə məhkəməyə göndərdiyi elektron ərizədən görünür ki, məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizəni nəzərə almaqla, işə onun iştirakı olmadan baxılmasını və iddiaçının iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, öz iddia ərizəsində göstərmişdir ki, “cavabdeh Şəmkir şəhərində 20 yanvar küçəsində pul dəyişmə ilə məşğul olurdu. Məndən tez-tez pul götürürdü və tez bir zamanda da qaytarırdı. 2018-ci ildə cavabdeh ondan 15.700 (on beş min yeddi yüz) manat, 50.000 (əlli min) ABŞ dolları, 2.700.000 (iki milyon yeddi yüz min) Rus rubulu borca pul götürmüşdür. Danışığa görə, borcunu qaytaracaqdı. Aradan bir neçə ay keçəndən sonra o bir neçə dəfə cavabdehdən xahiş etdi ki, ona olan pul borcunu qaytarsın. Hər dəfə cavabdeh borcunu qaytaracağına dair ona vədlər versə də, bu günə kimi o, ona olan borcunu qaytarmayıb. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir.” İddiaçı iddia ərizəsinin sonunda onun hesabından onun nəfinə 15.700 (on beş min yeddi yüz) manat pulun, 50.000 (əlli min) ABŞ dolları pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına uyğun məzənnəsinin və 2.700.000 (iki milyon yeddi yüz min) rus rubulu pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına uyğun məzənnəsinin, 437 (dörd yüz otuz yeddi) manat dövlət rüsumunun, 1000 manat vəkil xidmət haqqının, 17 manat etibarnamayə görə ödəmiş olduğu dövlət rüsumunun ümumilikdə 147.720 (yüz qırx yeddi min yeddi yüz iyirmi) manat pulun ondan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd etmək istərdi ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi absurt olmaqla tam əsassızdır. İddiaçı özünün iddia tələbini, ərizəsinə əlavə etdiyi absurt bir yazışma təqdim etməklə əsaslandırmağa çalışır və guya tələbində göstərilən vəsaitin ona qaytarmadığımı sübut etmək istəyir. Qeyd olunmalıdır ki, iddiaçı 2025-ci ilin fevral ayında ona qarşı Şəmkir RPŞ şikayət ərizəsi ilə müraciət edərək, məhkəmədə irəli sürdüyü pul tələbinin ondan almağını və ona qarşı dələduzluq etdiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq onun izahatı alınmışdır. Bildirmək istəyir ki, iddiaçı onun atasının dostu olmuş və o ondan iddia tələbində göstərdiyi pul vəsaitini 2018-ci ildə deyil 2015-ci il yay aylarında qısa müddətə almışdı və həmin vəsaiti ondan aldığı vaxtdan bir müddət keçdikdən sonra, iddiaçının özünə artıqlaması ilə qaytarmışdır. Belə ki, iddiaçı həmin dövrlərdə Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialında baş xəzinədar işləməklə, əldə etdiyi vəsaitləri onun işlədiyi X23 şöbəsinin pul mübadiləsi nöqtəsinə gətirməklə, həmin vəsaitləri baha satmasını və satışdan əldə etdiyi fərqi ikisinin qazancı nəzərə alınmaqla ona verməsini xahiş etmişdir. O da onunla razılaşaraq, istəyini yerinə yetirdi və ondan götürdüyü vəsaitləri qısa bir müddət yəni, 10-15 gün ərzində dəyişərək, əldə olunan vəsaitləri ona qaytarmışdır. İddiaçının hazırda iddia ərizəsində göstərdiyi vəsaitləri ondan tələb etməsi sadəcə olaraq, ona əlavə vəsaitlərin ödənilməsinə onu cəlb etmək məqsədi daşıyır. Bildirmək istərdi ki, 2015-ci ilin iyul ayının ortalarından o ailəsilə birgə Şəmkir şəhərindən çıxaraq, dami yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Elə 2015-ci ilin sonlarına yaxın iddiaçı onu şərləyərək, ona verdiyi vəsaitin mübadiləsindən daha çox pul qazandığını və onu aldatdığını bildirmişdir. Onun bu tələblərinin əsassız olduğunu İddiaçı sübut edərək ona bildirsə də, o öz növbəsində onun başına problem yaradacağını göstərmişdir. Qeyd etmək istərdi ki, 2015-ci ildən bəri iddiaçıdan götürdüyü vəsaitləri o dövrdə iddiaçıya qaytarmasaydı, iddiaçı elə həmin illərdə də, yəni 2015-ci ildən 2025-ci ilin fevral ayınadək olan bir müddət ərzində ona qarşı məhkəmədə tələb irəli sürə bilərdi. Hətta iddiaçının iddia ərizəsində göstərdiyi guya ondan 2018-ci ildə pul almama dair müddəti də götürsək, iddaçı elə həmin vaxtlarda da ona qarşı heç bir tələb irəli sürməmişdir. Göründüyü kimi, iddiaçının ona qarşı həmin dövrlərdə pul tələbi ilə bağlı məhkəmədə iddia tələbinin irəli sürülməməsi də, ondan götürdüyü vəsaitləri elə 2015-ci ildə də ona qaytarmağını tam təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.” “Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” Göründüyü kimi, iddiaçı ona borclu olduğunu göstərsə də, halbu ki, iddiaçıya heç bir borcu yoxdur, o hətta qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Buna görə də, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş DV disklərdə ki, səs yazısından görünür ki, tərəflər arasında borc məsələsi ilə bağlı söhbət aparılır. Məhkəmə iclasında tədqiq edilmiş yazışmalardan görünür ki, bir tərəf digər tərəfdən borcunu tələb edir. İşdə olan Cavabdeh tərəfindən EMİS vasitəsilə məhkəməyə göndərdiyi elektron etirazdan görünür ki, o iddia ərizəsinə dair məhkəməyə təqdim etdiyi etirazında göstərdiyi kimi, iddiaçı 2025-ci ilin fevral ayında ona qarşı Şəmkir RPŞ şikayət ərizəsi ilə müraciət edərək, məhkəmədə irəli sürdüyü pul tələbinin ondan almağını və ona qarşı dələduzluq etdiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq onun izahatı alınmış və göstərmişdir ki, iddiaçı onun atasının dostu olmuş və o ondan iddia tələbində göstərdiyi pul vəsaitini 2018-ci ildə deyil 2015-ci il yay aylarında qısa müddətə almışdı və həmin vəsaiti ondan aldığı vaxtdan bir müddət keçdikdən sonra, iddiaçının özünə artıqlaması ilə qaytarmışdır. Belə ki, iddiaçı həmin dövrlərdə Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialında baş xəzinədar işləməklə, əldə etdiyi vəsaitləri onun işlədiyi X23 şöbəsinin pul mübadiləsi nöqtəsinə gətirməklə, həmin vəsaitləri baha satmasını və satışdan əldə etdiyi fərqi ikisinin qazancı nəzərə alınmaqla ona verməsini xahiş etmişdir. O da onunla razılaşaraq, istəyini yerinə yetirdi və ondan götürdüyü vəsaitləri qısa bir müddət yəni, 10-15 gün ərzində dəyişərək, əldə olunan vəsaitləri ona qaytarmışdı. Etirazda bildirdiyi kimi, iddiaçının hazırda iddia ərizəsində göstərdiyi vəsaitləri ondan tələb etməsi sadəcə olaraq, ona əlavə vəsaitlərin ödənilməsinə onu cəlb etmək məqsədi daşıyır. Göstərdiyi kimi, 2015-ci ilin iyul ayının ortalarından o ailəsilə birgə Şəmkir şəhərindən çıxaraq, dami yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Elə 2015-ci ilin sonlarına yaxın iddiaçı onu şərləyərək, ona verdiyi vəsaitin mübadiləsindən daha çox pul qazandığını və onu aldatdığını bildirmişdir. Onun bu tələblərinin əsassız olduğunu İddiaçı sübut edərək, ona bildirsə də, o öz növbəsində onun başına problem yaradacağını göstərmişdir. Qeyd etmək istərdi ki, 2015-ci ildən bəri iddiaçıdan götürdüyü vəsaitləri o dövrdə iddiaçıya qaytarmasaydı, iddiaçı elə həmin illərdə də, yəni 2015-ci ildən 2025-ci ilin fevral ayınadək olan bir müddət ərzində ona qarşı məhkəmədə tələb irəli sürə bilərdi. Hətta iddiaçının iddia ərizəsində göstərdiyi guya ondan 2018-ci ildə pul almama dair müddəti də götürsək, iddaçı elə həmin vaxtlarda da ona qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər onun qardaşı Cəlalın instaqram səhifəsindən götülümüş şəkillərdir ki, bu şəkillər də onun və onun ailə üzvlərilə birlikdə restoranlarda olduqları zaman çəkilib. Həmin şəkilləri qardaşı öz səhifəsində paylaşıb. Bu şəkillərin iddaçıya nə aidiyyatı var ki? O belə başa düşür ki, iddiaçı bu şəkilləri məhkəməyə təqdim etməklə, onun həyat tərzini göstərmək istəyir. Onun həyat tərzi həmişə yaxşı olub və yaşam tərzinin kiməsə aidiyyatı yoxdur, xüsusilə də iddaçıya. İddiaçı tərəfindən şahidlərin dindirilməsi ilə bağlı verdiyi vəsatətdə göstərilən şəxslərə gəldikdə isə, bu şəxslərdən X9 və X8 iddiaçının övladları, X12 isə iddiaçı ilə bir yerdə işləməklə onun dostudur. O ki, qaldı şahid qismində X3, X5 və X4 dindirilməsinin məhkəmədən tələb edilməsi də tam absurtdur. O bu şəxsləri ümumiyyətlə tanımır və bu şəxlər də öyrədilmiş şahidlərdir ki, iddiaçının xahişi ilə gəlib məhkəmədə istənilən yalan ifadələri verə bilərlər. Hazırki iş üzrə şahidlər qismində dindirilməsi tələb edilən şəxslərin ona heç bir aidiyyatının olmadığını bildirir. Bu şəxslər gəlib nəyin şahidliyini edəcəklər? İddiaçı bunlara nə desə, onlar da gəlib məhkəmədə eyni sözləri təkrarlayacaqlar. Buna görə də, göstərilənləri, həmçinin iddiaya dair təqdim etdiyi etiraz ərizəsini nəzərə alınmasını və iddiaçının iddia tələbinin rədd edilməsini təkrar olaraq xahiş etmişdir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 2018-ci ildə İddiaçı Cavabdeh şifahi razılaşma əsasında 15.700 (on beş min yeddi yüz) manat, 50.000 (əlli min) ABŞ dolları, 2.700.000 (iki milyon yeddi yüz min) Rus rubulu borca pul vermişdir. Lakin tərəflərin arasında buna dair heç bir yazılı müqavilə olmamışdır. Həmin tarixdən sonra cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə ödəniş edilməmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdeh X1 qarşı «pul və maddi ziyan tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095 Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda, borc müqaviləsinin yazılı formada bağlanılması imperativ şəkildə göstərilmişdir. Cavabdehin iddiaçıya aldığı pul vəsaitlərini qaytaracağına dair hər hansı bir öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Onlar arasında öhdəlik və ya borc münasibətləri yaranmamışdır. Ona görə iddiaçının cavabdehdən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Bununla belə cavabdeh özü polis bölməsində araşdırma aparılarkən və məhkəməyə göndərdiyi etirazında hə pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, İddiaçı Cavabdeh 2018-ci ildə 15.700 (on beş min yeddi yüz) manat, 50.000 (əlli min) ABŞ dolları, 2.700.000 (iki milyon yeddi yüz min) Rus rublu pul vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 2018-ci ildə 15.700 (on beş min yeddi yüz) manat, 50.000 (əlli min) ABŞ dolları, 2.700.000 (iki milyon yeddi yüz min) Rus rublu pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh özü iddiaçı tərəfindən pulun cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Lakin Cavabdeh iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, 2018-ci il tarixdə iddia müddəti ötürülsə də iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair vəsatətlə iddiaçı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «Viktor Ozerovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009- cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirmiş və həmin hissədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermiş, İddiaçı tərəfindən isə 2018-ci il tarixdə iddia müddəti ötürülsə də (belə ki, artıq 2018-ci ildə iddiaçı bilmişdir ki, cavabdeh onun borcunu ödəməkdən yayınır və borcu ödəmək üçün də artıq müvafiq imkanı yoxdur) tərəflər iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmiş və bu barədə sübutlarını tədqim etməmişdir. Buna görə də İddiaçı Cavabdeh qarşı «pul və maddi ziyan» tələbinə dair iddiası iddia müddətinin ötürülməsinə görə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsası ilə rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar