Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1694/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh əsas borca görə 47.000 (qırx yeddi min) ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası manatı ekvivalentinə, iddia üçün ödənilmiş 345.00 manatın, hüquqi xidmət üçün ödənilmiş 500 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan sadə yazılı formada bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əsasında Cavabdeh İddiaçı aldığı 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini 2021-ci ilin sonunadək qaytarmağa öhdəlik götürmüşdür. Cavabdeh borcun təminatı kimi xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid çıxarışın əslini iddiaçıya vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək 50.000 (əlli min) ABŞ dolları borcdan, 2023-cü ilin fevral ayına cəmi 3000 (üç min) ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən dolayısı ilə boyun qaçırmışdır. Cavabdehə pretenziya qaydasında müraciət edilərək 3 gün ərzində borcunu ödəməyi tələb edilsə də, cavabdeh yenə də borcu qaytarmamışdır. Qeyd edilənlərə əsasən Cavabdeh əsas borca görə 47.000 (qırx yeddi min) ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası manatı ekvivalentinə, iddia üçün ödənilmiş 345.00 manatın, hüquqi xidmət üçün ödənilmiş 500 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh adına olan möhürlə təsdiqlənmiş qəbzin məzmunundan görünür ki, Cavabdeh İddiaçı 2015-ci ildə aldığı 50.000 ABŞ dolları məbləğində pul vəsaitini 2021-ci ilin sonunadək qaytarmağa öhdəlik götürmüşdür. İş materiallarında olan 820 nömrəli xx.xx.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, X2 ilə Vəkil arasında vəkil xidməti müqaviləsi bağlamışlar. Həmin müqavilənin qiyməti 500 manat müəyyən edilmiş və X2 tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışından görünür ki, X1 məxsus bank hesabına xx.xx.2023-cü il tarixdə 1100, 2000, 2000 manat məbləğinə pul qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2021ci il tarixdə Cavabdeh İddiaçı borclu olduğu 50000 ABŞ dolları məbləğində pul vəsaitini həmin ilin sonuna qədər ödəyəcəyini qeyd etsə də, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası və möhüri ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 50000 ABŞ dollar pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 50000 ABŞ dollar pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış və möhürlənmiş qəbz həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Heçinin iş materialında görünür ki, cavabdeh həmin borcun bir qismin, 5100 manat (3000 ABŞ dollar) məbləğində ödəniş etmişdir. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun qalan hissəsini qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, Cavabdeh əsas borca görə 47.000 (qırx yeddi min) ABŞ dollar pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəmə məsrəflərinə daxil olan vəkil xərci ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 820 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Bakı şəhəri 27 saylı vəkil bürosu vəkili Vəkil arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmış, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Vəkil hesabına 500 manat pul ödənilmişdir. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 500 manat pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 345 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 47.000 (qırx yeddi min) ABŞ dollar pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla), iddia üçün ödənilmiş 345 (üç yüz qırx beş) manat və hüquqi xidmət üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şəmkir Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1694/2024
Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(076)-1694/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver