Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1767/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh “cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 anlaqsız vəziyyətdə vurduğu maddi ziyan olaraq 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat və dövlət rüsumu olaraq ödənilmiş 287,65 (iki yüz səksən yeddi manat altmış beş qəpik) manat, ümumilikdə 66169, 65 (altmış altı min yüz altmış doqquz manat altmış beş qəpik) manat onun qanuni nümayəndəsi Cavabdeh alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində vahid niyyətlə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Dəllər-Zəyəm mənzilinin 406-cı km, pk 3-də yerləşən avtomobil keçid məntəqəsini əvvəlcə dəmir yolu relslərinin üzərində olan daşlarla pəncərələrini sındıraraq 2026,00 (iki min iyirmi altı) manat dəyərində maddi ziyan vurmaqla zədələmiş, daha sonra özü ilə gətirdiyi 3 butulka benzini tökərək həmin avtomobil keçid məntəqəsinin inzibati binasının içərisinə töküb yandıraraq özgənin 63856,00 (altmış üç min səkkiz yüz əlli altı) manat dəyərində əmlakını qəsdən məhv edərək ADY-yə ümumilikdə 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat dəyərində maddi ziyan vurmuşdur. X6 qeyd edilən hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-63/2024 saylı qərarı ilə cinayət məsuliyyətindən azad olunmuş və ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir. Cinayət işinin araşdırılması zamanı X3 qanuni nümayəndəsi qismində atası Cavabdeh tanınmışdır. Qeyd edilər ki, ADY-yə dəymiş 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat məbləğində maddi ziyan təqsirləndirilən şəxs X6 və onun qanuni nümayəndəsi tərəfindən bu günədək ödənilməmişdir. Bununla əlaqədar olaraq ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehin vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlıyaraq bilmişdi ki, nümayəndəsi olduğu şəxsə qarşı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 65882,00 manat məbləğində dəymiş ziyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdı ki, cavabdehin oğlu X6 anlaqsız vəziyyətdə törədiyindən həmin ziyanının ödənilməsi ilə bağlı nümayəndəsi olduğu şəxsin üzərinə öhdəlim qoyulmalıdır. Bununla bağlı cavabdeh tərəf hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia qanunsuz və əsassız iddiadır və rədd edilməlidir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının əmlakına ziyanı cavabdehin yetkinlik yaşına çatmış cinayət törədən anadək anlaqsızlığı istisna edilməyən X6 anlaqsız vəziyyətdə törətmişdir. Allahverdi Hüseynov 09 iyun 1997-ci il tarixdə anandan olmuşdur. Cinayət hadisəsini isə xx.xx.2023-cü il tarixdə törətmişdir. Cinayət hadisəsini törədən zaman ekspertiza rəyinə əsasən o anlaqsız vəziyyətdə olmuşdur. Onun anlaqsız vəziyyətdə cinayət hadisəsi törətməsi işin mübahisəsiz halıdır. Artıq bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü vardır. Mülki Prosessual Məcəllənin 82.4.-ci maddəsinin tələblərinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı tərəfindən Mülki Məcəllənin 1105.1-ci maddəsinə istinad edərək şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu yəni cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Həmin maddənin dispozisiyasında göstərilən məsələ hadisə törədilənə qədər qəyyum olmuş şəxsi nəzərdə tutur. Bu işdə isə hadisə törədilənə qədər həmin şəxsin cavabdeh qəyyumu olmamışdır, Qəyyumu olmadığı üçün də onun üzərinə hadisəni törədən şəxsin üzərinə nəzarət etmək ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Yəni cinayət törədən anda şəxs müstəqil şəxs idi onun üzərində nəzarət ilə bağlı kimsə vəzifələndirilməmişdir. Ona görə iddiaçı tərəfindən həmin maddəyə istinad edilməsini cavabdeh tərəf əsassız hesab edir. Ümumiyyətlə hadisə baş verən vaxtlarda hətta ondan öncə cavabdeh Azərbaycan Respublikası ərazisində olmamışdır. Bundan başqa hadisəni törədən şəxs hadisə törədən zaman müstəqil şəxs olmuş yəni yetkinlik yaşına çatmışdır. Belə olan halda cavabdeh üzərinə hadisəni törədən yetkinlik yaşına çatmış və onun üzərində hər hansı nəzarəti həyata keçirmək ilə bağlı vəzifələndirilməyən cavabdeh şəxsin üzərinə öhdəlik qoyulması yolverilməzdir. İddiaçı tərəfindən cavabdehin hadisədə öncə hadisə törədən zaman anlaqsız şəxsin qəyyumu olmasını təsdiq edəcək heç bir sübut təqdim edə bilməməsi onun tərəfindən verilmiş iddianın rədd edilməsi üçün əsasdır. Ona görə, iddia qanunsuz olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 1(076)-63/2024 nömrəli Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, X6 xx.xx.2023–cü il tarixdə saat 00:20 radələrində vahid niyyətlə "xxxx" QSC–in Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Dəllər– Zəyəm mənzilinin 406–cı km, pk 3–də yerləşən avtomobil keçid məntəqəsini əvvəlcə dəmir yolu relslərinin üzərində olan daşlarla pəncələrini sındıraraq 2.026,00 manat dəyərində maddi ziyan vurmaqla zədələmiş, daha sonra özü ilə gətirdiyi 3 butulka benzini həmin avtomobil keçid məntəqəsinin inzibati binasının içərisinə töküb yandıraraq özgənin 63.856,00 manat dəyərində əmlakını qəsdən məhv edərək "xxxx" QSC–yə ümumilikdə 65.882 manat dəyərində maddi ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Lakin yoxlanılan şəxs X4 hal–hazırda «Paranoid şizofreniya» xəstəliyi müəyyən edilir. Paranoid şizofreniya davamlı şəkildə müalicə olunmasını tələb edən xroniki gedişli psixi patologiyadır. Ona görə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2–ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad olunmasına və ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməsinə qərara alınmışdır. Həmin qərarda Cavabdeh cinayət törətmiş X3 qanuni nümayəndəsi qismində tanınmış və cinyət işi üzrə təqsirləndirlən şəxsin nümayəndəsi kimi cəlb olunmuşdur. Həmçinin həmin qərardan görünür ki, məhkəmə tərəfindən iş materialları, ekspertiza rəyi əsasında maddi ziyanın məbləğinin ümumilikdə 65.882 manat olması müəyyən edilmişdir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh oğlu Allahverdi Hüseynov anlaqsız vəziyyətdə törətdiyi cinayət nəticəsində iddiaçı "xxxx" QSC-yə 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat məbləğində maddi ziyan vurmuşdur. Həmin iş üzrə Etibar X1i nümayəndəsi qismində işə cəlb olunmuşdur. Allahverdi Hüseynov cinayəti anlaqsız vəziyyətdə törətdiyindən, o, cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs "xxxx" QSC tərəfindən iş üzrə mülki iddia verilsə də, mülki iddianın həmin iş üzrə baxılması Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından qeyri-mümkün olduğundan baxılmamış saxlanılmış və iddiaçı tərəfə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüquq izah olunmuşdur. Bu səbəbdən "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində vurulmuş ziyanın əvəzini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1107.3-ci maddəsinə əsasən əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş zərərin əvəzini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin cavabdeh tərəfin iddianın rədd olunmasına dair gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, cavabdeh tərəf qeyd edir ki, Cavabdeh cinayəti anlaqsız vəziyyətdə törətmiş Allahverdi Hüseynovun cinayət törətdikdən əvvəl və həmin vaxt qanuni nümayəndəsi olmamış, həmçinin cinayət törədilən vaxt ölkə hüdudlarından kənarda olmuşdur. Lakin, məhkəmə qeyd edir ki, bir halda ki, iş üzrə qanuni nümayəndə qismində tanınmış və işdə iştirak edimişdir, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən bu hal onu qanuni nümayəndəsi cinayət törətmiş şəxsin vurduğu ziyanın ödənilməsi barədə məsuliyyətdən azad edə bilməz. Cavabdeh tərəfin gətirdiyi digər arqument isə cinayət törətmiş şəxsin yetkinlik yaşına çatmış olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin yetkinlik yaşına çatması onun prosessual qabiliyyətli olması deyildir. Belə ki, şəxsin sadəcə yaş həddinə çatması onun hazırkı məsuliyyəti daşımasına əsas versə idi, həmin şəxs cinayət məsuliyyətindən azad olunmaz, Cavabdeh isə iş üzrə qanuni nümayəndə qismində işə cəlb olunmazdı. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh qanuni nümayəndəsi olduğu X6 tərəfindən vurulmuş ziyana görə 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat pul alınıb iddiaçı "xxxx" QSC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh qanuni nümayəndəsi olduğu X6 tərəfindən vurulmuş maddi ziyanının əvəzi olaraq 65882,00 manat pul və ödənilmiş dövlət rüsumu əvəzi 287,65 manat, ümumilikdə 66169, 65 (altmış altı min yüz altmış doqquz manat altmış beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1767/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1767/2024
18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver