Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2029/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5.400 manat məbləğində pulun və 74 manat məbləğində dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ilkin olaraq ona 2016–cı il tarixdən 5.800 manat borcu yaranmışdır. Belə ki, cavabdehlə arasında 2016–cı il tarixdə cavabdehin ona məxsus şirniyyat sexindən şirniyyat götürmək və müvafiq olaraq mağazalara paylayıb sataraq pulunu ödəmək kimi razılaşma olmuşdur. Lakin cavabdeh ödəmələri gecikdirmiş, bu səbəbdən 2021–ci il tarixdə ona olan borcu barədə yazılı iltizam vermişdir. Bundan sonra dəfələrlə cavabdehlə görüşməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmış, yalnız 2024–cü il tarixdə borcundan 400 manat ödəmişdir. Qalan 5.400 manat pulu isə bugünədək ödəməmiş, nətiədə ona maddi zərər vurmuşdur. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 5.400 manat məbləğində pulun və 74 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, özünə məxsus şirniyyat sexi vardır və cavabdehi onun sexindən mal alarkən tanımışdır. Belə ki, 2016–cı il tarixdə cavabdeh ona müraciət edərək sexdən nisyə məhsul almaq istəmiş, pulunu isə həmin məhsulları satdıqdan sonra ödəyəcəyini bildirmişdir. O da cavabdehlə razılaşmış və cavabdehə 5.800 manat dəyərində nisyə məhsul satmışdır. Lakin cavabdeh ödəmələri gecikdirmiş, bu səbəbdən 2021–ci il tarixdə ona olan borcu barədə yazılı iltizam verərək, borcu hər ay 250 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Təxminən 2 il əvvəl isə borcundan 400 manat ödəniş etmişdir. Qalan 5.400 manat pulu dəfələrlə tələb etməsinə baxmayaraq, bugünədək ödəməmişdir. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 5.400 manat məbləğində pulun və 74 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materialları ilə müəyyən edilir ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri Şəmkir rayonu, Kür qəsəbəsi olmuş, məhkəmə bildirişləri cavabdehə çatdırılması üçün Şəmkir rayonu Kür qəsəbə İƏD üzrə nümayəndəliyə xəbərnaməli poçt vasitəsilə göndərilmiş, nümayəndəliyin əməkdaşı xx.xx.2025–ci il tarixdə və xx.xx.2025–ci il tarixdə xəbərnamələrə imza etməklə bildirişləri qəbul etmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və xx.xx.2021–ci il tarixdə cavabdeh tərəfindən yazılaraq imzalanmış yazılı qəbzdən görünür ki, Cavabdeh 2016–cı il tarixdə İddiaçı 5.800 manat borc almış, həmin pulu 2021–ci ilin iyul ayının 1–dən hər ay 250 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh 2016– cı il tarixdə iddiaçıdan cəmi dəyəri 5.800 manat olan nisyə şirniyyat məhsulları almış, həmin məhsulları sataraq borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öz xətti ilə yazılı qəbz də verərək, borclu olmasını qeyd etmişdir. Lakin cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, borcundan 400 manat ödəsə də, qalan 5.400 manatı ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıdan 5.800 manat dəyərində nisyə məhsul alması, həmin pulun 400 manatını qaytarsa da, qalan 5.400 manatı qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və cavabdehdən 5.400 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5.400 (beş min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 74 (yetmiş dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(076)-2029/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2029/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver