Məhkəmə qərarları › İş №e-2(076)-2172/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2172/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2172/2024 07.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 43.710 (qırx üç min yeddi yüz on) ABŞ dollarının ödəniş anına manatla məzənnəsi ilə, eyni zamanda vəkil xidməti üçün ödənilmiş 320 manat pulun və ödənilmiş 313 (üç yüz on üç) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qohumluq münasibətları vardır. Belə ki, Cavabdeh onun dayısının nəvəsidir. Cavabdeh 2018-ci ilin may ayında müraciət edərək, ona pul lazım olduğunu və ona borc verməsini xahiş etmişdir. O aralarında olan səmimiyyətə inanaraq xx.xx.2018-ci il tarixdə bank vasitəsilə Cavabdeh 33700 ABŞ dolları pul göndərmişdir. O, aldığı borcu qısa müddətə qaytaracağını söz versə də borcunu qaytarmamışdır. Aradan keçən müddət ərzində dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. Odur ki, məcbur olub pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından görünür ki, onun 33.700 ABŞ dollar pulu 11 may 2018-ci il tarixindən cavabdehdədir. Bundan başqa 11 may 2018-ci il tarixdən hazırki tarixədək olan dövr üçün 33700 ABŞ dollarının 5% məbləğində pul ödənilməlidir. Belə ki, göründüyü kimi onun pulu 6 ildir ki, əsassız yerə cavabdehdə qalmaqdadır. Yuxarıda şərh olunanlara əsasən cavabdeh ona 33700 ABŞ dolları və onun gecikdirilməsinə görə 10.010 ABŞ dolları olmaqla cəmi 43710 ABŞ dolları pul ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh pula ehtiyacı olduğu üçün qohum kimi 11 may 2018-ci ildə 33700 ABŞ dolları borc pul vermişdir. Cavabdehə həmin məbləğdə pulu “Express” köçürmə vasitəsilə göndərmişdir. Göndərişin təyinatı “Maddi yardım” qeyd edilsə də o pulu cavabdehə borc olaraq vermişdir. Cavabdeh ondan borc pulu tenderdə iştirak etmək üçün almış və 40-45 gün müddətinə tender bitdikdən sonra qaytaracağını vəd etsə də sonradan onun pulunu qaytarmamışdır. O aldadıldığını bildikdən sonra Cavabdeh tərəfindən ona verdiyi pulun qaytarımayacağını başa düşmüşdür. Hazırda cavabdehdən pulunu tələb edir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianı təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, izahatında göstərdi ki, İddiaçı qohumu Cavabdeh göndərdiyi 33700 ABŞ dolları borc olaraq verilməmiş, bank qəbzinin üzərində də qeyd edildiyi kimi maddi yardım qismində əvəzsiz olaraq bağışlanmışdır. Buna görə də tərəflər arasında hər hansı borc münasibətlərindən və ya öhdəlikdən söhbət gedə bilməz. Borc münasibətlərinin yaranmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Həmçinin, iddiaçı bildirmişdir ki, guya həmin məbləğ borc olaraq verilmiş və 40-45 gün ərzində tender bitdikdən sonra Cavabdeh tərəfindən qaytarılmalı olmuşdur. Belə olan təqdirdə hətta həmin məbləğin borc olaraq verilməsini fərz etsələr belə (hansı ki, 33700 ABŞ dolları borc olaraq verilməmiş, hər-hansı öhdəlikdən və borc münasibətlərindən söhbət gedə bilməz) həmin məbləğ xx.xx.2018-ci il tarixdə göndərildiyindən və xx.xx.2018-ci il tarixdə 45 gün tamam olduğundan, 3 illik iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş olur. Daha sonra məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə əlavə olaraq izahatında göstərdi ki, iddiaçı iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə tanış olduqdan sonra xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatını dəyişərək xx.xx.2024-cü il tarixdə verdiyi izahatında aldadıldığını anladıqda pulun qaytarılmayacağını bildiyini və bununla bağlı məhkəmə hökmü olduğunu bildirmişdir. Həmin hökmə baxış keçirilərkən İddiaçı 18 iyun 2019-cu il tarixdə aldadıldığını bildiyi məsələ ilə bağlı Şəmkir rayon məhkəməsinə borc tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan təqdirdə, hətta ən pis halda fərz etsələr ki, iddiaçı xx.xx.2019-cu il tarixdə aldadıldığını bilsəydi belə 3 illik iddia müddəti xx.xx.2022-ci ildə bitmiş olur. Qeyd edilənlərdən əlavə, şəxsin qanunla ona verilmiş imkandan istifadə edərək ona qaldırılmış iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd olunması barədə ərizə verməsi məhkəmə tərəfindən həmin şəxsin ziyanına şərh oluna, iddianın tam və ya qismən etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi cavabdehin əleyhinə şərh oluna və borcun etirafı kimi qiymətləndirilə bilməz. Bir daha qeyd edir ki, 33700 ABŞ dolları cavabdehə borc olaraq verilməmiş, hər-hansı öhdəlikdən və borc münasibətlərindən söhbət gedə bilməz. Ona görə məhkəmənin tərəflər arasında borc münasibətlərinin yaranması qənaətinə gəldiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəni tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ********** nömrəli köçürməinin kodu olan pulun göndərilməsi üçün sifariş-qəbzdən görünür ki, Ş/v nömrəsi AZE07302241 olan şəxs tərəfindən Cavabdeh 33700 ABŞ dollar məbləğində pul vəsaiti göndərmişdir. Göndərişin təyinatı “MADDİ YARDİM” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 1(101)-84/2021 nömrəli xx.xx.2021-ci il tarixli Baki Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Nicat Qarayev "xxxx" Birgə Müəssisəsi baş direktorunun xx.xx.2017-ci il tarixli 392/K saylı əmri ilə "xxxx" X5-099 layihəsində texniki ofis mühəndisi vəzifəsinə təyin edilməklə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı İddiaçı bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (X2) xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra ona 4% gəlir verəcəyini yalandan vəd edib aldadaraq, İddiaçı özünə inam yaradıb əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında "xxxx" ASCnin Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 273 ünvanında yerləşən filialının yaxınlığında sonuncudan 106.300 manat pul vəsaitini alaraq 45 gündən sonra qazanc adı ilə İddiaçı həmin məbləğin 4,5%-i məbləğində, yəni təxminən 4.800 manat pul verib özünə qəti inam yaratdıqdan sonra, yaranmış etibarlı münasibətdən istifadə edib öz cinayətkar niyyətini davam etdirməklə, yəni özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə 2018-ci ilin iyun ayının 27-də ünvan 2 ünvanında İddiaçı nağd qaydada 149.300 manat, özünün "xxxx" ASC-də olan 5292 5464 4691 2600 nömrəli plastik kart hesabına İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müxtəlif vaxtlarda köçürülmüş cəmi 32.900 manat, xx.xx.2019-cu il tarixdə isə həmin plastik kart hesabına köçürülmüş 15.000 manat olmaqla, ümumilikdə 303.500 manat məbləğində pul vəsaitini vahid niyyətlə İddiaçı alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirdiyindən İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa Cavabdeh bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (X2) şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 10% gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə aralarında yaranmış etibarlı münasibətdən istifadə edib 2018-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 53B saylı yaşayış binasının həyətində 29.000 manat, 2019-cu ilin mart ayı ərzində müxtəlif günlərdə həmin ünvanda hissə-hissə olmaqla bir neçə dəfəyə 70.000 manat, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında özünün idarə etdiyi **-VK- *** qeydiyyat nişanlı "Land Cruiser" markalı avtomobilin salonunda 80.000 manat, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 53B saylı yaşayış binasının həyətində, özünün idarə etdiyi həmin avtomobilin salonunda 120.000 manat olmaqla, ümumilikdə 299.000 manat pul vəsaitini vahid niyyətlə Cavabdeh alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə Cavabdeh külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirdiyindən Cavabdeh cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Ona görə və digər faktlara görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 46.2-cı maddəsinə əsasən, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1(103)-827/2021 nömrəli Baki Apellyasia Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, məhkum edilmiş şəxs X1 müdafiəçisi X3, zərərçəkmiş şəxslər İddiaçı, Vasif Nağıyev, Rəşad İmanlı, Alim Səmədov, Elçin Quliyev, Sərxan Musayev, Arif Qasımov, Mirzəyev İlqar və Mirzəyeva Şura tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməsinə; Bakı Ağır Cinayətlər Məhkəməsinin X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair 27 yanvar 2021- ci il tarixli verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasına qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1(102)-575/2023 nömrəli Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməməsinə; X1 Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmasına qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sənədlərlə müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh 11 may 2018-ci il tarixdə “Express” köçürmə sistemi vasitəsilə 33700 (otuz üç min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir. Hal-hazırda İddiaçı həmin məbləğdə pulu Cavabdeh tenderdə iştirak üçün borc olaraq verdiyini, tender bitdikdən sonra qaytaracağını bildirmiş, lakin cavabdehin hazırki vaxta kimi ona olan borcunu qaytarmadığını bildirir. Lakin, cavabdeh həmin məbləğdə pulun iddiaçı tərəfindən ona maddi yardım olaraq verildiyini, həmçinin iddiaçının məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddətini ötürülməklə məhkəməyə müraciət etdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 11 may 2018-ci il tarixdə “Express” köçürmə sistemi vasitəsilə 33700 (otuz üç min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 11 may 2018-ci ildə İddiaçı tərəfindən Cavabdeh 33700 ABŞ dolları məbləğində pul göndərilmiş, lakin həmin pul məbləği cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2018-ci ildə qanunvericiliyin müəyyən etdiyi formada, hər hansı müqavilə bağlanmadığından cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Hazırda iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin, Cavabdeh yazılı ərizə ilə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1095-ci maddəsinə əsasən Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddiaçı izahatında da qeyd etdiyi kimi Cavabdeh 2018-ci il tarixdə göndərmiş olduğu 33700 ABŞ dollar məbləğində pulu tenderdə iştirak üçün qısa müddət ərzində geri qaytarılması üçün göndərmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli hökmlərdən görünür ki, iddiaçının qeyd etdiyi məbləğin verilməsi vaxtı Cavabdeh və İddiaçı özünün də iştirak etdiyi tenderlə bağlı cinayət işi üzrə hər ikisi zərərçəkmiş şəxs qismində tanınmış, həmin vaxtdan, yəni 2021-ci il tarixdən də artıq iddiaçının həmin məbləği geri qaytarma tələbi ilə bağlı hüququnun məlum olduğu vaxt hesab edilməklə iddia müddəti tətbiq edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, cavabdeh 11 may 2018-ci il tarixdə hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. İddiaçı cavabdehin ondan pulu vaxtdan 40-45 gün ərzində qaytarmalı olduğunu bildirmiş olsa da, həmin vaxtdan sonrakı müddətdə iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməmişdir. İddiaçı hüququnun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 11 may 2024-cü il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 313 manat məbləğində dövlət rüsumu da iddiaçıya aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar