Məhkəmə qərarları › İş №e-2(076)-2291/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2291/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2291/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia qaldıraraq, 36.849 manat əsas borc və onun gecikdirilməsinə görə 1995 manat pul olmaqla cəmi 38844 manat, eyni zamanda vəkil xidməti üçün ödənilmiş 325 manat pulun və ödənilmiş 206.5 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qohumluq münasibətləri olmuşdur və sonuncu onun atasının dayısı nəvəsidir. Cavabdeh ilə daima münasibətləri yaxşı olmuşdur. R. Nəsirov onun Çexiyada təhsil aldığını və işləyərək yaxşı pul qazandığını bildiyi üçün 2019-cu ilin fevral ayında zənglə müraciət edərək ona 40.000 manat borc pul lazım olduğunu bildirmişdir. O, isə Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikasına gələcəyini və həmin vaxt ona borca pul verə biləcəyini söyləmişdir.Mart ayında Gəncə şəhərinə gəlmiş və Cavabdeh onunla əlaqə saxlayaraq gəlib -gəlməməsini soruşmuşdur. O, isə Gəncə şəhərində olduğunu bildirdikdə ona istədiyi borcu verib verə bilməyəcəyini soruşmuş, o, isə problem olmadığını və harda olduğunu soruşmuş, sonuncu Bakı şəhərində olduğunu və pulu karta göndərməsini xahiş etmişdir.Cavabdeh ona hazırda ciddi problemlərinin olduğunu və pulu ancaq 5 ildən sonra qaytaracağını bildirmişdir. O, isə problem olmadığını bildirərək sonuncu ilə razılaşmışdır. Bu minvalla o, cavabdehin kart hesabına xx.xx.2019-cu ildə 11.449 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə isə 1900 və və 8500 manat olmaqla ümumilikdə 36.849 manat pul göndərmişdir. 2024-cü ilin mart ayında ondan pulunu tələb etsə də cavabdeh müxtəlif variantlarla pulu qaytarmaqdan yayınmışdır. Odur ki, məcbur olub pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdirmişdir ki, iddiaçı özü kiçik yaşlarından biznes fəaliyyəti ilə məşğuldur və yüksək məbləğdə pullar qazanır, cavabdehdə bunu bildiyi üçün ondan borc istəmiş, iddiaçı isə ona qohumu olduğu üçün borc vermişdir. Cavabdeh ondan borc alanda həmin pulu 5 ilə qaytaracağını bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh hesabına İddiaçı tərəfindən 11449 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh hesabına İddiaçı tərəfindən 15000 manat pul köçürülmüşdür. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh hesabına İddiaçı tərəfindən 1900 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh hesabına İddiaçı tərəfindən 8500 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh hesabına İddiaçı tərəfindən 15000 manat pul köçürülmüşdür. İşdə olan Cavabdeh tərəfindən EMİS vasitəsilə məhkəməyə göndərdiyi elektron ərizədən görünür ki, İddiaçı ondan (Cavabdeh) 36.849 manat əsas borc və gecikdirilməsinə görə 1995 manat pul olmaqla cəmi 38844 manat, eyni zamanda vəkil xidməti üçün ödənilmiş 325 manat pulun və ödənilmiş 206.5 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi ilə bağlı bildirir ki, iddia tələbi yalan və uydurmadır, tərəflər arasında heçbir borc münasibəti mövcud deyildir, iddia ərizəsində qeyd edilən uydurma hallarla bağlı heçbir sübut təqdim edilməmişdir və edilədə bilməz. Çünki yalanlarla bağlı sübutun olması mümkün deyildir. İddiaçı ona qarşı absurd və tamamilə uydurulmuş bir iddia qaldıraraq bildirmişdir ki guya o, iddiaçının Çexiyada oxuduğunu və işləyərək yaxşı pul qazandığını bilərək 2019-cu ilin fevral ayında ondan 40.000 manat borc istəmişdir. İddiaçı öz iddia ərizəsində qeyd etdiklərini uydurarkən, uydurmaların üst-üstə düşmədiyinə diqqət yetirməmişdir. Belə ki: 2019-cu ilin fevral ayında iddiaçının cəmi 18 yaşı olmuşdur (xx.xx.1999-cu İl təvəllüdlü). 18 yaşında birinci kurs tələbəsi harada işləyə bilərki, özünün xaricdə yaşamağı ilə yanaşı kiməsə valideyinlərindən xəbərsiz 40.000 manat borcda versin (iddia ərizəsində qeyd edirki guya deyibki “40.000 manat problem deyil”). Hərçənd ki, nə iş yeri ilə bağlı nə qazancı ilə bağlı heçbir sübut təqdim edə bilmir. Onunla iddiaçı arasında heç bir borc münasibəti yaranmamış və yaranada bilməz. Hazırki iddianın qaldırılmasının təşəbbüskarı iddiaçının atası X1r. İddianın qaldırılma səbəbi isə iddiaçının atasının ona qarşı eyni növ iddiasının təmin edilməməsidir (Şəmkir rayon məhkəməsinin qətnaməsi, Gəncə apellyasiya məhkəməsinin qətnaməsi və A.R. Ali Məhkəməsinin qərarı (nəticə) - əlavə edilir). Belə ki, iddiaçının atası İddiaçı əlində olan köhnə bank qəbzlərindən istifadə edərək hüquqdan sui-istifadə etməklə müxtəlif yollarla müxtəlif şəxslərə qarşı uydurma iddialar qaldırır. Şəmkir rayon məhkəməsinin icraatında İddiaçı müxtəlif şəxslərə həmçinin ona qarşı köhnə bank qəbzlərindən istifadə etməklə iddia qaldırmasına dair bir neçə iş mövcuddur..Hazırki iddia tələbində daha bir uydurma hal odur ki – guya o, iddiaçıya borcu 5 ildən sonra qaytaracağını bildirmişdir. Təbii ki, iddiaçının bununla bağlı heçbir sübutu yoxdur və olada bilməz. Çünki qeyd edilən hal ağ yalandır. İddia ərizəsində 5 il uydurulmanın səbəbi - iddiaçının atasının ona qarşı iddiasının təmin edilməmsinin hüquqi əsası kimi iddia müddətinin ötürülməsidir. Buna görə hazırki mübahisədə iddiaçı tərəf müddətlə bağlı hissədə özünü sığortalamaq istəyir. Bir daha qeyd edirəm ki, tərəflər arasında heçbir borc münasibəti mövcud olmamışdır (oxşar mübahisə ilə Ali məhkəmənin qərarı əlavə edilir). Hazırki iddianın uydurma və yalan iddia olmasını təsdiq edən daha bir sübut isə - iddiaçının guya ondan 2024-cü ilin mart ayında pulu tələb etməsdir. Halbu ki, bununla bağlı məhkəməyə heçbir sübut təqdim edə bilmir. Etməyidə mümkün deyil. Çünki bu halda yalan olmaqla həqiqəti əks etdirmir. Qeyd edilən hal doğru olsaydı iddiaçı ən azından onunla olan yazışma, zəng və ya səs yazısı təqdim edə bilərdi.Bundan əlavə iddiaçının atası ona qarşı iddia ərizəsində qeyd etmişdir ki – “xx.xx.2018-ci il tarixdə bank vasitəsilə Cavabdeh 33700 ABŞ dolları pul göndərmişdir. O, aldığı borcu qısa müddətdə qaytaracağına söz versə də borcunu qaytarmamışdır”. Belə olan halda bir ildən sonra tələbə olan 18 yaşında oğlunun (hazırki iddiaçının) yenidən ona borc verdiyinin uydurulması tamamilə absurddur. Həm də heç biryerdə işləməyən tələbə gəncin 40.000 manat pul qazanması və valideyinlərindən xəbərsiz kiməsə verməsidə yalan olduğu qədər absurddur. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərdən əlavə həmçinin hüquqi müdafiə vasitəsi olan iddia müddətinin tətbiqi barədə ərizəni təqdim edərək - ziyanına qətnamə çıxarılmasından hüquqi müdafiə olunmaq məqsədi ilə iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim edir. Şəxsin qanunla ona verilmiş imkandan istifadə edərək ona qarşı qaldırılmış iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd olunması barədə ərizə verməsi məhkəmə tərəfindən həmin şəxsin ziyanına şərh oluna, iddianın tam və ya qismən etiraf edilməsi kimi qiymətləndirilə bilməz (Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-804/2024 saylı qərarının 35; 41-ci bəndləri.səh.7-8 (qərar əlavə olunur)). Qeyd edilənlərə əsasən xahiş edirki, məhkəmənin tərəflər arasında borc münasibətlərinin yaranması və ya əsassız varlanmanın yaranması qənaətinə gəldiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəni tətbiq edərək iddia tələbi rədd edilsin. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının tanışıdır. Belə ki, cavabdeh ilə iddiaçının qohumluq münasibətləri vardır. İddiaçı cavabdehdən şifahi qaydada borca pul istəmiş, iddiaçı isə cavabdehin kart hesabına xx.xx.2019-cu ildə 11.449 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə isə 1900 və və 8500 manat olmaqla ümumilikdə 36.849 manat pul göndərmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 36.849 ( otuz altı min səkkiz yüz qırx doqquz) manat pul verməsini və həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı 2019-cu ildə cavabdehə qaytarmaq şərtilə 36.849 ( otuz altı min səkkiz yüz qırx doqquz) manat borc pul verməsini, sonuncunun isə həmin pulu qaytarmamasını iddia etmişdir. Bu səbəbdən məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim olunmuş sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı borc müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd edilən maddələrin mənasından göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisəyə əsassız varlanma ilə bağlı hüquq normaları tətbiq edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçıdan 36.849 ( otuz altı min səkkiz yüz qırx doqquz) manat pulu alıb özündə saxlayaraq iddiaçının hesabına əsassız varlanmışdır. Lakin cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia ilə bağlı iddia müddətinin tətbiq edilərək iddianınn rədd edilməsini xahiş etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1). Məcəllənin 377.3-cü maddəsinə müvafiq olaraq icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Mülki qanunvericiliyin tələblərinə əsasən icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Mülki Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Borclu öhdəliyini ağlabatan müddətdə icra etmədikdə, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirildikdə borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin də axımı başlayır. Belə ki, iddiaçı bildirir ki, cavabdehə 2019-cu ilin mart ayında 36.849 (otuz altı min səkkiz yüz qırx doqquz) manat məbləğində borca pul vermişdir. Bu hal işə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Lakin tələb etmə anı, yəni öhdəliyin icra müddəti ilə bağlı cavabdehlə iddiaçının göstərdiklərini xüsusatlarda arasında ziddiyyət müəyyən olunur. Belə ki, iddiaçı bildirir ki, borca pul verərkən cavabdehlə pulun 5 ilə qaytarılacağı barədə şərtləri olmuşdur. Lakin cavabdeh bu xüsusatı təkzib edir, habelə iddiaçı bu halın təsdiq edilməsi üçün heç bir yazılı sənəd və ya səs yazısı, yazışmalar təqdim edə bilmir. Həmçinin pulun cavabdehdən tələb edilməsi ilə bağlı da iddiaçı heç bir tutarlı subut təqdim edə bilməmişdir. Məhkəmə bununla bağlı iddiaçının göstərmiş olduğu xüsusatı inandırıcı hesab etmir, belə ki, 36.849 (otuz altı min səkkiz yüz qırx doqquz) manat məbləğində pulun 5 ildən sonra qaytarılması şərtilə hər hansı bir şəxsə borca pul verilməsi və ancaq 5 ildən sonra tələb edilməsi mülki dövriyyə münasibətləri baxımından ağlabatan hesab edilə bilməz. Odur ki, məhkəmə belə qəbul edir ki, tərəflər arasında tələb etmə anı müəyyənləşdirilməmişdir, belə ki, heç bir tərəf tələb etmə anı ilə bağlı dolğun izahat verə bilməmiş, heç bir subut təqdim edə bilməmişdir. Belə olan halda, pul cavabdeh tərəfindən ağlabatan müddətdə geri qaytarılmalıydı, geri qaytarılmadığı təqdirdə isə bu hal iddiaçıya bəlli olduğu vaxtdan başlayaraq qanunla müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən tələb edilməli idi. Ağlabatan müddət göstərilən şərtlər altında borc veriləndən sonra ən qısa müddət kimi bir neçə ay, ən uzun müddət kimi isə 1-2 il kimi müəyyən etmək olar. Odur ki, iddia müddətinin tətbiqi həmin müddətlərin başa çatdığı andan hesablanmalıdır. Belə ki, artıq 2019-2020-ci illərdə iddiaçı bilmişdir ki, cavabdeh aldığı pulu geri qaytarmır. Həmin tarixlərdən isə artıq 5 ilə yaxın vaxt keçmişdir. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti, həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Konkret şəxsə məxsus maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi isə hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. 2000-ci il sentyabrın 01-dək qüvvədə olmuş MM-in 73cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir. Göstərilən müddətlərin keçməsi isə ümumi qaydaya əsasən hüququ pozmuş şəxsə münasibətdə məcburiyyət tədbirlərinin tətbiqindən imtina edilməsinə səbəb olacaqdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına daif’ 30 iyun 2005-ci il tarixli Qərarı). “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, şəxsin qanunla verilmiş imkandan istifadə edərək ona qaldırılmış iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd olunması barədə ərizə verməsi məhkəmə tərəfindən həmin şəxsin ziyanına şərh oluna, iddianın tam və ya qismən etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, mülki qanunvericiliklə tənzimlənən və maddi hüquqi tələb olan iddia müddəti institutundan fərqli olaraq, iddianın etirafı prosessual institut olmaqla, onun ifadə edilməsi və qəbulu barədə məsələlər mülkiprosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi qaydalarla nizamlanır. Məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, iddia müddətinin tətbiqi və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı. Bundan başqa yuxarıda göstərilən normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki tələblə borca pul verdiyi tarixdən, yəni 2019-cu il tarixdən 6 ildən çox müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Belə olduğu halda məhkəmə Mülki Məcəllənin tələbləri baxımından qeyd edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən də, qanunla müəyyən edilmiş əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi iddia müddətinin keçməsi əsası ilə də rədd edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsası ilə rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar