Məhkəmə qərarları › İş №e-2(076)-2978/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2978/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2978/2025 08.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu, İddiaçı "xxxx" KB ASC–nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 32251nkSMKRb/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 2200.06 manat əsas kredit borcu, 22.36 manat faiz borcu olmaqla, cəmi 2222.42 manat məbləğində borcun və 42.63 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 32251nkSMKRb/22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20 000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. Bank bu müqavilə müddətinin sonunadək həmin Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəsmləşdirə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılmasışərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Müqavilə ilə müəyyən edilir. Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnızistehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2022-ci il tarixində illik 28% olmaqla 7500 AZN məbləğində kredit köçürülmüşdür. 2.10 “Borcalan” kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin 40% miqdarında cərimə(dəbbə pulu) tətbiq edə bilər. Borcalan xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı Notariat Ofisinin məlumatına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 mərhumun vərəsələri olduqlarımüəyyən edilmişdir. Bu isə cavabdehin mərhumun hüquqi varisinin olmasıanlamına gəlir. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. İddiaçı isə bu barədə məlumatı özü əldə etmişdir. Sübutların siyahısı: hazırki iddia tələbinin əsası olaraq iddiaçı cavabdehlə bağlanmış Kredit müqaviləsinə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş Bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin Şəxsiyyətini təsdiq edən sənədə, Maliyyə arayışına, Dövlət rüsumun ödənilməsini təsdiq edən sənədə istinad edir. Lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–1–ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025–ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.2–ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan "xxxx" KB ASC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 32251nkSMKRb/22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20 000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. Həmçinin “Yalnızistehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli kütləvi ofertanı X2 (aksept) təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2022ci il tarixində illik 28% olmaqla 7500 AZN məbləğində kredit köçürülmüşdür. İş materiallarında olan Şəmkir Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli məktubdan görünür ki, mərhum X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cavabdehlərə borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, mərhum X1 xx.xx.2022-ci il tarixli, 32251nkSMKRb/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025–ci il tarixə banka olan əsas kredit borcu 2200.06 manat, faiz borcu 22.36 manat olmaqla, cəmi borcu 2222.42 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdeh X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan göndərilmiş məktubların siyahısından görünür ki, cavabdehlərə məhkəmə bildirişi göndərilmiş, cavabdehlər xəbərnaməyə imza etməklə bildirişi almış, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.3–cü və 284–6.1–ci maddələrinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77–ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı bankla X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 32251nkSMKRb/22 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 28 % olmaq şərtilə, 7500 manat məbləğində kredit təyin edilmişdir. Lakin borclu müqavilənin öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun 2200.06 manat əsas kredit borcu, faiz borcu 22.36 manat olmaqla, cəmi 2222.42 borcu qalmışdır. X2 xx.xx.2024–cü il tarixdə vəfat etmiş, bundan sonra adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 1306.1–ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən əsas kredit borcu üzrə 2200.06 manat, 22.36 manat faiz borcu olmaqla, cəmi 2222.42 manat məbləğində pul müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 42.63 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 32251nkSMKRb/22 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 əsas kredit borcu üzrə 2200.06 manat, faiz borcu üzrə 22.36 manat olmaqla, cəmi 2222.42 (iki min iki yüz iyirmi iki, qırx iki qəpik) manat məbləğində pul müştərək qaydada alınıb iddiaçı "xxxx" KB ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3, 42.63 (qırx iki manat, altmış üç qəpik) manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı "xxxx" KB ASC–yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar