Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2979/2025 06.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə İddiaçı ASC–nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 70 (yetmiş) manat dövlət rüsumu, ümumilikdə 5070 (beş min yetmiş) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Hyundai Elantra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan Qərara əsasən “Vaz 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS250943 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. İddiaçı ASC–yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri, qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarı, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Vaz 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024–cü ildən xx.xx.2025–ci ilədək İddiaçı ASC–də sığortalanmışdır. İşdə olan dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Hyundai Elantra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə 5615 manat məbləğində zərər dəymişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2025–ci il tarixli İAS250943 saylı aktdan və ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “Hyundai Elantra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 5000 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.
3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir. Beləliklə, xx.xx.2024-cü il tarixində baş vermiş avtoqəza nəticəsində “Vaz 21074” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyundai Elantra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “Hyundai Elantra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, “Mega sığorta” tərəfindən “Hyundai Elantra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin dəymiş ziyanın məhs sürücü Cavabdeh təqsiri nəticəsində törənməsi barəsində sübutlar mövcud deyil. Bununla da təqsirlilik dispozitiv şərti pozulmuş olur. Həmçinin iddiaçı tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilsə də, bu ödənişin həyata keçirilməsinə əsas müəyyən edilməmişdir. Belə ki, Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilməmiş, daha sonra isə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün material müvafiq dövlət orqanına göndərilmişdir. Lakin iddiaçı tərəfindən Cavabdeh inzibati məsuliyətə cəlb edilərək, inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ya barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə dövlət orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş hər hansı bir qərarı təqdim edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. ( İXM-nin 8-ci maddəsi). Odur ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması öz təsdiqini tapmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36- cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Nazlı Heydərova