Məhkəmə qərarları › İş №e-2(076)-3058/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3058/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3058/2024 25.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK2315489B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 21.5% dərəcəsi ilə 3993 manat məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq deyilsə kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vasitəsinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 3601.09 manat əsas, 390.15 manat faiz, cəmi 3991.24 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3601.09 manat əsas, 390.15 manat faiz, cəmi 3991.24 manat pul vəsaitinin və 59.91 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iştirak etsə də, Cavabdeh nitq qüsurlu olduğundan onun özün izahatının alınması mümkün olmamış və nümayəndəsi (anası) Nümayəndə2 məhkəmə iclasında Cavabdeh qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti onun oğlu Cavabdeh qarşı iddia qaldırıb, guya oğlu Cavabdeh bankdan 3.993 manat kredit götürdüyünü, İddiaçı ASCnin həmin kreditin ödənilməmiş borcundan 3.601.09 manat əsas borc, 390.15 manat faiz borc məbləği olmaqla, cəmi 3.991,24 manat məbləğində ümumi borc tələb edir. İddia ərizəsində göstərilən xüsusatlar yalandır, onun oğlu Cavabdeh həmin bankdan kredit götürməmişdir. Onun oğlu anadan olandan xəstədir, Serebral iflicdir, özünü idarə edə bilmir, oğlunun savadı ağlı yoxdur. Oğluna özü qulluq edir, yeməyini o verir, paltarını o geyindirir, hətta heç yerə tək gedə bilmir. 2023-cü ilin yay ayında İddiaçı ASC Şəmkir Filialının əməkdaşları onlara gəlib, onun oğlu Cavabdeh onların bankından kredit götürməsi və kredit borcunu gecikdirmələri barədə onlara məlumat verəndə oğlunun xəstə olduğunu, heç bir yeri tanımadığını, oxumağı, yazmağı, imza etməyi bilmədiyini bildirmişlər. Bankın işçisi Baş idarələrindən kreditin götürülməsi barədə video görüntü göstərmişdir. O həmin görüntüyə baxanda onların yaşadığı kənddə anası ilə yaşayan X1 adlı şəxsin foto görüntüsünü görmüşdür. Onu tanımış və Bank işçisinə Zərbul Məmmədovun öz qohumlarının da adına kredit götürüb mənimsədiyini bildirmişdir. Bankın işçisi də onun sözünü təsdiqləmiş və 9 nəfər pensiya alan adamların adından kredit götürdüyünü qeyd etmişlər. O, eyni zamanda İddiaçı ASC-nin rəhbərinin yanına getmiş və oğlunun xəstə olduğunu, bankdan pensiya aldığını, oğlunun xəstə olmasını bilə-bilə kredit verərkən nə üçün onun valideynlərini çağırtdırmamalarını soruşmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-yə ərizə ilə müraciət edərək, 3993 AZN kredit məbləğdə kredit xətti ayırmağı xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəriləri təşkil edəcəyini bildirmiş, bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmiş və ərizədə göstərilən məlumatların və gəlir mənbələrinin düzgünlüyünü, habelə akspetsiz silinməyə dair razılığını öz imzası ilə təsdiq etmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK2315489B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən borcalanın 410100F**********299 saylı cari hesabına 48 ay müddətinə, illik 21.5% dərəcəsi ilə 3993 manat məbləğində kredit vəsaiti mədaxil edilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh kredit məbləğinin xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixə kimi hər ay 124.72 manat, sonuncu ay isə 127.39 manat olmaqla ödənilməsinə razı olmuşlar. Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəzinə məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı ASC–nin Şəmkir filialından 3993 manat məbləğində pul almışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2024cü il tarixə Cavabdeh banka xx.xx.2023-cü il tarixli, GTZK2315489B299 saylı kredit müqaviləsi üzrə 3601.09 manat əsas kredit borcu, 390.15 manat faiz borcu olmaqla, cəmi 3991.24 manat məbləğində borcu yaranmışdır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonucu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh olan serebral iflic, keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri, hemiplegiya, sol yuxarı ətrafın monoparezi və aşağı ətrafların paraparezi-Triparez, yeriş funksiyasının kobud pozulması, başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, afaziya, dizatriya xəstəliklərinə görə ona müddətsiz ikinci dərəcə əlillik verilmiş və əmək qabiliyyətisiz olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı iş materiallarında olan sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK2315489B299 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehin 410100F**********299 saylı cari hesabına 48 ay müddətinə, illik 21.5% dərəcəsi ilə 3993 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun xx.xx.2023-cü il tarixli, GTZK2315489B299 saylı kredit müqaviləsi üzrə 3601.09 manat əsas kredit borcu, 390.15 manat faiz borcu olmaqla, cəmi 3991.24 manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, GTZK2315489B299 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı bank borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi (anası) isə məhkəmə iclasında oğlu Cavabdeh xəstə olduğundan özünü idarə edə bilmədiyini və onun bankdan kredit götürmədiyini, kreditin həmkəndlisi Zərbul Məmmədov tərəfindən götürülməsini qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Beləliklə Konstitusiya Məhkəməsinin Plenumunun gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmiş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə edilmiş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. Cavabdehlə kredit müqaviləsi bağlanan zaman qanunla qorunan hüquq və maraqlarının pozulması, eləcə də elektron qaydada bağladığı müqavilədə ifadə olunan iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olması məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Əksinə iddiaçı bank tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən imzalanmış kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, o, xx.xx.2023cü il tarixdə ona 3993 AZN məbləğdə kredit xətti ayrılması barədə İddiaçı ASC-nə müraciət etmiş və həmin ərizədə göstərilən məlumatların və gəlir mənbələrinin düzgünlüyünü, habelə akspetsiz silinməyə dair razılığını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdeh olan oğlu Cavabdeh xəstə olduğunu, heç bir yeri tanımadığını, oxumağı, yazmağı, imza etməyi bilmədiyini, kreditin həmkəndlisi Zərbul Məmmədov tərəfindən götürülməsini göstərmiş olsa da, həmin hallarla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları, həmçinin, oğlunun fəaliyyət qabiliyyəti olmaması və üzərində qəyyum təyin edilməsi barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göründüyü kimi, cavabdehin nümayəndəsinin oğlu Cavabdeh İddiaçı ASC-dən kredit götürməməsi, həmin kredit müqaviləsi barədə məlumatı olmaması barədə dəlilləri məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə təkzib olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK2315489B299 saylı kredit müqaviləsi üzrə 3601.09 manat əsas, 390.15 manat faiz, cəmi 3991.24 (üç min doqquz yüz doxsan bir manat iyirmi dörd qəpik) manat pul vəsaitinin və 59.91 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, GTZK2315489B299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 3601.09 (üç min altı yüz bir manat doqquz qəpik) manat əsas, 390.15 (üç yüz doxsan manat on beş qəpik) manat faiz, cəmi 3.991.24 (üç min doqquz yüz doxsan bir manat iyirmi dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh 59.91 (əlli doqquz manat doxsan bir qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar