Məhkəmə qərarları › İş №e-2(076)-3079/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-3079/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-3079/2025 22.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “Kredit borcunun tutulması tələbi”nə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “Kredit borcunun tutulması tələbi”nə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8662,2 manat əsas, 1309,14 manat faiz, 118,99 manat cərimə, cəmi 10090,33 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120.68 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), dəqiq müəyyən edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehin yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), dəqiq müəyyən edən sənədin əlavə edilməməsi gələcəkdə iddianın təmin olunacağı halda qətnamənin icra olunmasını çətinləşdirə və ya qeyri-mümkün edə və eyni zamanda məhkəmə aidiyyatının pozulması ilə də nəticələnə bilər. Bununla da, məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla iddiaçı, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəanın tələblərinə riayət edilməmiş və yuxarıda göstərilən nöqsanla məhkəməyə təqdim edilmişdir. Prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsinin iddiaçının vəzifəsi olduğu nəzərə alınarsa, məhkəmə hesab edir ki, qeyd olunan nöqsana görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya həmin qüsuru aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquq izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “Kredit borcunun tutulması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar