Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-318/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli CP/38831/87/29 saylı müqaviləyə əsasən 8598.8 manat əsas, 160.72 manat faiz borcu olmaqla, cəmi 8759.52 manat borcun və 108 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aslanova Maral Əli qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli CP/38831/87/29 saylı müqaviləyə əsasən bank ona ümumilikdə 10000 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum Aslanova Maral Əli qızının Banka ümumi olaraq 8759.52 manat borcu vardır. Aslanova Maral Əli qızı 02 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Aslanova Maral Əli qızının qanuni vərəsələridirlər. Aslanova Maral Əli qızı tərəfindən vərəsələrinə qalan miras əmlak Qazax-Tovuz regional Təhsil idarəsinin xx.xx.2023 tarixli, 3-29-39/2- 1003/2023 nömrəli məktubuna əsasən 3554.37 manat pul vəsaitindən ibarətdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 izahat verərək bildirdi ki, Maral Aslanova onun həyat yoldaşı olmuşdur. Həyat yoldaşı Maral Aslanovanın vəfat etməsi ilə əlaqədar iş yerindən onun adına müavinət pulu verilmiş, həmin müavinət pulunun alınması üçün vərəsəlik şəhadətnaməsinin alınması zərurəti yarandığından notariat orqanına müraciət etmişlər. Maral Hüseynovanın adına daşınmaz əmlak ümumi mülkiyyətdə olan torpaq sahəsidir və həmin torpaq sahəsində cavabdehlərin yaşadığı ev yerləşir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, İddiaçı ASC ilə Aslanova Maral Əli qızı arasında xx.xx.2022-ci il tarixli, CP/38831/87/29 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Aslanova Maral Əli qızının xx.xx.2022-ci il tarixli, CP/38831/87/29 saylı kredit müqaviləsi üzrə – 8598.8 manat əsas, 160.72 manat faiz, 0 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Aslanova Maral Əli qızı arasında imzalanmış xx.xx.2022-ci il tarixli, CP/38831/87/29 saylı Kredit müqaviləsinə 1 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən, xx.xx.2026-cı il tarixədək borcundan hər ay 326,02 manat, sonuncu ay 332,50 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Aslanova Maral Əli qızı 03 iyul 2023-cü il tarixdə Şəmkir rayonunda “essensial hipertenziya” səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 2V-3157 saylı 18 oktyabr 2024-cü il tarixli notariat işinin təsdiqli surətindən görünür ki, Aslanova Maral Əli qızından miras qalmış əmlaka dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı notariat ofisində vərəsəlik işi açılmış, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2024-cü il tarixli 2V-91 və 2V-3157 saylı şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Aslanova Maral Əli qızının vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/3 hissədə, Cavabdeh1 miras əmlakdan 1/3 hissədə və Cavabdeh3 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin vermiş olduğu xx.xx.2023-cü il tarixli 03-29-39/2-1003/2023 saylı arayışına əsasən mərhum Aslanova Maral Əli qızının adına 3554.37 (üç min beş yüz əlli dörd manat otuz yeddi qəpik) manat pul vəsaitindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-7393/24 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin məktubundan görünür ki, Aslanova Maral Əli qızının və ailə üzvlərinin adına Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə tərtib edilmiş JN-428A "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında 0.12 ha həyatyanı torpaq sahəsi və ********** qeydiyyat nömrəli 0.2021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum Aslanova Maral Əli qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 10000 manat kredit verilmişdir. Lakin, Maral Aslanova xx.xx.2023-cü il tarixdə öldüyündən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra edə bilməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında 8598,8 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. Maral Aslanova xx.xx.2023-cü il tarixdə ölmüşdür. Maral Aslanova öldükdən sonra onun uşaqları və həyat yoldaşı – hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 miras qoyanın vərəsəsi kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin vermiş olduğu xx.xx.2023-cü il tarixli 03-29-39/2-1003/2023 saylı arayışına əsasən mərhum Aslanova Maral Əli qızının adına 3554.37 (üç min beş yüz əlli dörd manat otuz yeddi qəpik) manat müavinət pulunu notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmişlər və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda Aslanova Maral Əli qızının və ailə üzvlərinin adına Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə tərtib edilmiş JN-428A "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında 0.12 ha həyatyanı torpaq sahəsi və ********** qeydiyyat nömrəli 0.2021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, beləliklə, mirasın formal və qeyriformal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilibedilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər mərhum Aslanova Maral Əli qızının ölümündən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ondan qalmış miras əmlakdan, yəni 0.2021 və 0.12 ha torpaq sahələrindən (miras aktivi) və Aslanova Maral Əli qızının kredit müqaviləsi üzrə borcundan (miras passivi) imtina etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə Aslanova Maral Əli qızının müavinət pulunun alınması məqsədilə notariat orqanına vərəsə kimi ərizə verərək qeyd edilən müavinət pulunu qəbul etmişlər. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasqoyan Aslanova Maral Əli qızının borclarının (miras passivinin) miras aktivi olan torpaq sahəsinin dəyərindən çox olduğuna dair məhkəməyə sübutlar təqdim edilmədiyindən, iddiaçı mərhum Maral Aslanovanın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Odur ki, 8598.8 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 108 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 8598.8 manat əsas, 160.72 manat faiz borcu olmaqla, cəmi 8759.52 (səkkiz min yeddi yüz əlli doqquz manat əlli iki qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu 108 (bir yüz səkkiz) manat pul vəsaiti müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-318/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-318/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver