Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3225/2025 05.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X9 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı ASC–nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2013–cü il tarixli, LS0016417/13 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 5.020,33 manat əsas kredit borcu, 7.666,25 manat faiz borcu, 264,09 manat cərimə borcu olmaqla, cəmi 12.950,67 manat məbləğində pulun və ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla X6 arasında xx.xx.2013–cü il tarixli, LS0016417/13 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank Şubay Hacıyevə 6.527 manat məbləğində kredit vermişdir. Lakin borclu tərəfindən əsas borc və onun faizləri ödənilməmişdir. Hazırda borclunun banka cəmi 12.950,67 manat məbləğində borcu vardır. X2 xx.xx.2014–cü il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdehlər X2nun vərəsələri olaraq müəyyən edilmişlər. Lakin cavabdehlər həmin borcu ödəməkdən yayınmışlar. Odur ki, xx.xx.2013–cü il tarixli, LS0016417/13 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 5.020,33 manat əsas kredit borcu, 7.666,25 manat faiz borcu, 264,09 manat cərimə borcu olmaqla, cəmi 12.950,67 manat məbləğində pulun və ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, mübahisələndirilən kredit məbləğini xx.xx.2013–cü il tarixli kredit müqaviləsi əsasında mərhum atası X6 İddiaçı ASC–dən götürmüşdür. Atası xx.xx.2014–cü il tarixdə vəfat etmişdir. Bundan sonra xx.xx.2015–ci il tarixdə o, digər cavabdehlər və qardaşı X7 mərhum X3 vərəsələri kimi müəyyən edilmişlər. X8 İİ Qarabağ müharibəsi zamanı, yəni xx.xx.2020–ci il tarixdə şəhid olmuşdur. İddiaçı ASC onlara qarşı iddia ərizəsi ilə xx.xx.2025–ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hazırda hesab edir ki, iddiaçı bank borc tələbinə dair iddianı, iddia müddəti keçdikdən sonra irəli sürmüşdür. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddia müddətini tətbiq etməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını, cavabdehlərin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia, iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. Belə ki, işdə olan və X6 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2012–ci il tarixli “Dostlar klubu kartının alınması üçün Ərizə– Anket”dən görünür ki, X6 60 ay müddətinə plastik kart vasitəsilə 150 manat məbləğində kredit xətti və kart üzrə hesablaşmaları aparmaq üçün AZN valyutasında açılmış xüsusi kart hesabını onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2012–ci il tarixli əqdlərin bağlanma şərtlərinə dair Baş Sazişdən görünür ki, tərəflər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 cari hesab (kart hesabı) açılması, plastik kart təqdim edilməsi, bank tərəfindən müştəriyə müəyyən edilmiş xidmətlər göstərilməsi, müştərinin isə həmin əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını, kreditlər üçün nəzərdə tutulmuş faziləri və digər ödənişləri icra etməsi barədə razılaşmışlar. Kartdan istifadə müddəti 60 ay müəyyən edilmişdir. İşdə olan xx.xx.2012–ci il tarixli Razılaşmadan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 150 manat məbləğində bərpa olunan kredit xətti açılmış, həmin Razılaşmanın 2.2–ci bəndinə əsasən müştəriyə təqdim edilmiş kartda minimum 12 ay müddətinə, maksimum illik 36 faiz olmaqla, maksimum 10.000 manat məbləğində vəsait yerləşdirilmişdir. İşdə olan xx.xx.2015–ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2014–cü il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh3, Cavabdeh2, X7 və Cavabdeh1 müəyyən edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2025–ci il tarixə İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2013–cü il tarixli, LS0016417/13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5.020,33 manat əsas kredit borcu, 7.666,25 manat faiz borcu, 264,09 manat cərimə borcu vardır. İşdə olan “Elektron Məhkəmə” X1 görünür ki, X7 xx.xx.2020–ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025–ci il tarixli 2(076)– 3225/2025 saylı qərardadından görünür ki, X7 xx.xx.2020–ci il tarixdə şəhid olduğundan İddiaçı ASC–nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, X5 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025–ci il tarixli 2(076)– 3225/2025 saylı qərardadından görünür ki, məhkəmənin xx.xx.2025–ci il tarixli 2(076)–3225/2025 saylı qərardadı qismən– cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə ləğv edilmiş, X5 münasibətdə isə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla X6 arasında bağlanmış xx.xx.2012–ci il tarixli Baş Sazişə və Razılaşmaya əsasən bank tərəfindən X4 150 manat məbləğində bərpa olunan kredit xətti açılaraq plastik kart təqdim edilmiş, borclu isə həmin əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını, kreditlər üçün nəzərdə tutulmuş faziləri və digər ödənişləri icra etməyi öhdəsinə götürmüşdür. xx.xx.2013–cü il tarixli, LS0016417/13 saylı kredit müqaviləsi üzrə vəsait borclunun kartına köçürülmüşdür. Borclunun banka ödənilməmiş cəmi 12.950,67 manat məbləğində borcu yaranmışdır. X6 xx.xx.2014–cü il tarixdə vəfat etmişdir. Bundan sonra xx.xx.2015–ci il tarixdə cavabdehlər mərhum X3 vərəsələri kimi müəyyən edilmişlər. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, bank tərəfindən X2na təqdim edilmiş kartdan istifadə müddəti 60 ay müəyyən edilmişdir. Belə ki, xx.xx.2012–ci il tarixli əqdlərin bağlanma şərtlərinə dair Baş Sazişin 3.3–cü bəndində göstərilmişdir ki, kartdan istifadə müddəti 60 ay təşkil edir və həmin müddətdə kart bankın mülkiyyəti sayılır. Həmin müddət axımı kartın hazırlandığı tarixdən (xx.xx.2012–ci il) etibarən başlayır, kartdan faktiki istifadə müddəti 1825 gün təşkil edir. Həmçinin, xx.xx.2013–cü il tarixli, LS0016417/13 saylı kredit müqaviləsi üzrə vəsait borclunun kartına köçürülmüşdür. İş materiallarında olan cavabdehlərin ərizəsindən görünür ki, onlar iddiaçı bankın iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırki iddia tələbinə iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60–cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377–ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2025–ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti ilə bağlı tənzimetmənin əsas məqsədlərindən biri hüquqi müəyyənlikdir ki, bu müddət potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qorumaqla, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri–müəyyən və natamam sübutlara əsaslanıb qərar çıxarmaq zərurətindən azad edir. İiddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir Həmin Qərarda daha sonra göstərilmişdir ki, Mülki Məcəllənin iddia müddətinin axımının başlanması ilə bağlı ümumi qaydanın müəyyən olunduğu 377.1–ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, qanunverici əmlak və şəxsi qeyri–əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir. Şəxsin öz əmlak və ya qeyri–əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu istər müqavilə, istərsə də qeyri–müqavilə münasibətləri ilə bağlı hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün tətbiq edilən müddətin başlanmasının ümumi qaydasıdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 378–ci maddəsinə uyğun olaraq, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Borclunun ölümü halında Mülki Məcəllənin 427–ci maddəsi ilə müəyyənləşdirilmiş icra müddəti ərzində öhdəlik icra edilməzsə, Mülki Məcəllənin 377.2 və 377.3–cü maddələri ilə nəzərdə tutulmuş müddətdən etibarən kreditorun hüquq varisliyi prinsipinə əsasən borclunun vərəsələrinə qarşı iddia qaldırmaq hüququ yaranmış olur. Müqavilələrdən yaranan öhdəliklər üzrə iddia müddətlərinin mirasdan imtina üçün qanunvericiliklə müəyyənləşdirilmiş 3 aylıq (məhkəmə qaydasında uzadıldıqda isə ən çoxu 5 aylıq) müddətlərə münasibətdə uzun olması nəzərə alınarsa, kreditor borcluya, onun ölümü halında isə mirasdan imtina etməmiş vərəsələrinə qarşı iddia qaldırmaq üçün kifayət qədər zamana malik olur. Qeyd edilən qərarda nəticə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60–cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380–ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri– əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427–ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377–ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2–ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1–ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2–ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Beləliklə, məhkəmə müəyyən etdi ki, hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ASC–nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdehlər isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı ASC–nin iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı ASC–nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı banka aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №e-2(076)-3225/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3225/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver