Məhkəmə qərarları › İş №e-2(076)-3906/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3906/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3906/2024 17.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3.250 manat məbləğində pulun, 400 manat vəkil xidmət haqqının və 53 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü il tarixdə cavabdeh ona müraciət edərək borc pul istəmiş, o da cavabdehi tanıdığı və etibar etdiyi üçün 3.250 manat məbləğində borc pul vermişdir. Həmin vaxt cavabdeh yazılı qəbz verərək pulu 2024-cü ilin mart ayınadək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh vəd etdiyi müddətdə aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, o, müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmiş və onu əlverişsiz vəziyyətə salmışdır. Həmçinin, cavabdehə pulun ödənilməsi barədə xx.xx.2024-cü il tarixdə məktub ünvanlamışdır. Lakin cavabdehin yaxınlarından əldə etdiyi məlumata əsasən cavabdeh ölkə xaricinə getmişdir. Onun isə həmin pula ehtiyacı vardır. Odur ki, cavabdehdən 3.250 manat məbləğində pulun, 400 manat vəkil xidmət haqqının və 53 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2023-cü il tarixdə cavabdeh təmsil etdiyi şəxsə müraciət edərək 3.250 manat məbləğində borc pul istəmiş, o da cavabdehi tanıdığı və inandığı üçün həmin məbləğdə pulu cavabdehə vermişdir. Cavabdeh isə aldığı borc məbləğini 2024-cü ilin mart ayınadək qaytarmağı öhdəsinə götürmüş, bununla bağlı yazılı qəbz vermişdir. Lakin cavabdeh iddiaçının etibarından sui–istifadə etmiş və vəd etdiyi vaxtda borcunu qaytarmamışdır. Bundan sonra dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, o, müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Hesab edir ki, cavabdehin niyyəti iddiaçının etibarından sui–istifadə etməklə aldığı pulu ödəməmək və bununla da əsassız varlanmaqdan ibarət olmuşdur. Həmçinin, qeyd edir ki, cavabdeh pulu qaytarmadığı üçün təmsil etdiyi şəxs məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün dövlət rüsumu və vəkil xidmət haqqı ödəmişdir. Hesab edir ki, həmin məbləğlər də cavabdehdən alınmalıdır. Odur ki, cavabdehdən 3.250 manat məbləğində pulun, 400 manat vəkil xidmət haqqının və 53 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materialları ilə müəyyən edilir ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri ünvan 1 ünvanı olmuş, məhkəmə bildirişləri cavabdehə çatdırılması üçün Şəmkir şəhər İƏD üzrə nümayəndəliyə və Şəmkir rayon 3 nömrəli Mənzil İstismar Sahəsinə xəbərnaməli poçt vasitəsilə göndərilmiş, onların əməkdaşı müvafiq olaraq xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərnamələrə imza etməklə bildirişləri qəbul etmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan və Cavabdeh tərəfindən imzalanaraq yazılmış qəbzdən görünür ki, o, İddiaçı 3.250 (üç min iki yüz əlli) manat borc pul almış, həmin pulu 2024-cü ilin mart ayında geri qaytaracağını öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya bildirişindən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 3.250 manat məbləğində pulun verilməsini, lakin həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı 2023–cü il tarixdə cavabdehə 3.250 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin məbləği iddiaçıdan almış və 2024-cü ilin mart ayında qaytaracağına dair yazılı qəbz verməklə öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 3.250 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki–Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 3.250 manat məbləğində borc pul alması, lakin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası həmin hissədə əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh 3.250 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin iddianın “400 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 400 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 200 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Həmçinin, ödənilmiş 53 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3.250 (üç min iki yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 53 (əlli üç) manat məbləğində dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xidmət haqqı olmaqla, cəmi 253 (iki yüz əlli üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar