Məhkəmə qərarları › İş №e-2(076)-3909/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3909/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3909/2025 26.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X2 vərəsələri X5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********31 nömrəli kredit müqaviləsinə əsasən 1787.04 manat əsas borcun, 11.91 manat cərimə borcunun və 37.88 manat dövlət rüsumunun və 0.4 manat bank xidməti haqqında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Şəmkir” filial ilə mərhum X6 arasında bağlanan xx.xx.2023-cü il tarixli, BPM**********31 nömrəli kredit müqaviləsinə əsasən Mahir Məmmədova illik 20 “6-lə, 30 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, borcalan Müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. Əldə edilən məlumata əsasən, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 mirasını qəbul etmiş vərəsələri X5, X7, Cavabdeh2 və Cavabdeh3 notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən sözü gedən şəxslərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim” edilmiş maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş xx.xx.2023-cü il tarixli, BPM**********31 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1787.04 manat, cərimə borcu isə 11.91 manat təşkil edir. Belə ki, cavabdehlər X5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli Üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkillə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 37.88 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2023–cü il tarixli BPM**********31 nömrəli müqaviləsindən görünür ki, bank tərəfindən X6 30 ay müddətinə illik 20 % ödəmək şərtilə 2000 manat kredit limiti ayrılmışdır. İşdə olan "xxxx" ASC ilə X6 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2023–cü il tarixli BPM**********31 saylı kredit müqaviləsi üzrə kreditin məbləğini xx.xx.2023–xx.xx.2026–cı illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024–cü il tarixdə vəfat etmişdir. İşdə olan X6 vəfatından sonra xx.xx.2023–cü il tarixdə 2V–374 saylı vərəsəlik şəhadətnamələri tərtib edilmiş və onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mirası qəbul etmişdir. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cavabdehələrə borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışlarından görünür ki, xx.xx.2025–ci il tarixə X2 xx.xx.2023–cü il tarixli BPM**********31 nömrəli müqaviləsi üzrə 212,96 manat əsas kredit borcu, 11,34 manat 17,56 cərimə borcu, vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla X6 arasında bağlanmış xx.xx.2023–cü il tarixli BPM**********31 nömrəli müqaviləsinə əsasən bank tərəfindən X4 30 ay müddətinə illik 20 % ödəmək şərtilə 2000 manat kredit limiti ayrılmışdır. Lakin borclular müqavilələrin öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun xx.xx.2023–cü il tarixli BPM**********31 nömrəli müqaviləsi üzrə 1787,04 manat əsas kredit borcu, 11,91 manat cərimə borcu, qalmışdır. Həmçinin, X6 xx.xx.2024–cü il tarixdə vəfat etmiş, bundan sonra mərhumun adına vərəsəlik işi açılmış və cavabdehlər mirası qəbul etmişdir. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1306.1–ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin məcəllənin 1306.4-cü maddəsinə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. İstinad olunan məcəllənin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306–cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018–ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3dan və Cavabdeh4 xx.xx.2023–cü il tarixli BPM**********31 nömrəli müqaviləsi üzrə 1787,04 manat əsas kredit borcu, 11,91 manat cərimə borcu olmaqla pul tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Ödənilmiş 0,40 manat xidmət haqqı və 37,88 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023–cü il tarixli BPM**********31 nömrəli müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3dan və Cavabdeh4 müştərək qaydada 1787,04 manat əsas kredit borcu, 11,91 manat cərimə borcu tutulub iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3dan və Cavabdeh4 müştərək qaydada 0,40 (qırx qəpik) manat xidmət haqqı və 37,88 (otuz yeddi, səksən səkkiz qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar