Məhkəmə qərarları › İş №e-2(076)-4245/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4245/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4245/2025 14.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi ilə Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 023/412 saylı kredit müqaviləsinə əsasən 8797.38 manat əsas borc, 52.63 manat hesablanmış faiz borcu, 1759.47 manat dəbbə pulu olmaqla, cəmi 10609.48 manat və ödənilmiş 121.90 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 023/412 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 023/412saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 14998.33 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. Kreedit müqaviləsi üzrə öhdəliklərin təmini kimi Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 023/419 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən zamin kredit götürənin müqavilə üzrə öhdəliklərini tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zamin kredit götürənlə birgə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli, 023/412 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 8797.38 manat əsas borc, 52.63 manat hesablanmış faiz borcu, 1759.47 manat dəbbə pulu olmaqla, cəmi 10609.48 manat borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdiyini bildirərək 10000 manat borcu olduğunu borcundan 8000 manat ödəniş etdiklərini, lakin əlavə faiz və dəbbə pulu hesablandığını buna görə də dəbbə pulu ilə razılaşmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 ilə eyni məzmunda izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı "xxxx" BOKT ASC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 023/412 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 8797.38 manat təşkil edir. Cavabdeh1 kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 14998.33 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2020–xx.xx.2024–cü illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2025–ci il tarixə banka xx.xx.2019-cu il tarixli, 023/412 saylı kredit müqaviləsi üzrə 8797.38 manat əsas borc, 52.63 manat hesablanmış faiz borcu, 1759.47 manat dəbbə pulu olmaqla, cəmi 10609.48 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2019-cu il tarixli, 023/412 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı borcun tələbi haqqında bildirişlər göndərilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 023/412saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 8797.38 manat təşkil edir. Cavabdeh1 xx.xx.2020–xx.xx.2024–cü illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış. xx.xx.2019-cu il tarixli, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka xx.xx.2019-cu il tarixli, 023/412 saylı kredit müqaviləsi üzrə borcun məbləği 8797.38 manat əsas borc, 52.63 manat hesablanmış faiz borcu, 1759.47 manat dəbbə pulu olmaqla, cəmi 10609.48 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən bu məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Həmçinin məhkəmə, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və xx.xx.2019-cu il tarixli, 023/412 saylı kredit müqaviləsi üzrə 200 manat müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 023/412 saylı kredit müqaviləsi üzrə 8797,38 manat əsas borc, 52.63 manat hesablanmış faiz borcu, 200 manat dəbbə pulu olmaqla, cəmi 9050,01 (doqquz min əlli manat bir qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" BOKT ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 91.57-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödənilmiş 121.90 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 023/412 saylı kredit müqaviləsi üzrə 8797,38 manat əsas borc, 52.63 manat hesablanmış faiz borcu, 200 manat dəbbə pulu olmaqla, cəmi 9050,01 (doqquz min əlli manat bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121.90 (bir yüz iyirmi bir manat doxsan qəpik) manat pul tutularaq PARA" BOKT ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar