Məhkəmə qərarları › İş №e-2(076)-4350/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4350/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4350/2024 26.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC–nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.141,46 manat məbləğində vurulmuş ziyanın və ödənilmiş 60 manat mediasiya xidmət haqqının alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı– kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023–cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2023–cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC–nin Oba Şəmkir 16 mağazasında çalışdığı zaman xx.xx.2023–cü il tarixdə aparılmış inventarizasiyalar nəticəsində cavabdehin cəmiyyətə ziyan vurması müəyyən edilmişdir. xx.xx.2023–cü il tarixli “İnventarizasiya Nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləğinin 3.386,27 manat olması məlum olmuşdur. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq qalıq borc 2.141,46 manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh vurduğu ziyanı ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq cavabdehdən 2.141,46 manat məbləğində borcun və ödənilmiş 60 manat mediasiya xidmət haqqının alınıb İddiaçı MMC–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–1–ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024–cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.2–ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşdə olan xx.xx.2021–ci il tarixli 580 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC–yə satıcı–kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan xx.xx.2023–cü il tarixli 21 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC–də administrator vəzifəsinə keçirilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış, cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunmuşdur. İşdə olan xx.xx.2023–cü il tarixli 151x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2–ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşdə olan iltizamnamədən görünür ki, Cavabdeh yoxlamanın nəticəsinə heç bir etiraz etmədiyini qeyd etmişdir İşdə olan xx.xx.2024–cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil–təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023–cü il tarixdə 3.386,27 manat çatışmazlıq olması müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra qalıq borc 2.141,46 manat təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı MMC–nin nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan göndərilmiş məktubların siyahısından görünür ki, cavabdehə məhkəmə bildirişi göndərilmiş, cavabdeh xx.xx.2024–cü il tarixdə xəbərnaməyə imza etməklə bildirişi almış, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.3–cü və 284–6.1–ci maddələrinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77–ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı– kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023–cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2023–cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC–nin Oba Şəmkir 16 mağazasında çalışdığı zaman xx.xx.2023–cü il tarixdə aparılmış inventarizasiyalar nəticəsində cavabdehin cəmiyyətə ziyan vurması müəyyən edilmişdir. xx.xx.2023–cü il tarixli “İnventarizasiya Nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləğinin 3.386,27 manat olması məlum olmuşdur. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq qalıq borc 2.141,46 manat təşkil etmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1–ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1–ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2–ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199–cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1–ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2.141,46 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 60 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiaysında üzrsüz səbəbdən isştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2.141,46 (iki min yüz qırx bir manat qırx altı qəpik) manat məbləğində pul və 60 (altmış) manat mediasiya xidmət haqqı alınıb İddiaçı MMC–yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar