Məhkəmə qərarları › İş №e-2(076)-491/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-491/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-491/2025 03.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə , İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli BPM**********49 saylı kredit müqaviləsinə əsasən 1228.68 manat əsas borc və 30.62 manat faiz borcu olmaqla, cəmi 1259.30 (bir min iki yüz əlli doqquz manat otuz qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə İsayeva Aybəniz Teymur qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********49 saylı kredit müqaviləsinə əsasən İsayeva Aybəniz Teymur qızına 60 ay müddətinə illik 25 faiz olmaqla 2690 manat məbləğində nağd kredit verilmişdir. X1 Teymur qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 794 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum İsayeva Aybəniz Teymur qızının adına vərəsəlik işi qanun üzrə vərəsləri olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, İsayeva Aybəniz Teymur qızının xx.xx.2018-ci il tarixli BPM**********49 saylı kredit müqaviləsinə əsasən 1228.68 manat əsas borc və 30.62 manat faiz olmaqla, cəmi 1259.30 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum İsayeva Aybəniz Teymur qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, "xxxx" ASC ilə İsayeva Aybəniz Teymur qızı arasında xx.xx.2018-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 25 faiz olmaqla 2690 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İsayeva Aybəniz Teymur qızının "xxxx" ASC-yə kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə borcundan hər ay 79,00 manat sonuncu ay 73,69 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü ilin tarixli maliyyə arayışından görünür ki, İsayeva Aybəniz Teymur qızının xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu – 1228.68 manat, faiz borcu 30.62 manat olmaqla, cəmi borcu 1259.30 manat təşkil edir. İş materiallarında olan AZ-İİ 269837 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsayeva Aybəniz Teymur qızı xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində Beyindaxili qansızma, Esensial hipertenziya səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 794 nömrəli 07 may 2024-cü il tarixli məktubdan görünür ki, İsayeva Aybəniz Teymur qızından miras qalmış əmlaka dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli, 2V-1097 saylı reyestrdə qeydə alınan qanun üzrə vərəsəlik işi açılmış, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum İsayeva Aybəniz Teymur qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 2690 manat kredit verilmişdir. Lakin, Aybəniz İsayeva xx.xx.2022-ci il tarixdə öldüyündən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra edə bilməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında kredit üzrə 1259.30 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. İsayeva Aybəniz Teymur qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O öldükdən sonra onun vərəsəsi – hazırki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vərəsəsi kimi notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş vərəsə kimi tanılmışdır . Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, beləliklə, mirasın formal və qeyriformal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum İsayeva Aybəniz Teymur qızının ölümündən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ondan qalmış miras əmlakdan, İsayeva Aybəniz Teymur qızının kredit müqaviləsi üzrə borcundan (miras passivi) imtina etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasqoyan İsayeva Aybəniz Teymur qızının borclarının (miras passivinin) miras aktivi olan torpaq sahəsinin dəyərindən çox olduğuna dair məhkəməyə sübutlar təqdim edilmədiyindən, iddiaçı mərhum İsayeva Aybəniz Teymur qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Odur ki, 1228.68 manat, 30.62 manat faiz borcu, cəmi 1259.30 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqın da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kredit üzrə 1228.68 manat əsas borc və 30.62 manat borcu olmaqla cəmi 1259.30 (bir min iki yüz əlli doqquz manat otuz qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu 33 (otuz üç) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar