Məhkəmə qərarları › İş №e-2(076)-546/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-546/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-546/2025 10.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlu, İddiaçı «FİNKO” BOKT ASC nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə əsas borc üzrə 1675,12 manat məbləğində qalıq, ona hesablanmış 171,12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 338,45 manat məbləğində dəbbə pulu, cəmi 2184,69 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 42 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00001ET- 011741-2 №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 3000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tariхli, 2023/00001ET-Z011741-2 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözü gedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Krеdit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhlərə dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq cаvаbdеh krеdit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. İddianın qiyməti: xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 1675,12 manat məbləğində qalıq, ona hesablanmış 171,12 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 338,45 manat məbləğində dəbbə pulu, cəmi 2184,69 manat məbləğində borc yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00001ET-011741/2 №-li İstehlak Kredit müqaviləsnə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 3000 manat məbləğədə kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, "xxxx" BOKT ASC (Bank) ilə Cavabdeh2 (zamin) xx.xx.2023-cü il tarixli, 2023/00001ET-Z011741-2 №-li zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, "xxxx" BOKT ASC ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 2023/00001ET- 011741/2 №-li kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00001ET-011741/2 №-li Kredit müqaviləsinə 1 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi "xxxx" BOKT ASC -nə olan borcundan hər ay 143,33 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1675,12 manat məbləğində qalıq, ona hesablanmış 171,12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 338,45 manat məbləğində dəbbə pulu, cəmi 2184,69 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 33,4 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, «FİNKO” BOKT ASC-nin xeyrinə cavabdehlərdən müştərək qaydada xx.xx.2023cü il tarixli, 2023/00001ET-011741-2 №-li kredit müqaviləsi üzrə yaranmış 1675,12 manat məbləğində qalıq, ona hesablanmış 171,12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 33,4 manat məbləğində dəbbə pulu, cəmi 1879,64 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 42,00 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 2023/00001ET-011741-2 №-li kredit müqaviləsi üzrə yaranmış 1675,12 manat məbləğində qalıq, ona hesablanmış 171,12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 33,4 manat məbləğində dəbbə pulu, cəmi 1879,64 (bir min səkkiz yüzyetmiş doqquz manat altmış dörd qəpik) manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 (qırx iki) manat pul alınaraq «FİNKO” BOKT ASC nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar