Məhkəmə qərarları › İş №e-2(076)-966/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-966/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-966/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə , İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vəliyeva Darçın Zal qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM **********69 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 6046.44 manat əsas, 74.75 manat faiz borcu, kart kredit limiti üzrə 299.18 manat əsas, 5.02 manat faiz borcu olmaqla ümumilikdə 6425.39 (altı min dörd yüz iyirmi beş manat otuz doqquz qəpik) manat kredit borcunun, ödənilmiş 84.25 (səksən dörd manat iyirmi beş qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Vəliyeva Darçın Zal qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM **********69 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən Vəliyeva Darçın Zal qızına 48 ay müddətinə illik 22 faiz olmaqla 6300 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti verilmişdir. Vəliyeva Darçın Zal qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 1451 saylı cavab məktubundan görünür ki, Vəliyeva Darçın Zal qızının vərəsəsi Cavabdehdur. Bankın “Şəmkir” filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Vəliyeva Darçın Zal qızının xx.xx.2023-ci il tarixli BPM **********69 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 6046.44 manat əsas, 74.75 manat faiz borcu, kart kredit limiti üzrə 299.18 manat əsas, 5.02 faiz borcu qalmışdır. Cavabdeh mərhum Vəliyeva Darçın Zal qızından qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, "xxxx" ASC ilə Vəliyeva Darçın Zal qızı arasında xx.xx.2021-ci il tarixli, BPM**********69 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 6300 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü maliyyə arayışından görünür ki, Vəliyeva Darçın Zal qızının xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu – 6046,44 manat, faiz borcu 74.75 manat olmaqla, cəmi borcu 6121,19 manat təşkil edir. İş materiallarında olan AZ-İİ 210805 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vəliyeva Darçın Zal qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan BPM**********69 nömrəli tam kart çərçivə müqaviləsindən və ona əlavə olan razılaşmadan görünür ki, Vəliyeva Darçın Zal qızına “Tam-kart” verilmiş və 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Vəliyeva Darçın Zal qızının xx.xx.2021-ci il tarixli kredit xəttinə üzrə əsas borcu –299.18 manat, faiz borcu 3.27 manat olmaqla, cəmi borcu 304,20 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 1451 nömrəli 31 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Vəliyeva Darçın Zal qızından miras qalmış əmlaka dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı notariat ofisində vərəsəlik işi açılmış, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 13 sentyabr 2023-cü il tarixdə banka olan borcun ödənilməsi, əks təqdirdə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum Vəliyeva Darçın Zal qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 6300 manat kredit verilmiş və əlavə olaraq 300 manatlıq kredit xətti açılmışdır. Lakin, Elmira Hüseynova xx.xx.2022-ci il tarixdə öldüyündən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra edə bilməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında kredit üzrə 6121,19 manat məbləğində və kredit xətt üzrə 304,20 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. Vəliyeva Darçın Zal qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun öldükdən sonra onun vərəsəsi – hazırki iş üzrə Cavabdeh vərəsəsi kimi notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş vərəsə kimi tanılmışdır . Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, beləliklə, mirasın formal və qeyriformal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Vəliyeva Darçın Zal qızının ölümündən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ondan qalmış miras əmlakdan, Vəliyeva Darçın Zal qızının kredit müqaviləsi üzrə borcundan (miras passivi) imtina etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasqoyan Vəliyeva Darçın Zal qızının borclarının (miras passivinin) miras aktivi olan torpaq sahəsinin dəyərindən çox olduğuna dair məhkəməyə sübutlar təqdim edilmədiyindən, iddiaçı mərhum Vəliyeva Darçın Zal qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Odur ki, 6046,44 manat, 74,75 manat faiz borcu, kart kredit limiti üzrə 299.18 manat, faiz borcu 5,02 manat olmaqla ümumilikdə 6425,39 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 84.25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqın da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh kredit üzrə 6121,19 manat məbləğində və kredit xətt üzrə 304,20 manat məbləğində, cəmi 6425,39 (altı min dörd yüz iyirmi beş manat otuz doqquz qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu 84.25 (səksən dörd manat iyirmi beş qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq "xxxx" ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar