Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-968/2024 20.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamil oğlunun iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Kamil oğluna qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Kamil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüseynova Elmira Qulu qızının vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Kamil oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********49 nömrəli kredit müqaviləsi üzrə 4614,91 manat əsas, 0,40 manat xidmət haqqının və 66.15 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Hüseynova Elmira Qulu qızı arasında xx.xx.2022-ci il tarixli BPM**********49 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Hüseynova Elmira Qulu qızına illik 22 %-lə 48 ay müddətinə 4800 manat kredit verilmişdir. Hüseynova Elmira Qulu qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Şəmkir rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli 1451 saylı cavab məktubundan görünür ki, Hüseynova Elmira Qulu qızının vərəsəsi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dur. Bankın “Şəmkir” filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Hüseynova Elmira Qulu qızının Banka ödənilməmiş 4614.91 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum Hüseynova Elmira Qulu qızından qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Kamil oğlu izahat verərək bildirdi ki, Elmira Hüseynova onun həyat yoldaşı olmuşdur. Həyat yoldaşının kreditindən məlumatları olmamışdır. Həyat yoldaşı Elmira Hüseynovanın vəfat etməsi ilə əlaqədar iş yerindən onun adına müavinət pulu verilmiş, həmin müavinət pulunun alınması üçün vərəsəlik şəhadətnaməsinin alınması zərurəti yarandığından notariat orqanına müraciət etmişlər. Elmira Hüseynovanın adına hər hansı daşınar və daşınmaz əmlak qeyd edilməmişdir. Belə ki, adlarına əvvəllər torpaq sahəsi olsa da həmin torpaq sahəsi Elmira Hüseynovanın sağlığında satılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 digər Cavabdeh2 Kamil oğlunun izahatında qeyd etdiyi xüsusatları təsdiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, "xxxx" ASC ilə Hüseynova Elmira Qulu qızı arasında xx.xx.2022-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4800 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Hüseynova Elmira Qulu qızının xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu – 4614,91 manat, faiz borcu 0 manat olmaqla, cəmi borcu 4614,91 manat təşkil edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova Elmira Qulu qızı 11 oktyabr 2022-ci il tarixdə “beyindaxili qansızma, essensial hipertenziya” xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 1457 nömrəli 31 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Hüseynova Elmira Qulu qızından miras qalmış əmlaka dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı notariat ofisində vərəsəlik işi açılmış, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Kamil oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli 2V-807, 2V-808 və 2V-809 saylı şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci tarixdə vəfat etmiş Hüseynova Elmira Qulu qızının vərəsəsi Cavabdeh2 Kamil oğlu miras əmlakdan 1/3 hissədə, Cavabdeh1 miras əmlakdan 1/3 hissədə və Cavabdeh3 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin vermiş olduğu xx.xx.2022-ci il tarixli 00-01-561/10 saylı arayışına əsasən mərhum Hüseynova Elmira Qulu qızının adına 1904,01 (bir min doqquz yüz dörd manat 01 qəpik) manat müavinət pulundan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 13 sentyabr 2023-cü il tarixdə banka olan borcun ödənilməsi, əks təqdirdə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-40/2-2261/24 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin məktubundan görünür ki, Hüseynova Elmira Qulu qızının və ailə üzvlərinin adına Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə tərtib edilmiş JN-1366 "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı əsasında 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.50 ha hissəsi özgəninkiləşdirilib, yerdə qalan 0.15 ha hissəsinə dair xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum Hüseynova Elmira Qulu qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 4800 manat kredit verilmişdir. Lakin, Elmira Hüseynova xx.xx.2022-ci il tarixdə öldüyündəm müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra edə bilməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında 4614,91 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. Elmira Hüseynova xx.xx.2022-ci il tarixdə ölmüşdür. Elmira Hüseynova öldükdən sonra onun uşaqları və həyat yoldaşı – hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Kamil oğlu miras qoyanın vərəsəsi kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin vermiş olduğu xx.xx.2022-ci il tarixli 00-01-561/10 saylı arayışına əsasən mərhum Hüseynova Elmira Qulu qızının adına 1904,01 (bir min doqquz yüz dörd manat 01 qəpik) manat müavinət pulunu notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda JN-1366 "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı əsasında Hüseynova Elmira Qulu qızının və ailə üzvlərinin adına 0.15 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, beləliklə, mirasın formal və qeyriformal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilibedilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər mərhum Hüseynova Elmira Qulu qızının ölümündən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ondan qalmış miras əmlakdan, yəni 0,15 ha torpaq sahəsindən (miras aktivi) və Hüseynova Elmira Qulu qızının kredit müqaviləsi üzrə borcundan (miras passivi) imtina etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə Hüseynova Elmira Qulu qızının müavinət pulunun alınması məqsədilə notariat orqanına vərəsə kimi ərizə verərək qeyd edilən müavinət pulunu qəbul etmişlər. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasqoyan Hüseynova Elmira Qulu qızının borclarının (miras passivinin) miras aktivi olan torpaq sahəsinin dəyərindən çox olduğuna dair məhkəməyə sübutlar təqdim edilmədiyindən, iddiaçı mərhum Elmira Hüseynovanın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Kamil oğlundan tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Odur ki, 4614,91 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 66.15 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqın da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Kamil oğlundan 4614,91 (dörd min altı yüz on dörd manat doxsan bir qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi 66.55 (altmış altı manat əlli beş qəpik) manat pul vəsaiti müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-968/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-968/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver