Məhkəmə qərarları › İş №e-2(077)-111/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-111/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-111/2022 26.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 18.12.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3523,42 (üç min beş yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində əsas borc,43,73 (qırx üç manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu,1698,32 (bir min altı yüz doxsan səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 5265,47 (beş min iki yüz altmış beş manat qırx yeddi qəpik) manat borc və ödənilmiş 72,66 (yetmiş iki manat altmış altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 18.12.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh qalıq borcu olan 3523,42 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür.Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh2 arasında 18.12.2019-cu il tarixli 025G**********01 saylı zaminlik müqaviləsi imzalanmışdır.Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış,kredit müqaviləsi üzrə 20.10.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.Həmçinin kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır,ona görə də,31.01.2022-ci il tarixə 468 gün üçün hesablanmış faiz borcu 43,73 manat təşkil edir.Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02% məbləğində cərimə ödəməli olduğundan 31.01.2022-ci il tarixinə 468 gün üçün 1698,32 manat cərimə borcu hesablanmışdır.Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarmadıqda,ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək,kredit məbləğini,faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı QSC-nin nümayəndəsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər.İddiaçı QSC-nin nümayəndəsi ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2019-cu il tarixli 025A********** saylı güzəştli kredit müqaviləsindən görünür ki,“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh qalıq borcu olan 3523,42 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 18.12.2019-cu il tarixli 025G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - iddiaçı İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş 19.01.2022-ci il tarixli bildirişlərdən görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. - iddiaçı İddiaçı QSC-nin 09.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh1 18.12.2019-cu il tarixli 025A********** saylı güzəştli kredit müqaviləsi üzrə 31.01.2022-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 3523,42 manat əsas,43,73 manat faiz və 1698,32 manat cərimə borcu olmaqla,ümumilikdə 5265,47 manat təşkil edir. - X2 Ödənilmiş 08.02.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 72,66 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd edir ki,cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, iddia ərizəsində qeyd olunmuş 1698,32 manat cərimənin məbləği azaldılmalı,43 manat müəyyən edilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və 18.12.2019-cu il tarixli 025G**********01 saylı zaminlik müqaviləsinə əsasən,məhkəmə hesab edir ki, Cavabdeh2 bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa,borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq,cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən,İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2019-cu il tarixli 025A********** №-li kredit müqaviləsi ləğv edilməli,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.12.2019-cu il tarixli 025A********** №-li kredit müqaviləsi üzrə 3523,42 manat əsas,43,73 manat faiz borcu və 43 manat cərimə borcu olmaqla,cəmi 3610,15 manat məbləğində kredit borcu tutularaq İddiaçı QSC-nə ödənilməlidir. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 72,66 manat pul iddia qismən təmin edildiyindən cavabdehlərdən müştərək qaydada 50 manat məbləğində alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227 və 357-362ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3523,42 (üç min beş yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində əsas borc,43,73 (qırx üç manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu,43 (qırx üç) manat məbləğində cərimə borcu olmaqla,cəmi 3610,15 (üç min altı yüz on manat on beş qəpik) manat borc və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar