Məhkəmə qərarları › İş №e-2(077)-118/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-118/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-118/2024 02.04.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, AGNPU-03754 saylı kredit müqaviləsinə əsasən 12934,39 manat əsas borc, 617,25 manat faiz borcu, 2169,43 manat cərimə olmaqla, cəmi 15721,07 manat borcun və 140,44 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AGNPU-03754 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 19000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin İddiaçı ASC-yə kredit müqaviləsinə əsasən 12934,39 manat əsas borc, 617,25 manat faiz borcu, 2169,43 manat cərimə olmaqla, cəmi 15721,07 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan, təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək məhkəməyə verdiyi izahatında göstərdi ki, bankdan 19000 manat kredit götürmüşdür. Əvvəllər ödənişlərini etmiş, sonradan maddi vəziyyəti ilə əlaqədar ödənişlərini davam etdirə bilməmişdir. Borcunu ödəməkdən boyun qaçırmır. Cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AGNPU-03754 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 19000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli RB-02/PK-656 saylı maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2022-ci il tarixli, AGNPU-03754 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 12934,39 manat əsas borc, 617,25 manat faiz borcu, 2169,43 manat cərimə olmaqla, cəmi 15721,07 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 140,44 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehdən xx.xx.2022-ci il tarixli, AGNPU- 03754 saylı kredit müqaviləsinə əsasən 12934,39 manat əsas borc və 617,25 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, 2169,43 manat dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan dəbbə pulu 269,43 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 88 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 140,44 manat dövlət rüsumunun 123,59 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, AGNPU-03754 saylı kredit müqaviləsinə əsasən 12934,39 manat əsas borc, 617,25 manat faiz borcu, 269,43 manat cərimə olmaqla, cəmi 13821,07 (on üç min səkkiz yüz iyirmi bir manat 7 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 123,59 (bir yüz iyirmi üç manat 59 qəpik) manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar