Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-12/2025 07.02.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 28.000 manat borcun, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 500 manatın və 176 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci ilin noyabr ayında “Tiktok” sosial şəbəkəsində tanış olmuş, həmin vaxtdan münasibətləri yaranmışdır. Cavabdeh həmin vaxt özünü hərbçi kimi təqdim etmiş, hətta özünün hərbi geyimdə fotoşəklini də göndərmişdir. Cavabdeh hərbçi olduğundan ona aşağı faizlə ipotekaya ev verildiyini bildirmiş, onun bu vədinə inanaraq 2022-ci ilin noyabr ayından 2023-cü ilin mart ayının ortalarına kimi olan vaxt ərzində Cavabdeh istifadəsində olan **********998734 və son rəqəmləri 50597412 olan bank kartlarına ümumilikdə 28.000 manat məbləğində pul göndərmişdir. Bundan sonra aldığı evin sənədlərini və ya evi göstərməsini tələb etdik də, Cavabdeh müxtəlif yollarla bundan yayınmışdır. Sonra isə telefonlarına cavab verməmiş və pulu qaytarmaqdan yayınmışdır. Ərizə ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət edərək, Cavabdeh onun etibarından və inamından sui istifadə edərək 28.000 AZN məbləğində pul vəsaitini ələ keçirdiyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı, Ülvi Hadiyev xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh verilmiş şikayəti qismən etiraf edərək İddiaçı hissə-hissə olmaqla 2022-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayının ortalarına kimi 16.000 manat məbləğində borc pul almasını etiraf etmişdir. Həmin pul vəsaitinin bir qismini cavabdehin **********998734 nömrəli bank kartına, bir qismini isə ona nağd şəkildə vermişdir. Göründüyü kimi cavabdeh öz öhdəliyini icra etməmiş, dəfələrlə pulunu qaytarmasını tələb etməsinə baxmayaraq pul vəsaitini qaytarmamış və bununla da ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Tiktok” sosial şəbəkəsində “Shirmayi” adlı istifadəçi ilə tanış olmuş, onunla 1-2 dəfə restoranda görüşmüşlər. Həmin vaxtı Şirmayi hədiyyə olaraq ona idman paltarı və ayaqqabısı almışdır. Hətta dostları ilə yemək yemək üçün 100 manat da pul göndərmişdir. Daha sonra pula ehtiyacı olduğunda Şirmayidən borca pul istəmiş, Şirmayi də etiraz etmədən pulu vermişdir. Şirmayi onun Unibank kartına 9900 manat, Azər-Türk Bank kartına isə 5242 manat pul göndərmişdir. Hazırda iddiaçıya 15142 manat borcu var. Ona görə də, məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı Ülvi Hadiyevin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh ev almaq adı ilə onun etibarından sui-istifadə edərək 20000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə Xətai RPİ-nə ünvanlanmış müraciətinin araşdırılması zamanı Dadaşova (Məmmədova) Şirmayi Əhliman qızı izahatında bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, "Xalqlar Dostluğu" Ticarət Mərkəzinin arxasında yerləşən gözəllik salonunda stilist vizajist işləyir. 2022-ci ilin noyabr ayında "Tik tok" sosial şəbəkəsində Orxan adlı şəxs ilə tanış olmuş, həmin şəxslə aralarında səmimi münasibət yaranmışdır. Orxan özünü ciddi şəxs kimi təqdim etdiyi üçün hətta onunla evlənmə barədə düşünmüşdür. Bundan sonra Orxanla mütəmadi olaraq görüşüb, münasibət saxlayırlar. Həmin vaxt Orxan 6 il əvvəl evli olub boşandığını və subay olduğunu bildirmişdir. Orxan ona özünü hərbi qulluqçu kimi təqdim etmişdir və Şuşada yerləşən hərbi hissədə hərbi qulluqçu olduğunu demişdir. Hətta ona video görüntü ilə zəng edən zaman onu hərbi geyim formasında da görmüşdür. Söhbət zamanı Orxana evinin olmadığını bilirmişdir. Buna görə ona təklif etmişdir ki, o hərbi qulluqçu olduğu üçün ona aşağı faizlə ipotekaya ev verilir. O Orxana inanmış və düşünmüşdür ki, ciddi münasibəti var və evlənib ailə həyatı qura bilərlər. Buna görə Orxana bildirmişdir ki, onun üçün ev almaga köməklik etsin. Orxan Bakı şəhəri, Yasamal rayonu ərazisində ipotekaya evlərin olduğunu bildirib ondan ilkin ödəniş kimi pul istəmişdir. O 2022-ci ilin noyabr ayından 2023-cü ilin mart ayının ortalarına kimi olan vaxt ərzində onun üçün ev almaq məqsədi ilə Orxanın **********998734 va son rəqəmləri 50597412 bank kartlarına ümumilikdə 28000 manat pul göndərmişdir.Bundan sonra Orxandan onun üçün aldığı evin sənədlərini və ya evi göstərməsini tələb etmişdir. Daha sonra Orxan mobil telefonuna cavab verməmiş va ondan yayınmağa başlamışdır. 2023-cü ilin iyun ayında o Orxanın Yasamal rayonunda yerləşən evini tapmış və gedib onunla görüşmüşdür. Həmin vaxt Orxan ilə evin həyətində görüşmüş və Orxandan pulunu geri verməsini, ya da aldığı evi və ya sənədləri təqdim etməsini tələb etmişdir. Bundan sonra Orxan ev almadığını və onu aldadıb pulunu şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Orxanın bank hesabına göndərdiyi pulların çekləri və bankdan çıxarış onda var və təqdim edə bilər.Sonuncu pulu Bakı şəhəri, Xətai rayonu ərazisində Orxana verdiyi üçün məhz Xətai RPİ-nə müraciət etmişdir. Orxan onun ümumilikdə 28000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İzahatı alınmış Cavabdeh göstərmişdir ki, 2022-ci ilin avqust-sentyabr ayında “Tiktok” sosial şəbəkəsində “Shirmayi” adlı istifadəçi ilə tanış olmuşdur. Bundan sonra həmin şəxslə “İnstagram” sosial şəbəkəsində danışdıqdan sonra tanış olub görüşmüşlər. Şirmayi özü gözəllik salonunda işləmişdir. Onunla 1 dəfə restoranda, iki dəfə isə oteldə görüşmüşlər və aralarında sevgi münasibəti var idi. Həmin vaxtı Şirmayi hədiyyə olaraq ona idman paltarı və ayaqqabısı almışdır. Hətta dostları ilə yemək yemək üçün 100 manat da pul göndərmişdir. Daha sonra müxtəlif bəhanələr ilə ayrı-ayrı vaxtlarda Şirmayidən 1000, 2000, 3000 manat pula ehtiyacı olan kimi istəmişdir. Şirmayidən pulu borca istəmişdir. Şirmayi də etiraz etmədən pulu vermişdir. Bu minvalla Şirmayidən ümumilikdə 15000-16000 manat pul almışdır. Lakin həmin pulları Şirmayiyə qaytarcağını demişdir. Lakin o Şirmayi üçün ev almaq adı ilə ondan pul almamışdır. Düzdür onun hərbi geyim formasında foto şəkilləri olsa da, o hərbi qulluqçu olmamışdır.Özü Şuşa şəhərindən olduğu üçün gəzmək məqsədi ilə Şuşa şəhərinə getmişdir.Hərbi geyim formasını isə 2-ci Qarabağ müharibəsi bitdikdən sonra hərbiçi olmaq istəmiş, bu məqsədlə xüsusi təyinatlılara məxsus hərbi geyimdə almışdır. Şirmayi ilə ümumi münasibəti 2023-cü ilin fevral-mart ayına kimi davam etmişdir. Cavabdeh əməlində etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə edərək dələduzluq cinayətin tərkib əlaməti müəyyən edilməməsini, onun sevgili olduğu müddətdə X1 pulu ona ev almaq üçün deyil, sonuncudan pulu hissə-hissə borc olaraq almasını nəzərə alaraq həmçinin, toplanmış materialda cinayət işinin başlanması üçün dəlillər, cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən hallar mövcud olmadığından, eyni zamanda tərəflər arasında olan münasibətlərin mülki xarakterli, yəni mülki mübahisə predmeti olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Dadaşova (Məmmədova) Şirmayi Əhliman qızına vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh istifadəsində olan, "xxxx" ASCyə məxsus **********998734 nömrəli karta 2022-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayının ortalarına qədər olan müddət ərzində 5242 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmənin Cavabdeh məxsus, son 8 rəqəmi 50597412 olan “Leobank” kartına 2022ci ilin sentyabr ayından 2023-cü ilin mart ayının ortalarına qədər olan müddət ərzində daxil olmuş vəsaitlərin məbləğləri barədə sorğusuna "xxxx" KB ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlardan görünür ki, həmin dövr ərzində cavabdehin hesabına 9900 manat məbləğində pul vəsaiti mədaxil olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 176 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqlarının müdafiəsi üçün “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına 500 manat ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qərarı ilə tərəflər arasında olan münasibətlərin mülki xarakterli, olduğu, yəni borc münasibətlərindən yaranmış mübahisə olduğu təsbit edilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin börc müqaviləsinə dair normaları müvafiq qaydada tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla Cavabdeh 2022-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayının ortalarına qədər olan müddət ərzində İddiaçı ümumilikdə 15142 manat məbləğində borc alması və həmin məbləği qaytarmaması təsdiq olunmuşdur. İddiaçı cavabdehə cəmi 28000 manat pul verdiyini iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilərək, 15142 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ, 500 manat hüquqi yardıma görə xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 54 faiz təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 176 manat dövlət rüsumunun 95 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15142 (on beş min bir yüz qırx iki) manat borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun 95 (doxsan beş) manat hissəsi olmaqla, cəmi 15737 (on beş min yeddi yüz otuz yeddi) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-12/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-12/2025
07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver