Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-128/2022 07.07.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borc tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq,Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 941,76 (doqquz yüz qırx bir manat yetmiş altı qəpik) manat məbləğində kredit bоrcu,115,58 (bir yüz on beş manat əlli səkkiz qəpik) manat məbləğində faiz bоrcu,2958 (iki min doqquz yüz əlli səkkiz) manat məbləğində cərimə olmaqla,ümumilikdə cəmi 4015 (dörd min on beş) manat 34 (otuz dörd) qəpik məbləğində bоrcun və ödənilmiş 60,16 (altmış manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə “iddia ərizəsinə düzəlişə” dair ərizə verərək,cavabdehlər sırasında zamin kimi Cavabdeh1 adı qeyd edilsə də,iddia ərizəsinin “xahiş etdim” hissəsində qeyd olunmadığını bildirmiş,ona görə də,Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 941,76 (doqquz yüz qırx bir manat yetmiş altı qəpik) manat məbləğində kredit bоrcu,115,58 (bir yüz on beş manat əlli səkkiz qəpik) manat məbləğində faiz bоrcu,2958 (iki min doqquz yüz əlli səkkiz) manat məbləğində cərimə olmaqla,ümumilikdə cəmi 4015 (dörd min on beş) manat 34 (otuz dörd) qəpik məbləğində bоrcun və ödənilmiş 60,16 (altmış manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 12 ay müddətinə,aylıq faiz dərəcəsi 3% müəyyən edilməklə 1500 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında 24 avqust 2009-cu il tarixli 05G000015380 saylı zaminlik müqaviləsi bağlanmış və o, bankla Cavabdeh2 arasında bağlanmış 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Lakin Cavabdeh2 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış,kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır.Hazırda xx.xx.2022-ci il tarixinə cavabdehlərin banka 941,76 manat əsas,115,58 manat faiz və 2958 manat cərimə borcu olmaqla,ümumilikdə 4015,34 manat məbləğində borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə aylıq faiz dərəcəsi 3% olmaqla 1500 manat məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2009-cu il tarixli 05G000015380 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. - İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli 5315 saylı maliyyə arayışından görünür ki,Cavabdeh2 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 941,76 manat əsas borc,115,58 manat faiz borcu və 125,56 manat cərimə borcu olmaqla ümumilikdə,1182,90 manat borc təşkil edir. - X2 ödənilmiş xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 60,16 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli 3033 saylı maliyyə arayışından görünür ki,Cavabdeh2 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 941,76 manat əsas borc,115,58 manat faiz borcu və 2958 manat cərimə borcu olmaqla ümumilikdə,4015,34 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Sadalanan qanunvericilik aktlarına və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,Cavabdeh2 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsi üzrə 941,76 manat əsas borc və 115,58 manat hesablanmış faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd edir ki,cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli,iddia ərizəsində qeyd olunmuş 2958 manat cərimənin məbləği azaldılmalı,29 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2009-cu il tarixli 05G000015380 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Məhkəmə hesab edir ki,zaminlik müqaviləsinin şərtləri AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir.Həmçinin Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki,müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsi üzrə 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir.Buna görə də, AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.Bu halda müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrasının vaxtının hansı andan çatdığıdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsində tərəflər razılaşmışlar ki,borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə,ödəniş cədvəlinə uyğun ödəyir,birinci ödəniş xx.xx.2009-cu il tarixdə,sonuncu ödəniş isə xx.xx.2010-cu il tarixdə həyata keçirilməli idi.Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2010-cu il tarixdə qaytarılmasını razılaşdırmışlar.Beləliklə,məhkəmə hesab edir ki,24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da,iddiaçı zaminə qarşı xx.xx.2011-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş,əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir.Bilavasitə qanundan irəli gəldiyi,eləcə də,bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.Həmçinin məhkəmə qeyd edir ki,zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir.Buna görə də,onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh1 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh1 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60,16 manat pul iddia qismən təmin edildiyindən cavabdehdən 30 manat məbləğində alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 24 avqust 2009-cu il tarixli 05A000015647 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 941,76 (doqquz yüz qırx bir manat yetmiş altı qəpik) manat məbləğində əsas borc,115,58 (bir yüz on beş manat əlli səkkiz qəpik) məbləğində faiz borcu,29 (iyirmi doqquz) manat məbləğində cərimə borcu olmaqla,cəmi 1086,34 (bir on min səksən altı manat otuz dörd qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia zamin Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-128/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-128/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver