Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-128/2024 03.04.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X4 Azərbaycan” QSC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 282,75 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(077)-307/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixli 265631 saylı kredit müqaviləsi üzrə 963,79 manat əsas borc,133,88 manat faiz borcu,16,24 manat cərimə olmaqla, cəmi 1113,91 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. "xxxx" QSC “X2” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx" müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini MMC-yə sifariş etmişdir. “X2” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məhkəmə qətnaməsi üzrə ödənimlməmiş pul borcunun, o cumlədən xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 100 manat və xx.xx.2022-ci il tarixində 45 manatın geri ödənilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait “X2” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən MMC-yə 282,75 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2016-ci il tarixli "xxxx" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X2” MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% və 25% həcmində, yəni ümumilikdə 282,75 manat məbləğində xidmət haqqı ödəmişdir. . Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(077)-307/2020 saylı qətnaməsinin surətindən görünür ki, ilə iddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilərək, cavabdehdən xx.xx.2020-ci il tarixli 265631 saylı kredit müqaviləsi üzrə 963,79 manat əsas borc,133,88 manat faiz borcu,16,24 manat cərimə olmaqla, cəmi 1113,91 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “X4 Azərbaycan” QSC ilə “X2” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx" müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları müqavilələrinə və ya qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli təhvil aktlarının surətindən görünür ki, xx.xx.2016-cı il tarixli "xxxx" müqaviləyə əsasən “X2” MMC Cavabdeh borcun tutulması barədə göstərdiyi xidmətin nəticəsində xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 100 manat və xx.xx.2022-ci il tarixində 45 manat məbləğində pul vəsaitini “X4 Azərbaycan” QSC-yə təhvil verilmişdir. “X4 Azərbaycan” QSC-nin maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən ödənilən cəmi 1143,91 manat “X2” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə bank tərəfindən MMC-yə 282,75 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(077)-307/2020 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2020-ci il tarixli 265631 saylı kredit müqaviləsi üzrə 963,79 manat əsas borc,133,88 manat faiz borcu,16,24 manat cərimə olmaqla, cəmi 1113,91 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. “X4 Azərbaycan” QSC ilə “X2” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx" müqavilənin predmeti (2-ci bənd) üzrə istifadə edilən kreditlərdən yaranan borcların alınması nəzərdə tutulmuşdur, hazırkı iddia tələbi iddiaçı tərəfindən MMC-yə ödənilmiş xidmət haqqının cavabdehdən tutulması barədədir. Bununla belə, məhkəmə qətnaməsinin icrasının “X2” MMC tərəfindən həyata keçirilməsini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, məhkəmə qərarlarının məcburi icrası nəzərdə tutulmuşdur, belə icra tədbirləri icra məmurları tərəfindən həyata keçirilir, bu tədbirlər üzrə könüllü icra müddəti müəyyən olunmuşdur və bu müddətdə icraya görə icra ödənişi alınmır, digər hallarda icra tədbirlərinə görə qanunvericiliklə müəyyən olunmuş məbləğdə icra ödənişi tələb olunur. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, əvvəla, həmin tərəflər arasında yaranmış borc müqaviləsinə görə məhkəmə qətnaməsi çıxarılmış və icraya yönəldilmişdir, həmin icra tədbirlərinə alternativ olaraq hər hansı icra tədbirləri və buna dair zərurət halları iş materialları ilə müəyyən olunmur, digər tərəfdən, xüsusilə də, borcun borcludan (cavabdehdən) alınmasında “X2” MMC-nin rolu müəyyən deyil, o cümlədən həmin ödənişlərin həyata keçirilməsində onun fəaliyyətinə dair hallar sübut olunmur. Məhkəmə, iddiaçının təqdim etdiyi sübutlara münasibətdə qeyd edir ki, “X2” MMC və “X4 Azərbaycan” QSC arasında olan xx.xx.2016-cı il tarixli "xxxx" müqavilə, kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir, belə müqavilələr bağlamaqda və onun şərtlərinin müəyyənləşdirilməsində tərəflər azaddırlar, həmin müqavilə üzrə tərəflər qarşılıqlı öhdəliklər daşıyırlar, onlar müqavilə öhdəlikləri üzrə bir-birlərini məlumatlandırmaqda sərbəstdirlər və hazırkı iş üzrə onların tərtib etdikləri xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli təhvil aktlar da hesabat xarakterli olmaqla ödənişlər və xidmət haqqı barədə məlumatı (borclu müştərilərin etdiyi geri ödənişlərin icra edilərək MMC tərəfindən QSC-yə təhvil verilməsi və qəbul edilməsi) ifadə etməklə, icra tədbirlərinin, o cümlədən də belə ödənişlərin həmin təşkilatın xidmətləri hesabına başa gəlməsi barədə halları təsdiq etmədiyindən, hazırkı tərəflərə münasibətdə formal xarakterlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar icra tədbirləri barədə fəaliyyətdə “X2” MMC-nin iştirakı barədə halları özündə ifadə etmədiyindən, məhkəmə tərəfindən iddia tələbinin təmin olunması üçün nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 451-ci maddəsinə əsasən, borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.3-cü maddəsinə əsasən, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. 560.3.5.4-ci maddəsinə əsasən, müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olduqda hüquqdan sui istifadədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 4.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. 4.3-cü maddəsinə əsasən, bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “282,75 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutulması barədə” iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsiə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı cavabdehdən 282,75 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbi barədə kiçik iddiaya dair ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-128/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-128/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver