Məhkəmə qərarları › İş №e-2(077)-140/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-140/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-140/2025 08.04.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-ci il tarixli, BRCB1495065B299 saylı kredit müqaviləsinə əsasən 2796,23 manat əsas borc, 505,64 manat faiz borcu olmaqla, cəmi 3301,87 manat, xx.xx.2023-cü il tarixli, GTZK4433663B299 saylı kredit müqaviləsinə əsasən 3390,36 manat əsas borc, 291,37 manat faiz borcu olmaqla, cəmi 3681,73 manat, ümumilikdə 6983,60 manat məbləğində borcun və 89,84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-ci il tarixli, BRCB1495065B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə debet kartı verilmiş və xx.xx.2023-ci il tarixli, BRCB1495065B299 saylı əlavə razılaşmaya əsasən onun kartına 59 ay müddətinə 3064 AZN məbləğində kredit vəsaiti mədaxil edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK4433663B299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 19,19 faiz dərəcəsi ilə 4070 AZN məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2023-ci il tarixli, BRCB1495065B299 saylı kredit müqaviləsinə əsasən 2796,23 manat əsas borc, 505,64 manat faiz borcu olmaqla, cəmi 3301,87 manat, xx.xx.2023-cü il tarixli, GTZK4433663B299 saylı kredit müqaviləsinə əsasən 3390,36 manat əsas borc, 291,37 manat faiz borcu olmaqla, cəmi 3681,73 manat, ümumilikdə 6983,60 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan, təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən də, iddiaçı bankdan kredit götürmüşdür və borcunu ödəməkdən imtina etmir. Lakin, birdəfəlik ödəmək imkanı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, BRCB1495065B299 saylı “X2 Kart” müqaviləsinin surətindən görünür ki, bank tərəfindən cavabdehə Birbank debet kartı verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, BRCB1495065B299 saylı “X2 Kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2023-ci il tarixli əlavə razılaşmanın surətindən görünür ki, bank tərəfindən borc alanın kartına 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3064 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK4433663B299 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 48 ay müddətinə illik 19,19 faiz dərəcəsi ilə 4070 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023-ci il tarixli, BRCB1495065B299 saylı kredit müqaviləsinə əsasən 2796,23 manat əsas borc, 505,64 manat faiz borcu olmaqla, cəmi 3301,87 manat, xx.xx.2023-cü il tarixli, GTZK4433663B299 saylı kredit müqaviləsinə əsasən 3390,36 manat əsas borc, 291,37 manat faiz borcu olmaqla, cəmi 3681,73 manat, ümumilikdə 6983,60 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 89,84 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehdən xx.xx.2023-ci il tarixli, BRCB1495065B299 saylı kredit müqaviləsinə əsasən 2796,23 manat əsas borc, 505,64 manat faiz borcu olmaqla, cəmi 3301,87 manat, xx.xx.2023-cü il tarixli, GTZK4433663B299 saylı kredit müqaviləsinə əsasən 3390,36 manat əsas borc, 291,37 manat faiz borcu olmaqla, cəmi 3681,73 manat, ümumilikdə 6983,60 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli, BRCB1495065B299 saylı kredit müqaviləsinə əsasən 2796,23 manat əsas borc, 505,64 manat faiz borcu olmaqla, cəmi 3301,87 (üç min üç yüz bir manat 87 qəpik) manat məbləğində borc, xx.xx.2023-cü il tarixli, GTZK4433663B299 saylı kredit müqaviləsinə əsasən 3390,36 manat əsas borc, 291,37 manat faiz borcu olmaqla, cəmi 3681,73 (üç min altı yüz səksən bir manat 73 qəpik) manat, ümumilikdə 6983,60 (altı min doqquz yüz səksən üç manat 60 qəpik) manat məbləğində borc və 89,84 (səksən doqquz manat 84 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar