Məhkəmə qərarları › İş №e-2(077)-162/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-162/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-162/2023 05.05.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, 338175-1-30631 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” Müştəri ərizəsinə əsasən 4667,92 manat əsas borc, 162,16 manat faiz borcu, 69,90 manat cərimə borcu olmaqla, cəmi 4899,98 manat borcun və 69,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub qəbul edərək, xx.xx.2021-ci il tarixli, 338175-1-30631 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” Müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona istehlak məqsədilə illik 25,90% faiz hesablanması şərti ilə 60 ay müddətinə 4985 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Ümumi şərtləriin 7.25.3-cü bəndinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2023-cü il tarixə 4667,92 manat əsas borc, 162,16 manat faiz borcu, 69,90 manat cərimə borcu olmaqla, cəmi 4899,98 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub qəbul edərək, xx.xx.2021-ci il tarixli, 338175-1-30631 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” Müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona istehlak məqsədilə illik 25,90% faiz hesablanması şərti ilə 60 ay müddətinə 4985 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 338175-1-30631 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” Müştəri ərizəsinə əsasən banka 4667,92 manat əsas borc, 162,16 manat faiz borcu, 69,90 manat cərimə borcu olmaqla, cəmi 4899,98 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 69,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.2-ci maddəsinə əsasənmüqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 1.2-ci bəndinə əsasən, aksept - müştərinin banka təqdim etdiyi ərizə-razılaşmanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.1-ci maddəsinə uyğun olaraq qeyd-şərtsiz qəbul etməsi barədə həmin ərizə-razılaşmada imza etməklə və bankın möhürü ilə təsdiqlənməsi ilə ifadə olunan bankın yazılı cavabıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 338175-1-30631 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” Müştəri ərizəsinə əsasən 4667,92 manat əsas borc, 162,16 manat faiz borcu, 69,90 manat cərimə borcu olmaqla, cəmi 4899,98 ((dörd min səkkiz yüz doxsan doqquz manat 98 qəpik) manat borc və 69,40 (altmış doqquz manat 40 qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar