Məhkəmə qərarları › İş №e-2(077)-18/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-18/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-18/2025 18.03.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı "xxxx"” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1271 manat sığorta ödənişi məbləğinin və 32,71 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən “Mercedes Benz E230” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “Mercedes Benz E230” markalı, **-GO-***dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zaqatala şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Toyota Prius” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1271 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Zaqatala RPİ DYPŞ-nin qərarına əsasən cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan qərarda cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1271 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh məlumat verilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək ödənilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, mülki işə təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Elektron sənəd formasında rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, PAA********** saylı “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi”nin xarici təqdimat formasından görünür ki, X2 məxsus “Mercedes Benz E230” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh “Mercedes Benz E230” markalı, **-GO- *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2021-ci il tarixdə saat 22:10-da Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Zaqatala RPİ DYPŞ-nin arayışından görünür ki, Cavabdeh həqiqətən də sürücülük vəsiqəsi yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə hesbatdan görünür ki, X1 məxsus olan “Toyota Prius” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1271 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 21-06876/12/AA-5833/21 nömrəli sığorta aktından və xx.xx.2022-ci il tarixli, 000075 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 1271 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" ASC Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzinin 10 iş gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 32,71 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, X2 məxsus “Mercedes Benz E230” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən, xx.xx.2021-ci il tarixdə X1 məxsus olan “Toyota Prius” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1271 manat məbləğində maddi zərər vurması, iddiaçı tərəfindən zərərçəkənə 1271 manat sığorta ödənişinin həyata keçirilməsi bununla da, zərərin əvəzini ödəmək tələbinin iddiaçıya keçməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddia təmin edilərək 1271 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1271 (bir min iki yüz yetmiş bir) manat sığorta ödənişi və 32,71 (otuz iki manat 71 qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar