Məhkəmə qərarları › İş №e-2(077)-2/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-2/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-2/2025 11.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2020 manat məbləğində maddi ziyanın, hüquqi xidmətə görə vəkilə ödənilmiş 100 manatın, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat rüsumun və 40,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-LV- *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdehin təqsiri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2020 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də həmin vaxt avtomobili avtoservisdə 2.020 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Cavabdehə dəymiş ziyanın ödənilməsi üçün pretenziya göndərilmiş, lakin yenə də həmin məbləği ödəməmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən icarəyə götürən şəxs nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə, 2.1.5-ci bəndinə görə sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, 2.1.8-ci bəndinə görə isə icarəyə verən şəxsə təhvil verərkən hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Həmçinin, cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 100 manat məbləğində vəkilə əlavə xərc çəkilmişdir ki, bu məbləğin də cavabdehdən alınaraq ona qaytarılması ədalətlidir. Məhkəməyə iddia ərizəsi verilərkən 40,20 manat dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ cavabdehdən tutulub ona verilməlidir. Həmçinin, tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehdən tutulmalı və ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən “Ravon Nexia R3 minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürənə icarəyə vermişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, ƏN-İV № 909479 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixinədək idarə etməyi Cavabdeh etibar etmişdir. Avtoservisin xx.xx.2024-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair akt”ından görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan məbləğ ehtiyat hissələri 820 manat, təmir işləri 1200 manat olmaqla, cəmi 2020 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair xx.xx.2025-ci il tarixli, 9/9327 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “860055252 VÖEN” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən rəsmi diler avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3 minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1720 manat müəyyən edilmişdir. O cümlədən, dəyişilməli hissələrin qiyməti - 820 manat, təmirbərpa işlərinin qiyməti - 900 manat. Mühərrik təmiri və ehtiyat hissələri üzrə mühərrikin hansı hissələrinin dəyişdirilməsi barədə məlumat olmadığından qiymətləndirilmənin aparılması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 40,20 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı vəkil Nümayəndə hesabına 100 manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibarnamənin təsdiqi üçün 17,25 manat haqq tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **- LV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə vermişdir. Cavabdehin istifadəsində olduğu dövrdə həmin avtomobilə Avtoservisin xx.xx.2024-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair akt”a əsasən 2020 manat məbləğində, məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair xx.xx.2025-ci il tarixli, 9/9327 saylı ekspert rəyinə görə isə, 1720 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Ekspert rəyindən göründüyü kimi, mühərrik təmiri və ehtiyat hissələri üzrə mühərrikin hansı hissələrinin dəyişdirilməsi barədə iddiaçı tərəfindən məlumat təqdim olunmadığından qiymətləndirilmənin aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi həmin hissədə əsaslandırılmadığından, dəymiş ziyznın məbləği ilə bağlı ekspert rəyi əsas götürülməli, Cavabdeh istifadəsində olduğu dövrdə “Ravon Nexia R3 minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1720 manat məbləğində maddi ziyanın dəydiyi müəyyən edildiyindən, iddia maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək, 1720 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ, 100 manat hüquqi yardıma görə xidmət haqqı və cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təxminən 85 faiz həcmində təmin edildiyinə görə 40,20 manat dövlət rüsumunun 34,17 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. xx.xx.2025-ci il tarixli, 9/9327 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərinin 42,50 manat hissəsi cavabdehdən, 7,50 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1720 manat maddi ziyan, 100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat rüsum olmaqla, cəmi 1837,25 (bir min səkkiz yüz otuz yeddi manat 25 qəpik) manat pul vəsaiti və dövlət rüsumunun 34,17 (otuz dörd manat 17 qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 42,50 (qırx iki manat 50 qəpik) manat hissəsi Cavabdeh, 7,50 (yeddi manat 50 qəpik) manat hissəsi İddiaçı tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar