Məhkəmə qərarları › İş №e-2(077)-200/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-200/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-200/2025 03.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə 15266,54 manat əsas borc, 3501,24 manat faiz borcu, 382,94 manat cərimə olmaqla, cəmi 19150,72 manat borcun və 149 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə, illik 23% olmaqla 20000 manat məbləğində kredit vermişdir. Zaminlər Cavabdeh1 və Cavabdeh2 həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borcalan Cavabdeh3 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı ona aid bütün öhdəlikləri icrа еtməlidirlər. Hazırda borcalan “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı ASC -dən soğan əkmək məqsədi ilə 20000 manat kredit götürmüşdür. İlk vaxtlar borcunu vaxtlı-vaxtında ödəmişdir. Sonradan iflas olduğu üçün həmin borcu ödəyə bilməmişdir. Hazırda borcu ödəməkdən imtina etmir, lakin maddi vəziyyəti borcu birdəfəlik ödəməyə imkan vermir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Cavabdeh3 qardaşıdır. Qardaşı İddiaçı ASC-dən soğan əkmək məqsədi ilə 20000 manat kredit götürmüş və o da zamin durmuşdur. Hazırda borcu ödəməkdən imtina etmir, lakin maddi vəziyyəti borcu birdəfəlik ödəməyə imkan vermir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Cavabdeh3 qaynıdır. Qaynı İddiaçı ASC -dən soğan əkmək məqsədi ilə 20000 manat kredit götürmüş və o da zamin durmuş.Hazırda borcu ödəməkdən imtina etmir, lakin maddi vəziyyəti borcu birdəfəlik ödəməyə imkan vermir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/66386/90/10 saylı kredit sazişinin surətindən görünür ki, borcverən tərəfindən borcalana 36 ay müddətinə, illik 23% olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Sazişin kredit şərtləri hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər "X2" ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə kreditləşmə və xidmət şərtləri” ilə müəyyən olunur. Şərtlər bu sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. Şərtlərin 6.12-ci bəndinə əsasən, zamin, müqavilədən irəli gələn pul öhdəlikləri (bundan sonra zaminliklə təmin olunan öhdəlik) müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birgə məsuliyyət daşıyır. 6.13-cü bəndinə görə, zaminin tam məsuliyyət daşıdığı zaminliklə təmin edilmiş öhdəliklərə kredit sazişi ilə müəyyən olunan əsas borc, fazilər, dəbbə pulu bundan başqa xidmət haqları, xərclər və dəymiş ziyanın ödənilməsi kimi pul öhdəlikləri daxildir. 6.14-cü bəndinə görə, zamin bəyan edir ki, öz əmlak və maliyyə vəziyyəti barəsində tam və düzgün məlumatı Banka təqdim etmişdir və müqavilə onun, əri/arvadı, uşaqları və himayəsində olan şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Həmçinin, zaminin hüquqları və vəzifələri ayrıca olaraq, Şərtlərin 7.4-cü bəndində geniş təsvir olunmuşdur. xx.xx.2023-cü il tarixli, MK/66386/90/10 saylı kredit sazişi və "X2" ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə kreditləşmə və xidmət şərtləri” borcalan və zaminlər tərəfindən imzalnmışdır. xx.xx.2023-cü il tarixli, MK/66386/90/10 saylı kredit sazişi "X2" ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə kreditləşmə və xidmət şərtləri” ilə birlikdə müqavilə məhfumunu əmələ gətirir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, MK/66386/90/10 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan borcu 15266,54 manat əsas borc, 3501,24 manat faiz borcu, 382,94 manat cərimə olmaqla, cəmi 19150,72 manat təşkil edir. xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 banka olan borc məbləğinin dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 149 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında kredit müqaviləsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında isə zaminlik müqavilələri bağlanmasına baxmayaraq, cavabdehlər həmin müqavilələr ilə üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, 15266,54 manat əsas borc və 3501,24 manat faiz borcunun qalması təsdiq olunmuşdur. Ona görə də, həmin borc məbləği cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 382,94 manat cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan cərimə 82,94 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 98 faiz həcmində təmin edildiyinə görə 149 manat dövlət rüsumunun 146,02 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, MK/66386/90/10 saylı kredit müqaviləsi üzrə 15266,54 manat əsas borc, 3501,24 manat faiz borcu, 82,94 manat cərimə olmaqla, cəmi 18850,72 (on səkkiz min səkkiz yüz əlli manat 72 qəpik) manat borc və dövlət rüsumunun 146,02 (bir yüz qırx altı manat 2 qəpik) manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar