Məhkəmə qərarları › İş №e-2(077)-204/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-204/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-204/2024 14.11.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin,ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 12117,64 manat əsas borc, 2076,12 manat faiz borcu, 478,06 manat cərimə borcu olmaqla, cəmi 14671,82 manat borcun və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişinə əsasən borcalana 36 ay müddətinə, illik 26% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə banka 12117,64 manat əsas borc, 2076,12 manat faiz borcu, 478,06 manat cərimə borcu olmaqla, cəmi 14671,82 manat borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan, təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişinin surətindən görünür ki, bank tərəfindən borc alana 36 ay müddətinə, illik 26% hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişi üzrə banka 12117,64 manat əsas borc, 2076,12 manat faiz borcu, 478,06 manat cərimə borcu olmaqla, cəmi 14671,82 manat borcu qalmışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-204/2024 saylı qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişinə əsasən aparılan ödənişlər nəzərə alınmaqla əsas, faiz və cərimə borcunun müəyyən edilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4833 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət olunan müddətinə İddiaçı ASC-yə olan əsas borcu 12116,54 manat, faiz borcu 2949,03 manat və cərimə borcu 113,42 manat müəyyən edilmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişi əsasında İddiaçı ASC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də 12117,64 manat əsas borc və 2076,12 manat faiz borcunun qalması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan, həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 478,06 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulu 178,06 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2024-cü il tarixli, 9/4833 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 97 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 135 manat dövlət rüsumunun 131 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 97 manat hissəsi cavabdehdən, 3 manat hissəsi isə iddiaçıdan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, CP/88453/87/10 saylı kredit sazişi üzrə 12117,64 manat əsas borc, 2076,12 manat faiz borcu, 178,06 manat cərimə borcu olmaqla, cəmi 14371,82 (on dörd min üç yüz yetmiş bir manat 82 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 131 (bir yüz otuz bir) manat hissəsi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 97 (doxsan yeddi) manat hissəsi Cavabdeh, 3 (üç) manat hissəsi İddiaçı ASC-dən tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar