Məhkəmə qərarları › İş №e-2(077)-234/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-234/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-234/2025 22.09.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Oqtay oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1024 manat məbləğində maddi ziyanın, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat rüsumun və 30,24 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh tərəfindən avtomobil xx.xx.2024-cü il tarixdə avtoservisə gətirilmiş, onun iştirakı ilə avtomobilə baxış keçirilən zaman avtomobilin yüngül qəzalı olduğu və xodovoyunun nasaz olduğu müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilərək, avtomobildə olan nöqsanlar sadalanmışdır. Cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etdiyinə görə aktın surəti ona rəsmi poçt vasitəsi ilə göndərilmişdir. Avtoservis tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1024 manat tələb olunmuşdur. Qüsur aktına əsasən aşağıdakı ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir: Krılo ön sağ, güzgü sağ çöl, arxa sağ stupiça, ön sağ və solstupiçalar, sırğa (peredokda) razvalni balaca, hava şlanqı, alt çaşka, flyans, qranat salniki, razvalni böyük, iç qranatın pılniki. Qüsur aktına əsasən aşağıdakı usta xidmətləri göstərilmişdir: Dəmirçi: ön sağ krılo dəyişilir, qapı döyülür və petləsi nizamlanır, detallar padqon olunur. Rəngsaz: ön sağ qapı, ön sağ krılo, ön bufer və güzgü plasması rənglənir və polirovka olunur (materiallar daxil). Armaturçu/Plasmasçı: zədəli detalların sökülməsi və yenidən yığılması, vetrovik, Podkrilnik və ön sağ faranın nizamlanması. Çilingər: peredokun və ümumi xodovoy hissələrinin detallarının dəyişdirilməsi, yağlanması, cari təmiri və razval olunması. Ehtiyat hissələrinin cəmi məbləği 594 manat, usta xidməti 430 manat təşkil etmişdir. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2024-cü il tarixdə 1024 manat ödəmiş, bundan sonra avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə xx.xx.2025-ci ildə pretenziya göndərilmiş, lakin yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəməyə iddia ərizəsi verilərkən 30,24 manat dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ cavabdehdən tutulub ona verilməlidir. Həmçinin, məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehlərdən tutularaq, ona qaytarılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək ekspert rəyi ilə razı olduğunu göstərmiş, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, onun idarə etdiyi “Ravon” markalı avtomobili sağdan vurmuşdurlar. Ona cərimə yazılmışdır. Əslində təqsir onda olmamışdır. Qüsur aktında yazılanlar da doğru deyil. Polis bölməsində avtomobili sığorta şirkətinin təmir etdirəcəyini bildirmişlər. Maddi imkanı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən “Ravon Nexia R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürənə icarəyə vermişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı**-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixinədək idarə etməyi Cavabdeh etibar etmişdir. Avtoservisin xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan məbləğ ehtiyat hissələri 594 manat, təmir işləri 430 manat olmaqla, cəmi 1024 manat təşkil edir. “X2” MMC-nin məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair xx.xx.2025ci il tarixli, 164 saylı ekspert rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, Cavabdeh istifadəsində olduğu dövrdə “Ravon Nexia R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan avtomaşının amortizasiyası nəzərə alınmaqla, iş materialları əsasında - 805 manat olaraq müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30,24 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə verilmiş etibarnamənin təsdiqi üçün 17,25 manat haqq tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə vermişdir. Cavabdehin istifadəsində olduğu dövrdə həmin avtomobilə Avtoservisin xx.xx.2024-cü il tarixli qüsur akta əsasən 1024 manat məbləğində, məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair xx.xx.2025-ci il tarixli, 164 saylı ekspert rəyinə görə isə, 805 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi həmin hissədə əsaslandırılmadığından, dəymiş ziyanın məbləği ilə bağlı ekspert rəyi əsas götürülməli, Cavabdeh istifadəsində olduğu dövrdə “Ravon Nexia R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 805 manat məbləğində maddi ziyanın dəydiyi müəyyən edildiyindən, iddia maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək, 805 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə 30,24 manat dövlət rüsumunun 26,52 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. xx.xx.2025-ci il tarixli, 164 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 300 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərinin 234 manat hissəsi cavabdehdən, 66 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 805 manat maddi ziyan, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat rüsum olmaqla, cəmi 822,25 (səkkiz yüz iyirmi iki manat 25 qəpik) manat pul vəsaiti və dövlət rüsumunun 26,52 (iyirmi altı manat 52 qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 234 (iki yüz otuz dörd) manat hissəsi Cavabdeh, 66 (altmış altı) manat hissəsi İddiaçı tutulub “X2” MMC, Kapital Bank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFTkod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, AZ64AİİB400900C**********208 nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar