Məhkəmə qərarları › İş №e-2(077)-287/2023

Şuşa Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(077)-287/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-287/2023 10.10.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçınıun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Oqtay oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Oqtay oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 3068 manat məbləğində maddi ziyanın və 100 manat məbləğində nümayəndəyə çəkilmiş xərcin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli AL-218 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinqə verilmiş “Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD№155229 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA046925, tünd boz rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP_5564225 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə növündə tənbeh verilmişdir. “RS” Avtoservis tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 3068 manat tələb olunmuşdur. Lakin cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də avtomobili “RS Avtoservis”-də 3068 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Cavabdeh həmin məbləği ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan: - AD №155229 seriyalı nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-ci il buraxılışlı, tünd boz rəngli “Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. - Lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli AL-218 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, lizinq verən mülkiyyətindəki dəyəri 13800 manat olan “Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. - İcarəyə verən İddiaçı Oqtay oğlu ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən “Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə,gündəlik 20 manat plan ödəməklə icarəyə götürənə icarəyə vermişdir. - xx.xx.2023-cü il tarixli TP_5564225 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 40 manat cərimə tənbehi tətbiq edilmişdir. - “RS” Avtoservisin xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan məbləğ ehtiyat hissələri 1712 manat, təmir işləri 1356 manat olmaqla, cəmi 3068 manat təşkil edir. - "xxxx" MMC-nin direktorunun məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2537 nömrəli məktubundan görünür ki, "xxxx" MMC ilə İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli AL-218 saylı “Daxili lizinq müqaviləsi” üzrə sonuncunun müvəqqəti istifadəsinə verilmiş "Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə əsasında idarə edən Cavabdeh tərəfindən vurulmuş ziyan üzrə təmir-bərpa işləri lizinq alan İddiaçı Oqtay oğlu tərəfindən öz hesabına aparılmışdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Oqtay oğlunun Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı Şuşa Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazı yoxdur. - “MilliÖn” Elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Oqtay oğlu 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı Oqtay oğlu xx.xx.2018-ci il tarixli AL-218 nömrəli daxili lizinq müqaviləsinə əsasən əldə etmiş və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh vermişdir. Cavabdeh həmin avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. “RS” Avtoservisin xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomobilə 3068 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmiş və həmin məbləğ İddiaçı Oqtay oğlu tərəfindən ödənilmişdir. Hazırda iddiaçı avtomobilə dəymiş 3068 manat məbləğində maddi ziyanı və hüquqi yardıma görə ödəmiş olduğu 100 manat xərci cavabehdən tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3068 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı Oqtay oğlu tərəfindən ödənildiyindən, iddia bu hissədə təmin edilərək 3068 manat məbləğində maddi ziyan cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ, 100 manat hüquqi yardıma görə xidmət haqqı Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 51,68 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3068 manat maddi ziyan və 100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla, cəmi 3168 (üç min bir yüz altmış səkkiz) manat pul vəsaiti tutularaq İddiaçı Oqtay oğlunun xeyrinə ödənilsin. Cavabdeh 51,68 (əlli bir manat 68 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şuşa Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar