Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-3/2024 28.03.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixli 058 kredit müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 193.973,58 əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 700,44 faiz borcu olmaqla, cəmi 194.674,02 manat borcun və 485 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda, 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzilə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 058 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 195.500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 143/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzil ipotekaya qoyulmuş və bu barədə bankla Cavabdeh arasında xx.xx.2008ci il tarixli 058/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə **********091 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bankın lisenziyasının ləğvindən əvvəlki dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borcu ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023cü il tarixə cəmi borcu 194.674,02 manat təşkil edir. Bundan 193.973,58 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 700,44 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 058 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc alana 180 ay müddətinə illik 15% olmaqla 195.500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 058/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı otaraq "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 143/R saylı müqavilə əsasında cavabdehin sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Məhkəmənin sorğusuna ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı ASC və Cavabdeh Rasim oğlu arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinin çıxarışı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş mövcud deyildir. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli 058 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə borcu 193.973,58 əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 700,44 faiz borcu olmaqla, cəmi 194.674,02 manat təşkil edir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 485 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2008-ci il tarixli 058 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 193.973,58 əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 700,44 faiz borcu olmaqla, cəmi 194.674,02 manat borcunun qalması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulmasına dair hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda, 7-ci mərtəbəsində yerləşən 58 saylı mənzilin alınması məqsədilə 195.500 manat məbləğində kreditin verilməsi üçün bağlanmış xx.xx.2008-ci il tarixli 058 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təminatı qismində qeyd olunan mənzilin ipoteka ilə yüklü edilməsi barədə tərəflər arasında xx.xx.2008-ci il tarixli 058/1 saylı ipotela müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müqavilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmamış, bu səbəbdən də, ipoteka müqaviləsi qüvvəyə minməmiş və bankın ipoteka predmeti olan mənzilə dair ipoteka hüququ əmələ gəlməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” və digər hissələrdə əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 485 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il tarixli 058 saylı kredit müqaviləsi üzrə 193.973,58 əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 700,44 faiz borcu olmaqla, cəmi 194.674,02 (bir yüz doxsan dörd min altı yüz yetmiş dörd manat 2 qəpik) manat borc və 485 (dörd yüz səksən beş) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində və digər hissələrdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-3/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-3/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver