Məhkəmə qərarları › İş №e-2(077)-301/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-301/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-301/2024 29.10.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli BG/MC saylı borc müqaviləsinə əsasən 5000 manat borcun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manatın və 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində borcverən İddiaçı MMC ilə borcalan Cavabdeh arasında bağlanmış borc müqaviləsin əsasən, borcverən ona məxsus olan 5000 manat məbləğində pul vəsaitini 1 il müddətində qaytarmaq şərti ilə borc olaraq borcalanın mülkiyyətinə verməyi, borcalan isə pul vəsaitini qəbul edib bu müqavilə ilə şərtləndirilmiş müddət ərzində borcverənə geri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək, təhvil-təslim aktı əsasındaxx.xx.2023-cü il tarixində 5000 manat məbləğində pul vəsaitini Cavabdeh versə də, o bugünədək öz öhdəliklərini yerinə yetirməmiş və cəmiyyətin borcunu ödəməmişdir. Bununla bağlı qarşı tərəfə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilsə də, qarşı tərəf yenə də hər hansı bir münasibət bildirməmiş və borcu ödəməkdən yayınmışdır. İddiaçı MMC ilə “Ekol” vəkil bürosunun vəkili Vəkil arasında bağlanmış xx.xx.2024-cü il tarixli, EM-1731VK-4601/24 nömrəli “Hüquqi yardımın göstərilməsi ilə əlaqədar müqavilə”nin 2.1-ci bəndindən görünür ki, 320 manat məbləğ büronun hesabına köçürülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BG/MC saylı borc müqaviləsinin surətindən görünür ki, borcverən ona məxsus olan 5000 manat məbləğində pul vəsaitini 1 il müddətində qaytarmaq şərti ilə borc olaraq borcalanın mülkiyyətinə verməyi, borcalan isə pul vəsaitini qəbul edib bu müqavilə ilə şərtləndirilmiş müddət ərzində borcverənə geri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 3 saylı kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh imza etməklə 5000 manat məbləğində pul vəsaitini cəmiyyətdən təhvil almışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, EM-1731VK-4601/24 nömrəli “Hüquqi yardımın göstərilməsi ilə əlaqədar müqavilə”nin 2.1-ci bəndinə əsasən “Ekol” vəkil bürosunun hesabına 320 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehdən xx.xx.2023-cü il tarixli BG/MC saylı borc müqaviləsinə əsasən 5000 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ, 320 manat hüquqi yardıma görə xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 70 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BG/MC saylı borc müqaviləsinə əsasən 5000 (beş min) manat məbləğində borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar