Məhkəmə qərarları › İş №e-2(077)-358/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-358/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-358/2022 24.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı «Finca Azerbaijan» MM QBKT “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 ilə «Finca Azerbaijan» MM QBKT arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli **********0163 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsini,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4129,23 (dörd min yüz iyirmi doqquz manat iyirmi üç qəpik) manat məbləğində əsas borc,25,43 (iyirmi beş manat qırx üç qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 4154,66 (dörd min yüz əlli dörd manat altmış altı qəpik) manat məbləğində pulun və ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş,lakin onların iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********163 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 4382,86 AZN qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir.Kredit (restrukturizasiya) müqaviləsinin təminatı olaraq bankla Cavabdeh1 arasında 13 sentyabr 2019-cu il tarixli **********0***- ******* saylı zaminlik müqaviləsi imzalanmışdır.Nəticə etibarilə, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "«Finca Azerbaijan» MM QBKT-na 4129,23 manat əsas və 25,43 manat faiz borcu olmaqla,cəmi 4154,66 manat borcu yaranmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada,öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi,xammalın,işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi əsaslı olduğundan təmin edilməli,tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli,cavabdehlərdən müştərək qaydada 4129,23 manat əsas,25,43 manat faiz borcu olmaqla,cəmi 4154,66 manat borc və 62 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin,məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********163 saylı kredit (Restrukturizasiya) Müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4129,23 (dörd min yüz iyirmi doqquz manat iyirmi üç qəpik) manat məbləğində əsas borc,25,43 (iyirmi beş manat qırx üç qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 4154,66 (dörd min yüz əlli dörd manat altmış altı qəpik) manat məbləğində pul və ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar