Məhkəmə qərarları › İş №e-2(077)-359/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-359/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-359/2023 21.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X2" MMC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2016-cı il tarixli, 01-AGT000007429 saylı müqaviləyə əsasən 144 manat əsas borc, 14 manat cərimə olmaqla, cəmi 158 manat, xx.xx.2016-cı il tarixli, 01- AGT000007462 saylı müqaviləyə əsasən 144 manat əsas borc, 14 manat cərimə olmaqla, cəmi 158 manat, ümumilikdə 316 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 01-AGT000007429 saylı müqaviləyə əsasən, cavabdeh alqısatqı qiyməti 164 manat (12 ay x 12 manat + 20 manat ilkin ödəniş), İMEİ kodu **********36257 olan “Huawei Y220” markalı telefon, xx.xx.2016-cı il tarixli, 01-AGT000007462 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 164 manat (12 ay x 12 manat + 20 manat ilkin ödəniş), İMEİ kodu **********27033 olan “Huawei Y220” markalı telefon almışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh hər ay cəmi 24 manat ödəməli olduğu halda heç bir ödəniş etməmişdir. Nəticədə xx.xx.2016-cı il tarixli, 01-AGT000007429 saylı müqaviləyə əsasən 144 manat əsas borc, 14 manat cərimə olmaqla, cəmi 158 manat, xx.xx.2016-cı il tarixli, 01- AGT000007462 saylı müqaviləyə əsasən 144 manat əsas borc, 14 manat cərimə olmaqla, cəmi 158 manat, ümumilikdə 316 manat borcu yaranmışdır. "X2" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən alqı-satqı müqavilələri üzrə cəmi 316 manat borcu cavabdehdən tələbetmə hüququ iddiaçıya keçmişdir. İddiaçı "X2" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 01-AGT000007429 saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, cavabdeh, alqı-satqı qiyməti 164 manat (12 ay x 12 manat + 20 manat ilkin ödəniş), İMEİ kodu **********36257 olan “Huawei Y220” markalı telefon almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 01-AGT000007462 saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, cavabdeh, alqı-satqı qiyməti 164 manat (12 ay x 12 manat + 20 manat ilkin ödəniş), İMEİ kodu **********27033 olan “Huawei Y220” markalı telefon almışdır. Faktor İddiaçı MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R-1449/22 saylı faktorinq müqaviləsinin və müqaviləyə əlavə edilmiş borcluların siyahısının surətindən görünür ki, faktor xx.xx.2016-cı il tarixli, 01-AGT000007429 və xx.xx.2016-cı il tarixli, 01-AGT000007462 saylı alqı-satqı müqavilələri üzrə ödənilməli olan pul məbləğini müştəriyə ödəmiş, müştəri isə borclu Cavabdeh həmin müqavilə üzrə pul vəsaitini tələb etmək hüququnu faktora güzəşt etmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh şirkətə olan borcu xx.xx.2016-cı il tarixli, 01-AGT000007429 saylı müqaviləyə əsasən 144 manat əsas borc, 14 manat cərimə olmaqla, cəmi 158 manat, xx.xx.2016-cı il tarixli, 01-AGT000007462 saylı müqaviləyə əsasən 144 manat əsas borc, 14 manat cərimə olmaqla, cəmi 158 manat, ümumilikdə 316 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC Cavabdeh 5 gün müddətində borcun ödənilməsi, əks halda borcun ödənilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh İddiaçı MMC-yə xx.xx.2016-cı il tarixli, 01-AGT000007429 saylı müqaviləyə əsasən 144 manat və xx.xx.2016cı il tarixli, 01-AGT000007462 saylı müqaviləyə əsasən 144 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan dəbbə pulu xx.xx.2016-cı il tarixli, 01-AGT000007429 saylı müqavilə üzrə 4 manat və xx.xx.2016-cı il tarixli, 01- AGT000007462 saylı müqavilə üzrə 4 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 93 faiz həcmində təmin edildiyinə görə 30 manat dövlət rüsumunun 27,90 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 01-AGT000007429 saylı müqaviləyə əsasən 144 manat əsas borc, 4 manat cərimə olmaqla, cəmi 148 manat, xx.xx.2016-cı il tarixli, 01- AGT000007462 saylı müqaviləyə əsasən 144 manat əsas borc, 4 manat cərimə olmaqla, cəmi 148 manat, ümumilikdə 296 (iki yüz doxsan altı) manat məbləğində pul və 27.90 (iyirmi yeddi manat 90 qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar