Məhkəmə qərarları › İş №e-2(077)-381/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-381/2023

26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-381/2023 26.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5500 manat maddi ziyan, 550 manat əldən çıxmış fayda olmaqla, cəmi 6050 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2021-ci ilin dekabr ayında ondan əlillik dərəcəsinin yoxlanması üçün keçirilən tibbi-sosial ekspert kommisiyasının yoxlanışından keçmək üçün 5500 manat almış və öz ehtiyaclarına xəcləyərək ona xeyli miqdarda maddi ziyan vurmuşdur. 1-ci Qarabağ müharibəsinin veteranı və 2-ci qrup Qarabağ əlili kimi hər beş ildən bir Tibbi Sosial Ekspert komissiyasının yoxlanışından keçməli idi. Yoxlanış 2021-ci ilin oktyabr ayında olmalı idi. Bir çox əlilliiyə görə təqaüd alan tanışlarının yoxlamadan sonra təqaüdləri kəsildiyindən, müayinədən keçə bilməməsindən və təqaüd almaqdan mərhum olmaqdan narahat olduğu üçün həkim işləyən Sevinc adlı tanışından kömək edə biləcək bir şəxslə onu tanış etməsini xahiş etmiş, o da onu Cavabdehla tanış etmiş, sonuncu ona kömək edəcəyini bildirmişdir. Əlillik təqaüdü ləğv olunduqdan sonra ona müraciət edərək kömək etməsini xahiş etmiş, Cavabdeh 5500 manat müqabilində əlillik təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayında onunla yaşadığı Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 4də görüşərək 5500 manat pulu ona vermiş, xeyli müddət keçdikdən sonra Cavabdehla əlaqə saxlamağa çalışsa da, müxtəlif bəhanələrlə ondan qaçaraq aldatmağa çalışmışdır. Əlillik təqaüdünün bərpa edilməməsini gördükdə ondan pulunun qaytarılmasını tələb etsə də, pulu qaytarmamış və onunla əlaqəni tamamilə kəsilmişdir. 2023-cü ilin yanvar ayında məcbur olub Azərbaycan Respublikası DİN- nə müraciət etmiş, Cavabdeh Azərbaycan Respublikası CMnin 178.2.2,178.2.4. maddələri ilə təqsirli bilinərək 2 il 6 ay 28 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin hökmü ilə onun təqsirli olması tam olaraq sübuta yetirilmiş, ona verdiyi 5500 manat pulu dələduzluq yolu ilə əldə edərək mənimsədiyi və öz ehtiyaclarına xərclədiyi aydın olmuşdur. Azərbaycan Respublikası MM-nin 21.2 maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqunun bərpa etmək üçün çəkdiyi xərcləri və ya çəkməli oiduğu xərclər, əmlakdan mərhum edilməsi,əmlakın zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 448-ci maddəsinə əsasən bu ən azı əldən çıxmış məbləğin 5%-ni təşkil edir. İki il ərzində isə bu məbləğ 550 manata bərabərdir. Ona görə də, Cavabdeh cəmi 6050 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, o, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-701/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə X1 əlilliyə görə dövlət təqaüdü verilməsini təşkil edə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron düşərgəsində sonuncunun 7500 manat və xx.xx.2019-cu il tarixdə yenə eyni ünvanda 4000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş X1 xeyli miqdarda, yəni ümumilikdə 11500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə İddiaçı əlillik dərəcəsinin yoxlanılması üçün keçirilən tibbi sosial ekspert komisiyasının yoxlanışından keçərək növbəti illərdə də təqaüd almasını, əlillik dərəcəsinin ləğv olunmamasını təşkil edə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, 2021-ci ilin dekabr ayında, ünvan 2 ünvanında 5500 manat pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş İddiaçı xeyli miqdarda, yəni 5500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İddiaçı təxminən 2021-ci ilin avqust ayının əvvəlləri, Bakı şəhəri, Kardiologiya İnstitutunda həkim işləyən Sevinc adlı xanım vasitəsi ilə tanımışdır. O, Sevincə əlillik təqaüdü kəsilmiş istənilən şəxsin əlillik təqaüdünü bərpa etdirmək imkanları olduğunu bildirmiş, bu səbəbdən də Sevinc İddiaçı onunla tanış etmişdir. 2021-ci ilin avqust ayında Əmirxanla onun arasında olan söhbət zamanı Əmirxan müharibədə iştirakı nəticəsində ikinci dərəcəli əlil olduğunu, 2021-ci ilin oktyabr ayında əlillik dərəcəsinin yoxlanılması məqsədi ilə tibbi-sosial ekspert komissiyasının müayinəsindən keçəcəyini, ancaq müayinədən keçdikdən sonra əlillik təqaüdünün kəsiləcəyindən narahat olduğunu bildirib, TSEK-nın müayinəsindən keçməkdə Əmirxana köməklik etməsini ondan xahiş etmişdir. O, tanışlarının vasitəsi ilə 5000 manat müqabilində Əmirxana köməklik edə biləcəyini bildirmişdir. İddiaçı onunla razılaşmış və 2021ci ilin avqust ayının sonları Əmirxan ona çatdırması üçün Sevincə 5000 manat vermiş və Sevinc də həmin məbləği taksi ilə ona göndərmişdir. Adını bilmədiyi taksi sürücüsü sözügedən 5000 manat pulu Bakı şəhəri 20 Yanvar ərazisində ona çatdırmışdır. Ancaq təxminən 7 gün sonra Sevinc ona zəng edərək Əmirxanın “işi”ni həll etməsi üçün ona göndərdiyi 5000 manat pulu qaytarmasını xahiş etmiş və o, həmin məbləği X3 göndərmişdir. Əmirxan 2021-ci ilin oktyabr ayında TSEK-nin müayinəsindən keçdikdən sonra əlillik təqaüdü kəsildiyi üçün Əmirxan yenidən ona müraciət edərək əlillik təqaüdünün bərpa olunmasında köməklik etməsini xahiş etmişdir. O, Əmirxanın əlillik təqaüdünün bərpa olunmasının, əlillik dərəcəsinin ləğv olunmamasının təşkil edilməsinin çətin iş olduğunu demiş və tanışları vasitəsi ilə 5500 manat müqabilində həll etdirəcəyini bildirmişdir. Əmirxan onunla razılaşmış və 2021-ci ilin dekabr ayında Əmirxanın yaşadığı ünvan 2 ünvanında Əmirxandan 5500 manat pul almışdır. Maddi ehtiyacları olduğundan Əmirxandan aldığı 5500 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Hökmlə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, iş üzrə zərər çəkmiş şəxslərə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh əlillik təqaüdünün bərpa olunması məqsədi ilə İddiaçı 5500 manat məbləğində pul alaraq, əvəzində heç bir iş görməmiş, həmin pulu, özünün də etiraf etdiyi kimi, şəxsi ehtiyacları üçün xərcləmiş, iddiaçının tələblərinə məhəl qoymayaraq, pul vəsaitini qaytarmaqdan imtina etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsi əsassız varlanmanı mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsaslarından biri olaraq təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasiar nəticəsində əmələ gəlməsi halları istisna olməola. öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, mülki qanunvericilikdə zərər vurulması (mülki hüquq pozuntusu) öhdəliyin yaranma əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara əsasən Cavabdeh tərəfindən dələduzluq yolu ilə İddiaçı 5500 manat məbləğində ziyan vurulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 5500 manat məbləğində maddi ziyan və həmin məbləğin iki il müddətində qaytarılmamasına görə illik 5% olmaqla 550 manat məbləğində faiz məbləği cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə olunmuş M/V seriyalı, 016158 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 80,50 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrin rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5500 manat maddi ziyan, həmin məbləğə illik 5%-lə hesablanmış 550 manat faiz məbləği olmaqla, cəmi 6050 (altı min əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh 80,50 (səksən manat 50 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar