Məhkəmə qərarları › İş №e-2(077)-382/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-382/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-382/2023 07.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, İK-108881/22 saylı kredit müqaviləsi üzrə 10306,90 manat əsas borc, 899,09 manat faiz borcu, 738,42 manat cərimə olmaqla, cəmi 11944,41 manat borcun və 125,84 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, TuranBank ASC-nin “Abşeron” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-108881/22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə 11200 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə borcu 10306,90 manat əsas borc, 899,09 manat faiz borcu, 738,42 manat cərimə olmaqla, cəmi 11944,41 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nüma¬yəndəsinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-108881/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc verən tərəfindən borc alana illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə 11200 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh ona ayrılmış 11200 manat məbləğində krediti imza etməklə qəbul etmişdir. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, İK- 108881/22 saylı kredit müqaviləsi üzrə banka 10306,90 manat əsas borc, 899,09 manat faiz borcu, 738,42 manat cərimə olmaqla, cəmi 11944,41 manat borcu qalmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 125,84 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, İK- 108881/22 saylı kredit müqaviləsi əsasında İddiaçı ASC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də 10306,90 manat əsas borc və 899,09 manat faiz borcunun qalması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan, həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 738,42 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulu 38,42 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 94 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 125,84 manat dövlət rüsumunun 118,29 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, İK-108881/22 saylı kredit müqaviləsi üzrə 10306,90 manat əsas borc, 899,09 manat faiz borcu, 38,42 manat cərimə olmaqla, cəmi 11244,41 (on bir min iki yüz qırx dörd manat 41 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 118,29 (bir yüz on səkkiz manat 29 qəpik) manat hissəsi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar