Məhkəmə qərarları › İş №e-2(077)-399/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-399/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-399/2023 12.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 4606,70 manat məbləğində pul vəsaitinin və 66,07 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Visa Debit kartı müqaviləsinə əsasən verilmiş 4189********7346 kart və **********0944-399421 hesabı üzrə borc aşağıdakı səbəblərdən yaranmışdır. xx.xx.2022-ci il tarixində saat 16:18-də X1 üzrə 4699,2 manat (4680 AZN (ana məbləği) + 19,2 (komissiya)) məbləğində əməliyyat aparılmışdır. Həmin əməliyyat məbləği xx.xx.2022-ci il tarixində hesaba geri əlavə olunmuşdur. Qarşı tərəfə vəsait uğurla mədaxil olunması səbəbindən vəsait hesabından silinmişdir və nəticədə overdraft borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixinə borcu 4606,70 manat təşkil edir. Bank tərəfindən cavabdehə bu barədə xx.xx.2022-ci il tarixli, RBxx-xx/1318 saylı və xx.xx.2023-cü il tarixli, RB13-1697 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 4606,70 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Bununla da, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Eləcə də, Cavabdeh əsassız varlanma halı onunla sübut olunur ki, cavabdeh həmin məbləğin ona məxsus olmamasını bilə-bilə onu kartdan çıxarmış və çıxarmasından da əlavə onu bu günə kimi banka geri qaytarmaqdan imtina etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kartmane” xidməti üzrə müqavilənin surətindən görünür ki, müqavilənin predmetini bank tərəfindən müştəriyə “Kartmane” xidməti üzrə cari hesabın (bundan sonra “Kartmane hesabı” adlandırılacaq) açılması, həmin hesabda müştərinin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesabla bağlı kartın verilməsi, hesabdakı qalığa bu müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsi üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1.17-ci bəndinə əsasən akseptsiz və ya təkrar silinmə valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən bankın və müştərinin iradəsi xaricində kart hesabında yaranan mənfi qalıq, borc və öhdəliklər texniki (icazə verilməmiş) overdraft adlanır. 8.2-ci bəndinə görə, bank müştərinin kart hesabına əsassız olaraq, səhvən daxil edilmiş pul vəsaitini, artıq ödənilən məbləği və digər texniki overdraft məbləğini, həmçinin bu müqavilədə nəzərdə tutulmayan hallarda səhvən kart hesabına köçürülmüş müştəriyə məxsus olmayan istənilən digər vəsaiti, müştərinin sərəncamı olmadan bankdakı istənilən hesabından akseptsiz qaydada silir. 8.3-cü bəndinə görə, müştəri bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər texniki overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti banka bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə bankın həmin məbləği müştərinin bankda olan istənilən hesabından (cari, depozit və s.) akseptsiz qaydada silmək hüququ yaranır və bu müqaviləni imzalamaqla müştəri buna oz razılığını bildirir. 8.4-cü bəndinə görə, müştəri, kart hesabı üzrə yaranan overdraft borcunu, bu haqda bankdan məlumat alan tarixdən etibarən 30 təqvim günü müddətində banka ödəməyi oz öhdəsinə goturur. 8.5-ci bəndinə görə isə, kart hesabı üzrə overdraft yarandığı təqdirdə, bu haqda müştəriyə telefon, e-mail və ya SMS vasitəsilə məlumat verilir. Müştəri overdraft uzrə yaranan borcu banka overdraftın yarandığı gündən etibarən 30 təqvim gunu ərzində ödəməzsə, bu halda, bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi oz öhdəsinə goturur. Məhkəməyə təqdim edilmiş Cavabdeh məxsus kart əməliyyatları üzrə AZ76RBTA**********0944399421 saylı hesabdan çıxarışdan görünür ki, iddiaçı bank tərəfindən açılmış hesab üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 4606,70 manat məbləğində texniki overdrafta yol verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, RBxx-xx/1318 saylı və xx.xx.2023-cü il tarixli, RB13-1697 saylı bildiriş məktubların surətindən görünür ki, bank tərəfindən cavabdehə artıq xərclənmiş pulun 3 iş günü ərzində geri qaytarılması tələb edilmiş, əks təqdirdə, həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 66,07 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-cimaddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuniəsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimiəldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kartmane” xidməti üzrə müqavilə çərçivəsində xx.xx.2022-ci il tarixində saat 16:18-də X1 üzrə 4699,2 manat (4680 AZN (ana məbləği) + 19,2 (komissiya)) məbləğində əməliyyat aparılması, həmin əməliyyat məbləğinin xx.xx.20222-ci il tarixində cavabdehin hesabına geri əlavə olunması və nəticədə 4606,70 manat məbləğində overdraft borcunun yaranması, müqavilənin şərtlərinə əsasən, həmin məbləğin banka geri qaytarılmalı olmasını, ona məxsus olmamasını bilə-bilə onu kartdan çıxarması, edilmiş rəsmi xəbərdarlıqlara baxmayaraq, banka geri qaytarmaqdan imtina etməsi təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərək, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4606,70 (dörd min altı yüz altı manat 70 qəpik) manatı məbləğində pul vəsaiti və 66,07 (altmış altı manat 07 qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar