Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-407/2024 19.12.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, 331550-CNS-44418 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən 7885,06 manat əsas borc, 94,21 manat faiz borcu, 207 manat cərimə olmaqla, cəmi 8186,27 manat məbləğində borcun və 101,86 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 331550-CNS-44418 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən borcalanın xx.xx.2023-cü tarixə banka olan borcu kapitallaşdırılaraq xx.xx.2021-ci il tarixli, 331550-1-26772 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 3 faiz hesablanması şərti ilə 59 ay müddətinə 7885,06 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 7885,06 manat əsas borc, 94,21 manat faiz borcu, 207 manat cərimə olmaqla, cəmi 8186,27 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etdiyini, maddi vəziyyəti ilə əlaqədar ödənişlər edə bilmədiyini bildirmişdir. Hazırda borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 331550-CNS- 44418 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”nin surətindən görünür ki, bank tərəfindən borcalanın xx.xx.2023-cü tarixə banka olan borcu kapitallaşdırılaraq xx.xx.2021ci il tarixli, 331550-1-26772 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 3 faiz hesablanması şərti ilə 59 ay müddətinə 7885,06 manat məbləğində kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, 331550-CNS-44418 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən Cavabdeh İddiaçı ASC-yə 7885,06 manat əsas borc, 94,21 manat faiz borcu, 207 manat cərimə olmaqla, cəmi 8186,27 manat borcu vardır. - Qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 101,86 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 331550-CNS-44418 saylı “Borcun restrukturizasiyasına dair müqavilə” üzrə 7885,06 manat əsas borc və 94,21 manat faiz borcunun qalması təsdiq olunduğundan iddia tələbi həmin borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 207 manat məbləğində cərimənin azaldılaraq 27 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 97 faiz həcmində təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 101,86 manat dövlət rüsumunun 98,80 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7885,06 manat əsas borc, 94,21 manat faiz borcu, 27 manat cərimə olmaqla, cəmi 8006,27 (səkkiz min altı manat 27 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 98,80 (doxsan səkkiz manat 80 qəpik) manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-407/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-407/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver