Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-42/2024 27.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC kiçik iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, BNK5773798 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1288 manat əsas borc, 200 manat cərimə olmaqla, cəmi 1488 manat borcun, xx.xx.2019-cu il tarixli, MPKE5803713 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2160 manat əsas borc, 300 manat cərimə olmaqla, cəmi 2460 manat borcun, ümumilikdə 3948 manat borcun və 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müddəti 12 ay olmaqla xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1650 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1288 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 15456 manat faiz borcu yaranmışdır (1288 manat x 1200 gün x 1%=15456 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh ilə aralarında bağlanmış müddəti 15 ay olmaqla xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 2539 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 2160 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 29808 manat faiz borcu yaranmışdır (2160 manat x 1020 gün x 1%=29808 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 manat məbləğində tələb edir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-42/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, İddiaçı MMC-dən müqavilə əsasında 2 ədəd məişət avadanlığı almışdır. Müqavilə üzrə 1-2 dəfə ödəniş etmişdir. 4 ildən artıqdır ki, heç bir ödəniş etməmişdir. Həmin müddət ərzində İddiaçı MMC tərəfindən ona heç bir xəbərdarlıq bildirişi göndərilməmişdir və iddia müddəti ötürülmüşdür. Odur ki, iddia tələblərinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasından iştirak edən Cavabdeh iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BNK5773798 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 1650 manat məbləğində məişət avadanlığını satmış, alıcı isə 102 manat ilkin ödəniş etdikdən sonra, qalan 1548 manatı 12 ay müddətinə hər ay 129 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən borclu müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində cərimə faizi ödəməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MPKE5803713 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 2539 manat məbləğində məişət avadanlığını satmış, alıcı isə 49 manat ilkin ödəniş etdikdən sonra, qalan 2490 manatı 15 ay müddətinə hər ay 166 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən borclu müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində cərimə faizi ödəməlidir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, BNK5773798 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1288 manat və xx.xx.2019-cu il tarixli, MPKE5803713 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2160 manat əsas borcu vardır. Qəbzlərdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BNK5773798 saylı və xx.xx.2019-cu il tarixli, MPKE5803713 saylı müqavilələrin “borc müqaviləsi” adlandırılmasına baxmayaraq, əslində tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, BNK5773798 və xx.xx.2019-cu il tarixli, MPKE5803713 saylı müqavilələrin bağlanması, cavabdehin müqavilələr üzrə müvafiq olaraq 1288 manat və 2160 manat əsas borcunun qalması təsdiq edilmişdir. Bununla yanaşı, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BNK5773798 saylı müqavilənin icra müddəti xx.xx.2020-ci il tarixə qədər müəyyən olunmuşdur. Belə olan halda üç illik müddətin axımı həmin tarixdə başlayaraq xx.xx.2023-cü il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2023-cü il tarixdə verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, MPKE5803713 saylı müqavilə üzrə 2160 manat məbləğində əsas borc İddiaçı MMC-nin xeyrinə tutulmalı, xx.xx.2019-cu il tarixli, BNK5773798 saylı müqavilə üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, həmin müqavilə üzrə pulun tutulması tələbinə iddia müddəti tətbiq edilərək, iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə xx.xx.2019-cu il tarixli, MPKE5803713 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 300 manat məbləğində cərimə alınması tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrin qeyd hissəsində əsas borc məbləğinin vaxtında qaytarılmamasına görə faizlərin ödənilməsi qeyd edilsə də, əslində bu, dəbbə pulunun ödənilməsi kimi qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli, MPKE5803713 saylı nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan dəbbə pulu 100 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə dövlət rüsumunun 28 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tuturaq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, MPKE5803713 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2160 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 2260 (iki min iki yüz altmış) manat məbləğində borc və dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-42/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-42/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver