Məhkəmə qərarları › İş №e-2(077)-433/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-433/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-433/2021 15.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 272,60 (iki yüz yetmiş iki manat altmış qəpik) manat qalıq borc,227 (iki yüz iyirmi yeddi) manat cərimə borcu olmaqla,cəmi 499,60 (dörd yüz doxsan doqquz manat altmış qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 11.08.2018-ci il tarixli BNK05269 saylı nisyə satış müqaviləsinə əsasən satıcı alqı-satqı qiyməti 598,60 manat olan “Samsung” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 12 ay müddətinə ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Hazırda cavabdehin 27.09.2021-ci il tarixinə 272,60 manat qalıq və 931 gecikmiş günə hesablanmış 227 manat məbləğində cərimə borcu vardır.Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilmiş,lakin heç bir nəticəsi olmamışdır. Ona görə də,hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən,ərizənin qəbulundan imtina olunmamışdırsa,onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir.Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 15 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə,Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur,mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında,məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.08.2018-ci il tarixli BNK05269 saylı nisyə satış müqaviləsindən görünür ki,satıcı alqı-satqı qiyməti 598,60 manat olan “Samsung” markalı telefonu alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - 11.08.2018-ci il tarixli BNK05269 saylı nisyə satış müqaviləsinə 1 saylı Əlavədən görünür ki,Cavabdeh 11.08.2018-ci il tarixli BNK05269 saylı müqavilə üzrə almış olduğu avadanlığın qiymətini 11.09.2018-ci il tarixdən başlayaraq hər ay 46 manat, sonuncu ay 42,60 manat ödəniş etməklə 11.08.2019-cu il tarixədək ödəməli idi. - təhvil-təslim aktından görünür ki, İddiaçı MMC 11.08.2018-ci il tarixli BNK05269 saylı nisyə satış müqaviləsində nəzərdə tutulan “Samsung” markalı telefonu 11.08.2018-ci il tarixdə alıcıya təhvil vermiş və alıcı tərəfindən satılmış malın texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə göndərilmiş 08.10.2021-ci il tarixli bildiriş məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - İddiaçı MMC-nin 27.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 11.08.2018-ci il tarixli BNK05269 saylı nisyə satış müqaviləsinə əsasən 272,60 manat qalıq borcu və 931 gecikmiş günə hesablanmış 227 manat cərimə borcu olmaqla,cəmi 499,60 manat borcu vardır. - X2 ödənilmiş 13.10.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə,belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə,tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 272,60 manat məbləğində qalıq borc müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 227 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 22 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə,tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 11.08.2018-ci il tarixli BNK05269 saylı nisyə satış müqaviləsinə əsasən 272,60 manat qalıq borc,22 manat cərimə borcu olmaqla,cəmi 294,60 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunu İddiaçı MMCnin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220,284-1-284-6 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11.08.2018-ci il tarixli BNK05269 saylı nisyə satış müqaviləsinə əsasən 272,60 (iki yüz yetmiş iki manat altmış qəpik) manat qalıq borc,22 (iyirmi iki) manat cərimə borcu olmaqla,cəmi 294,60 (iki yüz doxsan dörd manat altmış qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar